Ermənistanda Konstitusiya müzakirələri: proses nə vəd edir? İqtisadiyyat

Ermənistanda Konstitusiya müzakirələri: proses nə vəd edir?

Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində yeni əsas qanunun qəbulu məsələsinin hökumətin gündəmində qaldığını bəyan edib. Onun açıqlamaları ölkədə Konstitusiya islahatları ətrafında müzakirələri yenidən aktuallaşdırıb və bu prosesin həm daxili siyasi vəziyyətə, həm də regional münasibətlərə mümkün təsirləri ilə bağlı sualları ön plana çıxarıb.
Konstitusiya dəyişikliyi ilə bağlı müzakirələrin Azərbaycan-Ermənistan münasibətlərinə də təsiri var. Azərbaycan uzun müddətdir Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsinə istinadların və bəzi müddəaların Azərbaycanın ərazi bütövlüyünə iddia yaratdığını bildirərək onların dəyişdirilməsini sülh sazişinin dayanıqlılığı üçün vacib hesab edir.
Həmçinin Ermənistanda Konstitusiya islahatları ilə bağlı müzakirələr ölkə daxilindəki siyasi qarşıdurma fonunda davam edir. Baş nazir Nikol Paşinyan rəhbərliyindəki hakimiyyət yeni Konstitusiya təşəbbüsünü dövlət idarəçiliyinin və hüquqi sistemin yenilənməsi kimi təqdim etsə də, müxalifət bu məsələyə fərqli yanaşır və hökumətin siyasətini tənqid edir. İqtidar-müxalifət qarşıdurmasının dərinləşməsi isə yalnız daxili siyasi sabitliyə deyil, eyni zamanda Azərbaycanla sülh prosesinin gələcək dinamikasına da təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilir.
Bütün bu proseslər fonunda sülh perspektivlərini necə dəyərləndirmək olar? Ermənistanın Konstitusiya dəyişikliyi ehtimalı nə qədərdir?
Millət vəkilləri “Xalq Cəbhəsi”nin suallarını cavablandırıblarr.

“Yeni Ermənistan” konsepsiyası

Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, Ermənistanda baş verən proseslər göstərir ki, sülh məsələsi artıq təkcə xarici siyasət mövzusu deyil, həm də ölkədaxili siyasi mübarizənin əsas alətlərindən birinə çevrilib: “Nikol Paşinyan yeni Konstitusiya məsələsini gündəmdə saxlamaqla əslində Ermənistanın gələcək dövlət modelini müəyyənləşdirməyə çalışır. Bu, təkcə hüquqi islahat deyil, həm də cəmiyyətə “yeni Ermənistan” konsepsiyasının təqdim edilməsidir. Bununla belə, Konstitusiya dəyişikliyi asan proses olmayacaq. Ermənistan cəmiyyəti bu məsələdə parçalanıb. Müxalifət Paşinyanı milli maraqlardan geri çəkilməkdə ittiham edir, kilsə və müəyyən siyasi dairələr isə Azərbaycanın və Türkiyənin tələblərinə uyğun addımlar atıldığını iddia edirlər. Belə bir şəraitdə Konstitusiya islahatları hüquqi prosedurdan daha çox siyasi legitimlik məsələsinə çevrilir. Referendum keçiriləcəyi təqdirdə nəticə yalnız hüquqi arqumentlərdən deyil, ölkədəki siyasi atmosferdən və ictimai etimaddan asılı olacaq”.

“Paşinyan anlayır ki…”

R.Nurullayev əlavə edib ki, sülh perspektivlərinə gəldikdə isə, Ermənistan daxilindəki siyasi gərginlik prosesi ləngidə bilər, lakin tam dayandırmayacaq: “Çünki həm regional reallıqlar, həm iqtisadi maraqlar, həm də beynəlxalq mühit İrəvanı sülh istiqamətində hərəkət etməyə sövq edir. Paşinyan da anlayır ki, uzunmüddətli sabitlik üçün qonşularla münasibətlərin normallaşdırılması alternativsizdir. Azərbaycan üçün əsas meyar isə bəyanatlar deyil, hüquqi nəticədir. Əgər Ermənistan həqiqətən də Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yaradan müddəaları aradan qaldırarsa, bu, sülh sazişinin qarşısındakı ən ciddi hüquqi maneələrdən birinin aradan qalxması demək olacaq. Əks halda, imzalanacaq istənilən sənəd gələcəkdə yenidən mübahisə predmetinə çevrilə bilər”.

