
2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19,179 milyard manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib. I yarımildə dövlət büdcəsinin xərcləri 17,231 milyard manat proqnoza qarşı 16,776 milyard manat məbləğində icra edilib ki, bu da 97.4 faiz təşkil edir. 2026-cı ilin yanvar-iyun ayları ərzində icmal büdcənin gəlirləri 24,414 milyard manat, xərcləri isə 19,824 milyard manat məbləğində icra edilib.
Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq icra olunan büdcəyə dair - Azərbaycan Respublikasının 2025-ci il dövlət və icmal büdcələrinin icrasını əks etdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb. Bələdçidə 2025-ci il üzrə dövlət və icmal büdcələrinin icrasının əsas nəticələri, dövlət vəsaitlərinin formalaşma mənbələri və xərc istiqamətləri, makroiqtisadi göstəricilər, eləcə də dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar sadə və anlaşılan formada təqdim edilib. Həmçinin, bələdçidə ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, əhalinin sosial rifahının və sosial müdafiəsinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, real sektorun inkişafı, rəqəmsal transformasiya və innovasiyaların genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə büdcə vəsaitlərinin istifadəsi funksional və iqtisadi təsnifat əsasında əks etdirilib.
“Vətəndaşın büdcə bələdçisi” dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və ictimai məlumatlılığın artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyası və tələbləri nəzərə alınmaqla hazırlanmış bu nəşr vətəndaşlara büdcənin icrası barədə dolğun təsəvvür formalaşdırmağa və bu sahədə bələdçilik etməyə xidmət edir.
Neft qiymətlərində mümkün dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Çünki son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılsa da, neft-qaz sektoru hələ də dövlət büdcəsinin gəlirlərinin, ixracın və valyuta daxilolmalarının əsas mənbələrindən biri olaraq qalır. Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin payı əvvəlki illərlə müqayisədə azalsa da, büdcənin mühüm hissəsi hələ də neft sektorundan formalaşır. Bu baxımdan qiymətlərin uzun müddət aşağı səviyyədə qalması büdcə gəlirlərinin azalmasına səbəb ola bilər. Ona görə də bu sahədəki proqnolar maraq dairəmizdədir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Hazırki qiymətlər ölkəmiz üçün əlverişlidir. 2026-cı ildə “qara qızıl”ın qiymətlərinin Azərbaycan üçün proqnozlardan artıq olacağı gözlənilir. ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir ki, cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 81,91 dollar olacağı proqnozlşdırılır. Ancaq proqnoz qiymətləri endirilib. Belə ki, EİA-nın ötənaykı proqnozu 95,39 dollar idi. EIA-ya görə, “Light” markalı xam neftin bir barelinin orta qiyməti isə bu il 76,26 dollar olacaq. Əvvəlki proqnoz 88,32 dollar idi.
Ancaq 2027-ci ildə “Brent” neftinin bir barelinin qiymətinin orta hesabla 64,76 dollar, “Light”ın bir barelinin qiymətinin isə 60,76 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 79,39 dollar və 74,39 dollar idi. Proqnozlar Hörmüz boğazından neft axınının artması və qlobal neft profisitinin yenidən başlaması gözləntiləri fonunda aşağı istiqamətdə yenidən nəzərdən keçirilib. Bu qiymətlər isə növbəti illərdə ölkəmiz üçün əlverişli sayıla bilməz.
Neft bazarının gələcək inkişaf trayektoriyasına təsir edəcək əsas amillərdən biri də OPEC+ ölkələrinin hasilat siyasəti olacaq. Əgər bazarda təklif profisiti daha da artarsa və qiymətlər kəskin enməyə başlarsa, kartelin hasilatın azaldılması ilə bağlı yeni qərarlar qəbul etməsi istisna edilmir. Bununla belə, üzv ölkələrin bazar payını qorumaq istəyi hasilat məhdudiyyətlərinin effektivliyini azalda bilər.
