Dünya Bankı: Yüksək enerji qiymətləri Azərbaycanın ixrac gəlirlərini dəstəkləyəcək İqtisadiyyat

Dünya Bankı: Yüksək enerji qiymətləri Azərbaycanın ixrac gəlirlərini dəstəkləyəcək

Yüksək enerji qiymətlərinin Azərbaycan da daxil olmaqla enerji ixracatçısı olan ölkələrin ixrac gəlirlərinə müsbət təsir göstərəcək.

Dünya Bankının qlobal iqtisadiyyatla bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, yüksək əmtəə qiymətlərinin Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi enerji ixracatçılarının ixrac gəlirlərini dəstəkləyəcəyi gözlənilir. Bununla belə, Dünya Bankı əmtəə ixracatçısı ölkələrdə iqtisadi artım tempinin orta müddətli dövrdə məhdud qalacağını proqnozlaşdırır.

Hesabatda qeyd edilir ki, enerji ixracatçıları daha yüksək neft-qaz gəlirləri hesabına fiskal konsolidasiya imkanlarını gücləndirəcək və cari əməliyyatlar balansında daha yaxşı göstəricilər nümayiş etdirəcəklər.

Dünya Bankının qiymətləndirməsinə görə, Avropa və Mərkəzi Asiyanın əksər ölkələri enerji idxalçısı olduqları üçün yüksək enerji qiymətlərinin mənfi təsirləri ilə üzləşəcəklər. Yanvar ayından bəri ən böyük aşağı yönlü proqnoz düzəlişləri Rumıniya, Türkiyə, Moldova və Ukrayna üzrə qeydə alınıb.

Hesabatda həmçinin vurğulanır ki, Ermənistan, Gürcüstan, Moldova və Türkiyə yüksək enerji xərclərinə daha həssas ölkələr sırasındadır. Yüksək enerji qiymətlərinin bu ölkələrdə inflyasiyanı artıracağı, real gəlirlərə və xarici balans göstəricilərinə təzyiq göstərəcəyi gözlənilir.