“Diaspor təşkilatlarımızda da FETÖ bəlası var” Müsahibə

“Diaspor təşkilatlarımızda da FETÖ bəlası var”

Toğrul Allahverdi: "Xüsusilə Rusiyada həddən ziyadə çoxdurlar"

Türkiyədə yaşanan 15 iyul olaylarından sonra təkcə qardaş ölkədə deyil, eləcə də Azərbaycan və Rusiyada FETÖ-ya qarşı müəyyən addımlar atılmağa başladı. Hazırda da Gülənin terror şəbəkəsinin fəaliyyətinin zərərsizləşdirilməsi, onun üzvlərinin tapılıb üzə çıxarılması istiqamətində müvafiq işlər görülür. Rusiyada FETÖ-ya qarşı aparılan işlər, ümumiyyətlə bu terror şəbəkəsinin şimal qonşumuzda necə şəbəkələndiyi barədə suallara aydınlıq gətirmək üçün Rusiyada yaşayan fəal gənc, ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili ilə söhbətləşdik. O "Olaylar"a müsahibəsində br çox məqamlara aydınlıq gətirməyə çalışdı.
-Toğrul bəy, xaricdə Azərbaycanı təmsil edən gənc kimi üzərinizə düşən məsuliyyətin öhdəsindən necə gəlirsiniz?
- Azərbaycanın inkişafı, dövlətin beynəlxalq nüfuzunun artmasında diaspor gəncliyinin üzərinə böyük məsuliyyət düşür. Cənab Prezidentin Dünya Azərbaycanlılarının IV qurultayında xaricdə yaşayan gənclərlə bağlı səsləndirdiyi fikirlər gənclərin yeni hədəflərə doğru irəliləməli olduqlarını göstərir . Həmçinin Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları qəbul olunub. Bu proqramların icrası nəticəsində dövlət gənclər siyasətində xeyli müsbət dəyişikliklər baş verib. Müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, diasporamızın inkişafı, yüksək intellektə malik gənc nəslin yetişməsindən, onların fəal iştirakından birbaşa asılıdır.
-Bəs, dünyada baş verən qlobal dəyişikliklər gənclərə necə təsir göstərir ?
- Dünyanın dəyişməsi, inkişaf etməsi gənclərin "beyin mərkəzi" olmasını zəruri edir. Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan diaspor siyasətinə göstərdiyi qayğı və dəstəkdən gənclər maksimum səviyyədə yararlanmalıdırlar. Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət ölkənin gələcəyinə qoyulmuş sərmayədir. İstər xaricdə, istərsə də Azərbaycanda yaşayan hər bir gəncin uğuru Vətənin uğurudur. Gənclər dövlətin onurğa sütunu hesab edildiyindən, Azərbaycan gəncliyi, xüsusən diaspor gəncliyi parçalanmağı, şəxsi mənafeləri kənara qoyub bunun məsuliyyətini bütövlüklə dərk etməlidir.
- Rusiyada yaşayan azərbaycanlı gənclərin istər yerli, istərsə də beynəlxalq səviyyədə əlaqələri hansı səviyyədədir?
-Biz Azərbaycandan kənarda olan çoxlu sayda gənclərlə təmasdayıq. Əlimizdən gələn hər şeyi edirik ki, Rusiyada yaşayan Azərbaycan gəncləri bir bayraq altında birləşə bilsin . Tez -tez mədəni, sosial və idman tədbirləri dəyirmi masalar, milli bayramlar və anım günləri keçirərək gənclərə təmasda oluruq. Azərbaycan gəncinin səsi artıq dövlət tribunalarından , Dumadan, İçtimai Palatadan gəlir . Biz düşmənlərimizə sübut etməliyik ki, bizlər azərbaycanlı olaraq bazar adamları deyilik. Bizlər şah İsmayıl Xətainin, Heydər Əliyevin nəvələriyik. Ancaq təssüflər olsun ki, bəzən gənclərimiz İŞİD , FETÖ və digər dini və terror təşkilatlarının qurbanı olur. Əsas məqsədimiz gəncləri belə antimilli qüvvələrin təsiri altına düşməsindən uzaqlaşdırmaqdır.
-Belə çıxır ki, FETÖ diasporumuza da nüfuz etməyə çalışır?
- Bildiyimiz qədər Gülən Azərbaycanın bəzi dövlət, QHT, biznes, KİV və s. qurumlarına öz adamlarını yerləşdirib. O cümlədən diaspor təşkilatlarımızda da FETÖ bəlası var. Düz üç ildir ki, tez - tez bu məsələni gündəmə gətirmişəm. Fətullahçılar diasporumuzda da var. Xüsusilə Rusiyada həddən ziyadə çoxdurlar və olara dəstək verən şəxslər var. Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarımız diasporumuzu fətullahçılardan və onlara arxa duran adamlardan təmizləməlidir . Yoxsa çox gec olacaq. Bunlara qarşı kim çıxırsa, həmin şəxsləri səfirliklə üz-üzə qoyur, onlara şər-böhtan atırlar . Bunlara qarşı mübarizə apardığım üçün mənə müəyyən adamların əli ilə məhkəmə və digər ağlagəlməz böhtanlarla hədə-qorxu gəlirlər.
-Bəs Prezidentin diaspor nümayəndələrinə çağırışından sonra hansısa müsbət dəyişikliklər özünü göstərir?
- Düzünü desək, hələ elə bir dəyişiklik hiss olunmur. Çünki yay ayıdır, diaspor nümayəndələri istirahətdədir. Ancaq düşünürəm ki, sentyabrdan etibarən diaspora tariximizdə yeni dönəm başlayacaq. Bu, özünü həm Rusiyada, həm də digər ölkələrdə göstərəcək. Çünki dövlət başçısı diaspor təşkilatları qarşısında konkret tapşırıqlar qoydu. İnanıram ki, yaxın vaxtlarda Azərbaycan diasporunun yeni uğurlarını eşidəcəyik.
-Rusiyadakı diaspor təşkilatlarımız bir-birləri və səfirliyimizlə əməkdaşlıq edirmi?
- Bəzi problemlər var, ancaq ümidvaram ki, dövlət başçısısının diaspor təşkilatlarımızı birliyə, əməkdaşlığa səsləməsi səfirliklərlə əlaqəli şəkildə işləməsinin vacibliyini vurğulaması həm səfirliyimiz, həm də diaspor təşkilatlarımız tərəfindən yerinə yetiriləcək.