EIA Azərbaycanın 2028-ci ilədək neft hasilatı ilə bağlı proqnozunu da açıqlayıb. Məlumata görə, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə orta hesabla sutkada 0,55 milyon barel, 2027-ci ildə isə 0,52 milyon barel təşkil edəcəyi gözlənilir. Bununla da EIA əvvəlki hesabatla müqayisədə Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişməz saxlayıb. Proqnoza əsasən, göstərici 2025-ci il üzrə qiymətləndirilən sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq. EIA-nın qiymətləndirməsinə görə, hasilat cari ilin birinci rübündə orta hesabla sutkada 0,56 milyon barel olub, ikinci rübdə isə 0,55 milyon barelə enib. Üçüncü və dördüncü rüblərdə hasilatın sutkada 0,54 milyon barel səviyyəsində olacağı gözlənilir. 2027-ci ildə də oxşar dinamika proqnozlaşdırılır. Belə ki, birinci rübdə hasilatın sutkada 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel olacağı gözlənilir".
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının, 3,8 milyon tonu "Şahdəniz"in, 0,6 milyon tonu "Abşeron" yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonunu konsorsiumlar, 2,5 milyon tonunu SOCAR, 0,6 milyon tonunu isə JOCAP həyata keçirib.
Qlobal xam neft ehtiyatlarının bu ilin dördüncü rübündə gündəlik orta hesabla 2,7 milyon barel, 2027-ci il ərzində isə sutkada orta hesabla 5 milyon barel artacağı proqnozlaşdırılır. EIA-nın məlumatına əsasən, bəzi Körfəz istehsalçıları Hörmüz boğazından istifadə etmədən daşınmaları alternativ marşrutlara yönləndib, Yaxın Şərqdən kənarda, əsasən Şimali və Cənubi Amerikada istehsalçılar xam neft ixracını artırıb, ABŞ-nin və bəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin strateji neft ehtiyatlarından bazara neft tədarükü bərpa olunub. Neft axınlarının bərpası ilə Yaxın Şərqdə xam neft istehsalının əvvəllər proqnozlaşdırılandan daha məhdud şəkildə azalması gözlənilir. İyun ayında istehsal azalmaları orta hesabla gündəlik 8,3 milyon barel təşkil edib ki, bu da may ayında qeydə alınan sutkalıq 11,2 milyon barel pik səviyyəsindən aşağıdır. İlin sonuna qədər xam neft istehsalı və ticarətinin əksəriyyətinin münaqişədən əvvəlki səviyyələrə yaxınlaşacağı gözlənilsə də, dördüncü rübdə gündəlik orta hesabla 1,4 milyon barel istehsalın dayandırılacağı, bu istehsal gücünün böyük hissəsinin isə 2027-ci ilin birinci rübündə yenidən bərpa olunacağı proqnozlaşdırılır.
Digər tərəfdən, qlobal neft ehtiyatlarının ilin ikinci rübündə gündəlik orta hesabla 5,1 milyon barel azalıb, üçüncü rübdə isə əlavə 2,2 milyon barel azalacağı gözlənilir. Lakin, üçüncü rübün böyük hissəsini əhatə edəcək keçid dövründən sonra neft bazarlarının tədarük bolluğuna qayıtması proqnozlaşdırılır. Təklifin istehlakdan daha sürətli artmağa davam etməsi səbəbindən neft qiymətlərinə aşağı təzyiqin davam edəcəyi gözlənilir.
Qeyd olunur ki, qlobal neft tələbatı azalma mərhələsinə qədəm qoyub. Yanacaq qiymətlərinin artması, yanacaq təchizatı çatışmazlığı və hökumətlərin yanacaq istehlakını məhdudlaşdırmaq üçün gördüyü tədbirlər son aylarda neft tələbatını azaldıb və beləliklə, qlobal neft ehtiyatlarının azalmasını məhdudlaşdırıb. Qlobal neft istehlakının bu il orta hesabla gündə 1,2 milyon barel azalacağı, bu azalmanın 800 barelinin barelinin isə OECD-yə üzv olmayan ölkələrdən gələcəyi gözlənilir. Bundan əlavə, neft qiymətlərinin azalması və təklif axınlarının tam normal vəziyyətə qayıtması ilə neft tələbatının gələn il bərpa olunacağı proqnozlaşdırılır. Qlobal neft istehlakının 2027-ci ildə gündəlik 2 milyon barel artaraq 2025-ci ilin orta göstəricisini sutkada 800 min barel üstələyərək 104,8 milyon barelə çatacağı nəzərdə tutulur.
M.Həmzəoğlu