“DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq” İqtisadiyyat

“DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq”

ARDNŞ prezidenti Rövnəq Abdullayev Yunanıstan qəzetinə müsahibə verib

Tərlan

Noyabrın 19-da ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Yunanıstanın "İmerissia" qəzetinə müsahibə verib. ARDNŞ də bu barədə məlumat yayıb.

- DESFA şirkətinə məxsus səhmlərin SOCAR tərəfindən alınması ilə bağlı Avropa Komissiyasının araşdırmalarına münasibətinizi bilmək istərdim.
- DESFA şirkətinə məxsus səhmlərin SOCAR tərəfindən alınması məsələsinin Avropa Komissiyası tərəfindən araşdırılması üçün ikinci mərhələnin açılması müstəsna hal deyil və bu kimi hadisələrə Avropa Komissiyasının şirkətlərin birləşməsinə nəzarət prosedurunda tez-tez rast gəlinir. SOCAR Komissiyanın bu prosesdə sərf etdiyi və gələcəkdə sərf edəcəyi zaman, səy və resursları yüksək qiymətləndirir. Biz qısa müddət ərzində prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik.
- Avropa Komissiyası siz tərəfdən əlavə güzəştlər və ya öhdəliklər tələb edəcəyi halda müqavilədən imtina etməyi düşünürsünüzmü?
- SOCAR razılaşmanın təsdiq edilməsi üçün daim əlindən gələni edib və göstərilən səylər Yunanıstan hökuməti və Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb. Bu səbəbdən əminik ki, Avropa Komissiyasının Müsabiqə Direktoratı ikinci mərhələdə aparılacaq araşdırmaların nəticələrindən razı qalacaq. Hazırda, hipotetik məsələləri düşünmək üçün heç bir əsas yoxdur.
- Sizcə, bu məsələ Yunanıstan-Azərbaycan iqtisadi əlaqələrinə mənfi təsir göstərə bilərmi?
- Hər iki ölkənin rəhbərliyi tərəfindən dəfələrlə qeyd edildiyi kimi, Yunanıstan Azərbaycanın dostu və etibarlı strateji tərəfdaşıdır və bu əlaqələr əlbəttə ki, yalnız neft və qaz sənayesi ilə məhdudlaşmır, müxtəlif sahələrdə müsbət şəkildə inkişaf etməkdə davam edir.
Bu əlaqələr SOCAR nümayəndə heyətinin noyabrın 10-da Yunanıstana son səfəri və Yunanıstanın Baş naziri Antonis Samaras ilə keçirdiyi görüş ilə daha da möhkəmlənmişdir. Tərəflər arasında səmimi görüş olmuş və TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur. Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı müsbət inkişafının yaxın gələcəkdə dəyişməsi üçün heç bir əsas yoxdur.
- Bu hadisə TAP layihəsinə təsir göstərə bilərmi və əgər bilərsə hansı şəkildə?
- Ümid edirik ki, DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq və bütün tərəflər gələcəkdə uğurlu əməkdaşlıq imkanlarından faydalana biləcəklər. Bildiyiniz kimi, iri beynəlxalq şirkətlər konsorsiumu olan TAP, DESFA ilə müstəqil şəkildə Əməkdaşlıq Haqqında Saziş imzalayıb və layihə Yunanıstanda çox yaxşı inkişaf edir.
- SOCAR-ın Yunanıstanda fəaliyyəti üçün hansı perspektivlər var?
- Ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm elementi enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq, Azərbaycandan Yunanıstana təbii qaz tədarükü və beynəlxalq enerji layihələrində hər iki tərəf üçün faydalı olan əməkdaşlıqdır. Biz Yunanıstanı dəyərli tərəfdaş və mühüm bazar hesab edirik. İnanırıq ki, tərəfdaşlığımız Yunanıstana Cənubi Avropada geosiyasi mövqeyini daha da möhkəmlətməyə və Şərqdən Qərbə təbii qazın nəqli üçün alternativ enerji dəhlizinin yaradılmasında mühüm rol oynamağa imkan verəcək. Düşünürük ki, Yunanıstan regional qaz qovşağı və regionda təbii qaz sahəsində əsas oyunçu olmaq imkanına malikdir. Əsas məqsədimiz mövcud tərəfdaşlarımızla əlaqələri inkişaf etdirmək və möhkəmlətmək və eyni zamanda regionda gələcək biznes imkanlarının inkişafına çalışmaqdır.
- Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşı ola bilərmi?
- Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür, hər iki tərəf müvafiq enerji bazarlarının inteqrasiyasından bəhrələnə, bununla da enerji təhlükəsizliklərini gücləndirə bilər.
Aİ və Azərbaycan enerji siyasətində eyni problemlərlə üzləşirlər. Enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının inkişafı və modernizasiyası, enerji məhsuldarlığı və qənaəti, bərpa olunan enerji mənbələrindən istifadə hər iki tərəfi ciddi düşündürür. Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi lazımi islahatlara imkan verər, eyni zamanda investisiya mühitini gücləndirər, gələcək investisiyalar üçün şərait yaradar.
Tarixi perspektivdən baxanda, Azərbaycan həmişə özünü qlobal enerji təchizatı mərkəzi olmağa hazırlayıb və hazırlayır. Bildiyiniz ki, SOCAR hazırda 25 qlobal şirkətlə birlikdə bir sıra neft və qaz layihələri üzərində işləyir. Bu layihələr sırasında "Şahdəniz-2" qazını Avropaya ötürəcək Cənub Qaz Dəhlizini qeyd etmək istərdim. Cənubi Qafqaz, TANAP və TAP boru kəmərlərinin də daxil olduğu bu layihəyə yatırılan 45 milyon ABŞ dolları həcmində investisiyanın əhəmiyyətli hissəsi SOCAR tərəfindən qoyulur. Bu, bizim Aİ enerji təchizatı təhlükəsizliyinə tərəfdar olduğumuzu bir daha sübut edir.
Bir daha qeyd etmək istərdim ki, SOCAR Avropanın etibarlı enerji tərəfdaşıdır. Biz həqiqətən də inanırıq ki, enerji təchizatı diversifikasiyası bu gün Avropa İttifaqının enerji siyasətində ən önəmli məsələlərdən biridir və SOCAR avropalı tərəfdaşlarını dəstəkləyir.