“Məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq və yardım mərkəzləri açılmalıdır” Müsahibə

“Məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq və yardım mərkəzləri açılmalıdır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın APA-ya müsahibəsi (ixtisarla)

- Hicran xanım, Komitənin fəaliyyətə başlamasının 10 ili tamam oldu. Bu 10 ildə Komitə tərəfindən həyata keçirilən işlər haqqında məlumat verməyinizi xahiş edərdik...
- Bildiyiniz kimi, qadın və uşaq hüquqlarının müdafiəsi, onlara diqqət və qayğının daha da artırılması cəmiyyətin ən əsas vəzifələrindən biridir. Qloballaşan dünyada qadın və uşaq məsələləri dövlətin diqqət mərkəzindədir. Bütün dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən Ümumdünya Qadın Konfranslarının keçirilməsi, bu tədbirlərdə qadınların iştirakının təmin edilməsi, onların hüquqlarının qorunması istiqamətində bütün səylərin birləşdirilməsi sahəsində nailiyyətlərin əldə edilməsinə təkan verib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan qadınları da IV Ümumdünya Qadın Konfransında iştirak hüququ qazanıb və 1995-ci ildə dövlətimiz tərəfindən Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul olunub. Bu, sənədin imzalanmasının 20 illik yubileyi Komitə tərəfindən keçən il qeyd edilib. Keçən ilin sentyabrında Nyu-Yorkda "Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması üzrə Qlobal Liderlərin Görüşü: Fəaliyyət üçün öhdəlik" mövzusunda dövlət və hökumət başçılarının iştirakı ilə tədbir keçirilib. Zirvə görüşündə "Pekin Bəyannaməsinin və Fəaliyyət Platforması"nın tam icrası ilə bağlı Azərbaycan tərəfinin konsensusunu nümayiş etdirən bəyanatı yayılıb. Bəyanatda bildirilib ki, Platformadan sonra qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində müəyyən olunmuş 12 strateji istiqamət üzrə bir çox dövlətlərin uzun müddətə əldə etdiyi nəticələri Azərbaycan çox qısa müddət ərzində əldə edərək mühüm irəliləyişlərə sahib olub. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi sahəsində çox güclü və əsaslı tədbirlər həyata keçirilib. Azərbaycan respublikası qadın və uşaq hüquqlarının müdafiəsini dövlət siyasətinin prioritetləri siyahısına daxil edib. Torpaqlarımızın 20 faizinin düşmən tapdağında olmasına, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan hər zaman inkişaf yolunu tutub və insan hüquqlarının qorunmasına istiqamətlənib. Ölkəmiz qadın siyasətinin daha da inkişaf etdirilməsi üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə mühüm beynəlxalq sənədlərə qoşulub. Bu sənədlər siyahısına BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi", "Uşaq hüquqları haqqında" Konvensiyaları misal gətirmək olar. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması gender siyasətinin həyata keçirilməsinə daha əlverişli zəmin yaradıb. Bundan başqa, daha sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu, 10 il ərzində qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə tədbirləri geniş şəkildə həyata keçirilib. "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar qəbul edilib, Ailə, İnzibati Xətalar, Cinayət və Mülki Məcəllələrə mühüm dəyişikliklər edilib. Xüsusən də diqqət yetirilməli olan məsələlərdən biri bu qanunların işləkliyinin təmin edilməsidir. Məişət zorakılığı qurbanlarına mühafizə orderlərinin verilməsi, qanunlara, məhkəmə qərarlarına istinadların edilməsi implimentasiya mexanizminin tətbiqinə bariz nümunədir. Həmçinin nikah yaşı qadınlar üçün 17-dən 18-ə qaldırılıb. Qadınların məcburi erkən nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişiklik edilib və nikah yaşına çatan qadını nikaha daxil olmağa məcbur etməyə görə azadlıqdan məhrumetmə və cərimələr tətbiq edilib. Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb qüvvəyə minib və bu da sağlam və möhkəm ailələrin qurulması yolunda mühüm addım olub.
Ötən illər ərzində maarifləndirmə tədbirləri daha da genişləndirilib. Ötən 10 il ərzində biz güclü mütəxəssis komandası formalaşdırmışıq. Komitənin müvafiq sahələri üzrə ekspertlərinin ixtisaslarının artırılmasına xüsusi önəm verərək onları ixtisasartırma kurslarına cəlb etmişik, onların qadın, uşaq siyasəti, məişət zorakılığı sahəsində problemlərin həllində daha da peşəkarlaşmaları üçün lazımi tədbirləri həyata keçirmişik. Hətta əməkdaşlarımız xarici ölkələrdə təşkil edilmiş konfranslarda ekspert kimi çıxışlar edirlər.
- Son vaxtlar cəmiyyətdə məişət zorakılığı halları artmaqdadır. Demək olar ki, hər gün ailə-məişət zəmində baş vermiş qətl xəbəri yayılır. Sizcə məsələnin kökündə nə dayanır?
