Sahibkarları narahat edən məsələlərə dair müzakirələr aparılıb İqtisadiyyat

Sahibkarları narahat edən məsələlərə dair müzakirələr aparılıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və logistika müəssisələri ilə iş” və “Ticarət müəssisələri ilə iş” komissiyalarının iclasları keçirilib. ASK-dan bildirilib ki, konfederasiyanın vitse-prezidenti Vüqar Abbasovun sədrliyi ilə keçən hər iki iclasda sahibkarları narahat edən məsələlər müzakirə olunub. Xüsusən gömrük və vergi prosedurları ilə bağlı problemlərini açıqlayan sahibkarlar bu məsələləri ASK ilə dövlət qurumları arasında olan Əməkdaşlıq Şuralarının iclaslarına çıxartmağı xahiş ediblər. Ölkədə sağlam rəqabətə mane olan məsələləri qeyd edən sahibkarlar bəzi karqo şirkətlərinin fəaliyyətləri ilə bağlı narazılıqlarını ifadə ediblər.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, xüsusən də “kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticəsini verməkdədir. Fəaliyyətini ölkə qanunvericiliyinə uyğun quran sahibkarlar bu islahatların davam etməsini dəstəkləyərək bildiriblər ki, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması istiqamətində dövlətimizin başçısının çağırışlarına qoşulurlar. Sahibkarların qaldırdığı problemlərin protokollaşdırılaraq müvafiq qurumlara təqdim olunması və baxılması üçün şuraların iclaslarına çıxarılması qərara alınıb. V.Abbasov aparılan islahatların davamlı olduğunu vurğulayaraq bütün sahibkarları dövriyyələrini tam rəsmiləşdirməyə çağırıb, bildirib ki, Azərbaycanda şəffaf biznes qaydalarının olması üçün dövlətimizin başçısı öz iradəsini ortaya qoyub.
“Azərbaycan Prezidenti ilin yekunları ilə bağlı müşavirədə bütün iqtisadi sektorlarla bağlı vəziyyəti təhlil edib. Prezident ölkədə logistika şirkətlərinin inkişafını xüsusi vurğulayıb və real sektora verilən kreditlərin faizlərinin aşağı salınması üçün tədbirlər görməyi tapşırıb”, – deyən V.Abbasov sənədsiz məhsullarla bağlı müvafiq qurumların ciddi tədbirlər gördüyünü də diqqətə çatdırıb.