Azərbaycanın rəqəmsal gələcəyi: qlobal texnologiya bazarına inteqrasiya İqtisadiyyat

Azərbaycanın rəqəmsal gələcəyi: qlobal texnologiya bazarına inteqrasiya

Rəqəmsal transformasiya və texnoloji inkişaf müasir dövrdə dövlət idarəçiliyinin, eyni zamanda iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasət artıq yeni və daha intensiv mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin qlobal texnologiya ekosisteminə inteqrasiyası və rəqəmsal suverenliyinin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaradır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması, eləcə də vətəndaşların istifadəsinə verilən “mygov” platformasının sürətlə genişlənməsi rəqəmsallaşmanın sadəcə inzibati islahat deyil, dövlətin ən mühüm strateji prioritetlərindən biri olduğunu təsdiqləyir.

“Rəqəmsal inkişaf strateji hədəfdir”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən, Milli Məclisin deputatı,siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir.
Deputat qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır: “Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Vari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib”.
R.Nəbiyev qeyd edib ki, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuraya rəhbərlik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilib: “Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir. 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi altında ilk iclası keçirilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan tezislər göstərir ki, ölkənin rəqəmsal transformasiya siyasəti artıq yalnız daxili idarəetmənin modernləşdirilməsi ilə məhdudlaşmır. Sənəddə əks olunan prioritetlər Azərbaycanın qlobal texnologiya ekosisteminə inteqrasiyası, beynəlxalq investorlar üçün cəlbediciliyinin artırılması və regional innovasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində yeni mərhələnin əsas konturlarını müəyyən edir”.
Deputatın sözlərinə görə, Fəaliyyət Planında əsas hədəflərdən biri Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi kimi müəyyənləşdirilir: “Bu yanaşma rəqəmsal inkişafın yalnız texniki və inzibati islahat olmadığını, eyni zamanda ölkənin beynəlxalq iqtisadi və texnoloji nüfuzunun artırılmasına xidmət edən strateji siyasət olduğunu göstərir. Beynəlxalq reytinqlərdə irəliləyiş xarici investorların qərarlarına, ölkənin innovasiya potensialına və qlobal biznes mühitində etibarlılığına birbaşa təsir edən amillərdəndir. Bu baxımdan rəqəmsal transformasiya Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin mühüm komponentinə çevrilir”.

R.Nəbiyev diqqətə çatdırıb ki, sənəddə diqqət çəkən məqamlardan biri rəqəmsal inkişaf sahəsində hazırlanmış qanunvericilik islahatlarının qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılmasıdır: “Bu yanaşma ölkənin hüquqi mühitinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım hesab oluna bilər. Xüsusilə süni intellekt, vençur kapitalı, kibertəhlükəsizlik, innovasiya məhsulları və texnologiya transferi kimi sahələr üzrə hüquqi bazanın yaradılması Azərbaycanın qlobal texnologiya bazarına inteqrasiyasını asanlaşdıracaq institusional əsaslar formalaşdırır. Vençur kapitalı (Venture Capital – VC) yüksək inkişaf potensialına malik, lakin eyni zamanda yüksək risk daşıyan startap və innovativ şirkətlərə yatırılan investisiyadır. Başqa sözlə, vençur kapitalı o deməkdir ki, investor yeni yaranmış və sürətlə böyümə potensialı olan bir şirkətə sərmayə yatırır. Bunun müqabilində həmin şirkətdə pay (səhm) əldə edir və şirkət gələcəkdə uğur qazandıqda bu payın dəyəri əhəmiyyətli dərəcədə artır”.

Məqsəd rəqəmsal liderlikdir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov söyləyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm hadisədir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəqəmsal inkişaf strategiyası çərçivəsində verilən ztapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın müasir texnologiyalar əsasında inkişafını daha da sürətləndirəcək:
“Artıq rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində Yol Xəritəsinin hazırlanması, eləcə də 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planında konkret hədəflərin müəyyənləşdirilməsi dövlətin bu sahəyə sistemli yanaşmasının göstəricisidir. Məqsəd Azərbaycanın rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməsidir. Bunun üçün dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, xidmətlərin vahid platformalar üzərindən təqdim olunması və innovativ həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.”
Azər Badamov vurğulayıb ki, vətəndaş və biznes subyektlərinin dövlət xidmətlərinə vahid platforma – “mygov” və “mygov biznes” üzərindən çıxışının təmin olunması dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addımdır:
“Bütün dövlət qurumlarının bu platformalara inteqrasiyası nəticəsində xidmətlər daha operativ, şəffaf və əlçatan olacaq. Vətəndaşlar və sahibkarlar müxtəlif dövlət qurumlarına ayrıca müraciət etmədən tələb olunan xidmətləri vahid rəqəmsal mühitdə əldə edə biləcəklər. Bu isə həm vaxt itkisini, həm də bürokratik prosedurları əhəmiyyətli dərəcədə azaldacaq. Dövlət qurumları arasında məlumat mübadiləsinin tam rəqəmsallaşdırılması idarəetmədə səmərəliliyin artırılmasına xidmət edəcək.
İnteqrasiya olunmuş məlumat bazaları hesabına vətəndaşlardan eyni sənədlərin təkrar-təkrar tələb olunması minimuma enəcək, qərarların qəbulu sürətlənəcək və dövlət xidmətlərinin keyfiyyəti daha da yüksələcək. Eyni zamanda mərkəzləşdirilmiş data infrastrukturunun formalaşdırılması informasiya təhlükəsizliyinin gücləndirilməsinə də mühüm töhfə verəcək.”
Deputat xatırladıb ki, rəqəmsal inkişaf üzrə 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı 58 təşəbbüsü özündə birləşdirir və bu istiqamətdə 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb:
“Artıq onların bir hissəsi təsdiqlənib, digərləri isə təsdiq mərhələsindədir. Bu, dövlət qurumları arasında koordinasiyanın daha da gücləndiyini və rəqəmsal transformasiya prosesinin sistemli şəkildə həyata keçirildiyini göstərir.”
Azər Badamovun sözlərinə görə, son aylarda “mygov” platformasının istifadəçilərinin sayında müşahidə olunan artım da həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini təsdiqləyir:
“İstifadəçilərin sayının qısa müddətdə 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların rəqəmsal xidmətlərə olan etimadının artdığını göstərir. Bu, dövlət tərəfindən həyata keçirilən rəqəmsallaşma siyasətinin cəmiyyət tərəfindən müsbət qarşılandığını nümayiş etdirir. Dövlət xidmətlərinin vahid rəqəmsal platformalar üzərindən təqdim olunması dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və hesabatlılığı daha da gücləndirəcək.
Bu islahatlar vətəndaş məmnuniyyətinin artırılmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya cəlbediciliyinin yüksəlməsinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.”

Günel Elxan