
Dünyada enerji bazarlarında baş verən dəyişikliklər və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri dövlətləri ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji resurslarına daha çox diqqət ayırmağa sövq edir. Bu prosesdə Azərbaycan da özünün zəngin neft-qaz potensialını “yaşıl enerji” imkanları ilə tamamlayaraq yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Məhz bu strategiyanın ən mühüm elementlərindən biri Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan və Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək Qara dəniz kabeli layihəsidir.
“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” kimi də tanınan bu nəhəng infrastruktur layihəsi Azərbaycanın, Gürcüstanın, Rumıniyanın və Macarıstanın strateji tərəfdaşlığı əsasında həyata keçirilir. 2022-ci ilin dekabrında Buxarestdə imzalanmış sazişə əsasən, Azərbaycanda istehsal olunacaq bərpa olunan elektrik enerjisi Gürcüstan üzərindən Qara dənizin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Rumıniyaya, oradan isə Avropanın vahid enerji sisteminə ötürüləcək. Avropa İttifaqı da bu təşəbbüsü enerji təhlükəsizliyi baxımından prioritet layihələrdən biri kimi qiymətləndirir.
Layihənin texniki göstəriciləri onun nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Təxminən 1200 kilometr uzunluğa malik olacaq kabelin 1100 kilometrdən çox hissəsi Qara dənizin dibi ilə keçəcək və bu, onu dünyanın ən uzun sualtı elektrik kabeli layihələrindən birinə çevirəcək. İlkin mərhələdə 1000–1300 meqavat gücündə elektrik enerjisinin ötürülməsi planlaşdırılır, gələcəkdə isə ötürmə qabiliyyətinin daha da artırılması nəzərdə tutulur. Layihə çərçivəsində enerji kabeli ilə paralel optik-lif rabitə xəttinin də çəkilməsi planlaşdırılır ki, bu da regionun rəqəmsal əlaqələrinin inkişafına əlavə töhfə verəcək.
Azərbaycan üçün bu layihənin əhəmiyyəti təkcə yeni ixrac marşrutunun yaradılması ilə məhdudlaşmır. Ölkə son illərdə Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması, günəş elektrik stansiyalarının tikintisi və yaşıl enerji zonalarının formalaşdırılması istiqamətində genişmiqyaslı addımlar atır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, eləcə də Xəzərdə reallaşdırılan külək enerjisi layihələri gələcəkdə ixrac ediləcək elektrik enerjisinin əsas mənbələrindən biri olacaq. Qara dəniz kabeli isə bu potensialı Avropa bazarına çıxarmaq üçün etibarlı enerji körpüsü rolunu oynayacaq.
Qara dəniz kabeli Gürcüstan və Azərbaycandan Avropaya yaşıl enerji ixracını asanlaşdıracaq və planlaşdırılan fiber-optik komponent vasitəsilə rəqəmsal bağlantını gücləndirəcək. Beynəlxalq konsaltinq şirkəti olan PMCG-nin veb saytında bildirilib ki, bu barədə şirkətin vitse-prezidenti Zviad Xarebava Konrad Adenauer Fondu (KAS) və Bolqarıstan hakimiyyəti tərəfindən təşkil edilən Burqas Bağlantı Forumu 2026-dakı əsas çıxışında bildirib (Trend.az).
Forumda Xarebava "Gürcüstan Strateji Enerji Tranzit Mərkəzi kimi: Xəzər dənizini Avropa ilə birləşdirir" mövzusunda əsas çıxışında Gürcüstanın Cənubi Qafqaz və Mərkəzi Asiyanı mövcud və inkişaf etməkdə olan enerji dəhlizləri vasitəsilə Avropa bazarları ilə birləşdirməkdə artan rolunu qeyd edib. Z.Xarebava Gürcüstanın Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Qaz Boru Kəməri boru kəmərləri də daxil olmaqla əsas regional infrastruktur marşrutları vasitəsilə Xəzər nefti və qazı üçün tranzit ölkə kimi artıq bəlli rolundan danışıb. O, həmçinin Gürcüstanın enerji sektoruna, bərpa olunan enerji potensialına və gələcək enerji birləşdirmə layihələrinin strateji əhəmiyyətinə toxunub. Təqdimatda xüsusilə Gürcüstanı Rumıniya və Macarıstanla birləşdirəcək planlaşdırılan yüksək gərginlikli sualtı elektrik xətti olan Qara Dəniz Enerji Kabeli layihəsinə diqqət yetirilib. PMCG-nin məlumatına görə, layihənin Gürcüstan və Azərbaycandan Avropaya yaşıl enerji ixracını asanlaşdıracağı və planlaşdırılan fiber-optik komponent vasitəsilə rəqəmsal bağlantını gücləndirəcəyi gözlənilir. Z.Xarebava həmçinin Mərkəzi Asiyada bərpa olunan enerji istehsalını Cənubi Qafqazla və Gürcüstan vasitəsilə Avropa bazarları ilə əlaqələndirə biləcək Xəzər Yaşıl Enerji Dəhlizinin daha geniş potensialını vurğulayıb: "Bu, Gürcüstanı enerji təhlükəsizliyi, bazar inteqrasiyası və davamlı artım üçün vacib regional platforma kimi təqdim edir."