- Məişət zorakılığı hadisələrinin baş verməsi bu gün dünyada narahatlıq doğuran məsələlərdəndir. Avropada hər 3 qadından biri zorakılıq qurbanına çevrilir. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu halların azalması müşahidə edilir. Əgər 2009-cu ildə qadınlara qarşı zorakılıqla bağlı baş vermiş cinayət hadisələrinin sayı 4696 idisə, 2015-ci ildə bu rəqəm 2248 təşkil edib. Bildiyiniz kimi, məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə tərəfindən Məlumat Bankı yaradılır. Müvafiq məlumatların toplanması üçün digər dövlət qurumları ilə birgə işlər görülür. 2015-ci ilin 6 ayının məlumatları toplanaraq statistik təhlil aparılıb və problemlər araşdırılıb. Məlum olmuşdur ki, zorakılıq faktlarının çoxu fiziki növə aiddir. Zorakılıqlar daha çox ər-arvad münasibətlərindən irəli gəlir. Zorakılıqla bağlı baş vermiş hadisələrin kökündə birinci növbədə qadının ailədəki statusu məsələsi dayanır. Daha sonra ailə üzvlərindən hansısa birinin zərərli vərdişlərin aludəçisi olması, sosial-iqtisadi durumun aşağı olması, təhsil göstəriciləri və şəxsi keyfiyyətlər bu kimi faktların baş verməsinə təsir göstərir.
- Qadın hüquqları ilə məşğul olan QHT məişət zorakılığının qurbanı olan qadınlar barəsində mühafizə orderinin yetərincə tətbiq olunmadığını deyir. Bu orderin işləkliyi ilə bağlı apardığınız işlər nə qədər effektivdir?
- 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda 1-ci maddənin 1.0.9-cu bəndinə əsasən, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt təsbit edilib. Qanun qəbul edildikdən sonra Komitə tərəfindən rayonlarda, bölgələrdə mütəmadi olaraq maarifləndirmə işləri aparılıb. Məişət zorakılığı ilə əlaqədar olaraq uzunmüddətli orderin verilməsi üzrə 2013-cü ildə 3 fakt qeydə alınıb, 2014-cü ildə də eyni rəqəm təşkil edib.
Zorakılıq qurbanlarına mühafizə orderlərinin verilməsi ilə bağlı problemlər yaşanmaqdadır. Təəssüflər olsun ki, qanunun 6 il əvvəl qəbul olunmasına baxmayaraq, indiyədək orderlər çox az sayda insana verilib. İndiyədək bu orderlər yalnız qadınlara verilib, mühafizə orderi olduqda həmin ailələrlə həmişə profilaktik iş aparılır. Order verilən münaqişəli ailələr rayon icra hakimiyyətləri və ərazi polis orqanları tərəfindən qeydiyyata götürülür. Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkənə, yəni məişət zorakılığı qurbanına yaxınlaşmasına icazə verilmir. Əgər zorakılıq törədən şəxs bu qərarı pozarsa, onda cinayət məsuliyyətinə cəlb edilir.
- Azərbaycanda hansı yaş həddinə qədər ailə quranlar erkən nikaha daxil olmuş sayılır?
- Azərbaycanda oğlan və qızlar üçün nikah yaşı 18 müəyyən edilib. Ailə Məcəlləsinə də dəyişiklik edilərək nikah yaşı qadınlar üçün 17 yaşdan 18 yaşa qaldırılıb. Ailə Məcəlləsinin 9.2-ci bəndinə əsasən, üzrlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 18 yaşdan aşağı artıq erkən nikah sayılır. Diqqətinizə bir daha çatdırım ki, qadınların məcburi erkən nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişiklik edilib və nikah yaşına çatan qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək cərimə və 2 il müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 il müddətədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
- Hansı bölgələrdə daha çox erkən nikah hallarına təsadüf olunur?
- Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artdığı məlumdur. Bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirmək və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmaq lazımdır. Komitə yarandığı gündən bu məsələlərlə bağlı qabaqlayıcı və profilaktik tədbirlər görür. Son 2 ildə Komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-nin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər icma görüşü və maarifləndirici tədbirlər keçirilib. Mərkəzlərin yerləşdiyi rayonlarda icra nümayəndəlikləri vasitəsilə birbaşa 30 minə qədər ailəyə ünvanlı maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində risk qrupundan olan şəxslərə və məktəblilərə paylanılıb. Həmçinin 2 min nüsxəyə yaxın erkən nikah bukletləri hazırlanaraq paylanılıb. Eyni zamanda, "Sağlam ailə-sağlam cəmiyyətin təməlidir", "Yaşlı nəslin təcrübəsindən faydalanaq", "Sağlam həyat naminə erkən nikaha yox deyək", "Ailə, məktəb, cəmiyyət" adlı maarifləndirici layihələr həyata keçirilir. Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəbdə şagirdlərin iştirakı ilə keçirilən tədbirdə çıxışlar edilərək erkən nikah, qızların təhsildən yayınması haqqında ətraflı məlumatlar verilib, bu halların qarşısının alınması istiqamətində görüləcək tədbirlər haqqında müzakirələr aparılıb.
- "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının müvafiq bəndlərinə uyğun olaraq Sizin Komitə tərəfindən Azərbaycan Ailəsi Strategiyası, Milli Uşaq Strategiyasının və Uşaq Məcəlləsinin hazırlanması nəzərdə tutulurdu...
- "Azərbaycan 2020" çərçivəsində Milli Uşaq Strategiyası hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə göndərilib. Uşaq Məcəlləsinin, Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının və "Azərbaycanın Ailə Strategiyası"nın layihələri üzrə işlər yekunlaşdırılaraq aidiyyəti üzrə razılaşdırılması üçün qurumlara göndəriləcək.