“Konstitusiya dəyişikliyi ehtimalı artıb”

Deputat əlavə edib ki, buna görə də, Konstitusiya dəyişikliyi ehtimalı əvvəlki dövrlərlə müqayisədə artıb, lakin bu prosesin yaxın aylarda başa çatacağını gözləmək düzgün olmaz: “Paşinyan əvvəlcə daxili siyasi müqaviməti zəiflətməyə, cəmiyyətdə daha geniş konsensus yaratmağa çalışacaq. Əgər o, parlament çoxluğunu və ictimai dəstəyi qoruyub saxlaya bilsə, Konstitusiya dəyişikliyi reallaşa bilər. Əks halda, bu məsələ yenidən təxirə salınacaq. Ümumilikdə, sülh prosesinin taleyi təkcə Paşinyanın siyasi iradəsindən deyil, Ermənistan cəmiyyətinin yeni regional reallıqları qəbul etməyə nə dərəcədə hazır olmasından asılı olacaq. Cənubi Qafqazda davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, hüquqi əsasların dəyişdirilməsi və qarşılıqlı etimadın formalaşdırılması ilə mümkün olacaq. Bu baxımdan Ermənistan Konstitusiyası ətrafında gedən müzakirələr regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır və Paşinyan da bunu cəmiyyətə izah edib dəstəyini qazanmağa çalışır. Sual isə açıq qalır: xalqı inandıra biləcəkmi…”.

“Heç kəsə sirr deyil ki...”

Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib ki, Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyası 50%-ə yaxın seçicilərin səslərini toplayaraq seçkidə qalib oldu: “Baş nazir Nikol Paşinyan bu seçkiyə sülh gündəliyi ilə getmişdi. Məhz regionda sülh, sabitlik və rifah əldə olunması onun seçki kampaniyasının tərkib hissəsi idi. Heç kəsə sirr deyil ki, Azərbaycanın irəli sürdüyü bir şərt yerinə yetirilmədiyi üçün hələ də yekun müqavilə imzalanmamış qalır. Hazırda regionda de-fakto sülhə nail olunsa da, de-yure bu, təsdiqlənməyib. Paşinyan və partiyası anlayır ki, xarici tərəfdaşları da yekun sülhün reallaşmasında maraqlıdır. Məhz Zəngəzur Dəhlizinin açılması və digər böyük layihələr bu halda reallaşacaq”.

“Azərbaycanın tələbləri aydındır”

Deputat xatırladıb ki, Azərbaycanın digər şərtləri yerinə yetirilib, paraflanan sülh müqaviləsi o deməkdir ki, müddəalarla qarşı tərəf razıdır: “Müqavilədə 5 prinsip irəli sürülüb. Onlardan biri də tərəflərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı və tanınması ilə bağlıdır. Bu müddəa Ermənistan Konstitusiyasının Preambula hissəsində istinad olunan Müstəqillik Aktının buradan çıxarılmasını, Aktın isə dəyişdirilməsini tələb edir. Çünki həmin aktda Azərbaycanın legitim ərazilərinə dair iddia qeyd olunur. Hüquqi cəhətdən paraflanmış sülhün müddəalarına zidd olan bu iddia aradan qaldırılarsa yekun müqavilə imzalana bilər. Bəlkə Ermənistan Konstitusiyasında dəyişdirilməli olan başqa hissələr də mövcuddur, ancaq bu onlarln daxili işidir. Amma Azərbaycanın tələbləri aydındır”.

Röya İsrafilova