Burqas Bağlantı Forumu 2026-nın Cənub-Şərqi Avropa və Qara dəniz bölgəsinin gələcəyini formalaşdıran strateji infrastruktur, enerji, nəqliyyat və əməkdaşlıq prioritetləri üzrə dialoq üçün vacib platformaya çevrildiyi vurğulanır.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən meta-tədqiqatlara görə, Azərbaycan və Gürcüstandan Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan Qara Dəniz Enerji Kabeli layihəsi enerji bazarlarının birləşdirilməsi istiqamətində mühüm strateji addımdır. Enerji bazarlarının birləşdirilməsində mühüm strateji addım, 2025-ci ilin dekabr ayında ortaq maraq doğuran layihələrin ikinci siyahısına (PCI/PMI siyahısı) daxil edilmiş Gürcüstandan Rumıniyaya planlaşdırılan sualtı enerji kabelidir. Bu, hər iki enerji sisteminin balanslaşdırılmasını və hər iki tərəfdə daha çox bərpa olunan enerji mənbələrinin inteqrasiyasını asanlaşdıracaq. Layihənin 2030-cu illərin əvvəllərində həyata keçirilməsi gözlənilir. Lakin, bu əlaqədən maksimum dərəcədə istifadə etmək üçün daxili şəbəkələrin gücləndirilməsi, xüsusən də Rumıniya və Bolqarıstanda (məsələn, Dobrujada və Dunay çayının o tayında) daha güclü 400 kV-luq ötürücü xətlərin çəkilməsi zəruridir. Bu bazarlararası əlaqələri fiziki olaraq həyata keçirmək üçün region həmçinin irimiqyaslı enerji obyektlərinin yerləşdirilməsi üçün zəruri logistika infrastrukturunu inkişaf etdirir.
Analitiklər qeyd edirlər ki, Gürcüstanda Batumi və Poti limanlarının, eləcə də Anaklia dərin su limanı layihəsinin modernləşdirilməsi strateji olaraq sualtı kabelinin quraşdırılması və bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün tələb olunan ağır avadanlıqların qəbulunu təmin etməyə yönəlib. Sənəddə qeyd olunur ki, "Bolqarıstan və Rumıniyanın Konstansa və Varna limanlarını modernləşdirdiyi Avropa Qara dəniz sahillərində də oxşar logistika hazırlığı inkişaf etdirilir. Bu mərkəzləri ağır qaldırıcı lövbərlər və dəniz külək enerjisi komponentləri üçün ixtisaslaşdırılmış saxlama qurğuları ilə təchiz etməklə, bu ölkələr enerji bazarlarını birləşdirəcək fiziki dəhlizlərin qurulması üçün zəruri olan sinxronlaşdırılmış sənaye ekosistemini yaradırlar".
2024-cü ilin sentyabr ayında Rumıniya ötürmə sistemi operatoru Transelectrica, Gürcüstan operatoru Georgian State Electrosystem, Azərbaycanın enerji şirkəti AzerEnerji və Macarıstanın enerji şirkəti MVM şirkəti Qara dənizin dibi boyunca sualtı kabel çəkmək üçün birgə müəssisə qurub. Avropa üçün də layihənin strateji əhəmiyyəti böyükdür. Son illərdə enerji təchizatının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin payının artırılması Avropa İttifaqının əsas prioritetlərinə çevrilib. Azərbaycan vasitəsilə yaradılan yeni yaşıl enerji dəhlizi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, karbon emissiyalarının azaldılmasına və qitənin “yaşıl keçid” strategiyasının həyata keçirilməsinə mühüm dəstək verəcək. Təsadüfi deyil ki, layihə artıq Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) portfelinə daxil edilib və gələcəkdə Avropa İttifaqının prioritet enerji layihələrindən biri statusunu qazana bilər.
Mütəxəssislərin fikrincə, Qara dəniz kabeli yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz və Xəzər regionunun enerji xəritəsini dəyişə biləcək layihədir. Gələcəkdə bu dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinin də bərpa olunan enerji resurslarının Avropaya nəqli mümkün ola bilər. Beləliklə, Azərbaycan ənənəvi neft və qaz ixracatçısı olmaqla yanaşı, həm də Avropanın etibarlı “yaşıl enerji” tərəfdaşına çevrilmək istiqamətində mühüm addım atmış olur. Qara dənizin dibi ilə uzanacaq bu “yaşıl körpü” təkcə elektrik enerjisini deyil, həm də Azərbaycan ilə Avropa arasında iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyinin və davamlı inkişafın yeni mərhələsini birləşdirən strateji xətt kimi tarixə düºməyə namizəddir.
Mahir Həmzəoğlu