"Mehriban Əliyevanın Rusiya səfəri tarixi hadisədir" Müsahibə

"Mehriban Əliyevanın Rusiya səfəri tarixi hadisədir"

İlyas Umaxanov: “Həmçinin bu səfər ona Vladimir Putin tərəfindən Kremldə yüksək dövlət mükafatının təqdim olunması ilə də əlamətdar olub”

Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov “Report”a müsahibəsində Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Rusiyaya səfəri, Rusiya – Azərbaycan region forumunun uğurla keçirilməsi, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi kimi məsələlərdən danışıb.
- Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Federasiyasına ilk rəsmi səfəri həyata keçirildi. Bu səfər nə qədər səmərəli oldu?
- Fikrimcə, bu səfər tarixi əhəmiyyətli, mühüm bir hadisədir. Çünki Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyeva Rusiyaya ilk dəfə səfər edib və bu səfər də çox yüksək səviyyədə keçib. Rusiya Prezidenti Vladimir Putinlə, Hökumətin sədri Dmitri Medvedyevlə, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirilib. Həmçinin bu səfər ona Vladimir Putin tərəfindən Kremldə yüksək dövlət mükafatının təqdim olunması ilə də əlamətdar olub.
- Moskva şəhərində sayca onuncu, yubiley Rusiya-Azərbaycan regionlararası forum keçirildi. Buna bənzər tədbirlərin əhəmiyyəti barədə fikriniz necədir?
- Onuncu Rusiya-Azərbaycan regionlararası forum çox müvəffəqiyyətlə, xeyli səmərəli keçdi. Forumu Mehriban Əliyeva ilə Valentina Matviyenko birgə açıblar. Bu cür formatlar birbaşa iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişafına çox güclü təkan verir. Bu qarşılıqlı fəaliyyətin bəhrəsini ən yaxın zamanda iki ölkə arasında ticarət dövriyyəsinin artmasında, ali məktəblər, regionlar, bələdiyyə qurumları arasındakı birbaşa mədəni əlaqələrin genişlənməsində əyani görəcəyimizə qəti şübhə etmirəm. Bu, Federasiya Şurası, Regionlar Palatası və digər səviyyələrdəki fəaliyyətimizin çox mühüm istiqamətidir.
- Beynəlxalq müstəvilərdə Azərbaycan ilə Rusiyanı birləşdirən nədir?
- Beynəlxalq müstəvilərdə Azərbaycanla Rusiyanı birləşdirən dünya siyasətinin mühüm məsələlərinə dair mövqelərinin yaxınlığı, yaxud üst-üstə düşməsidir. Bu, həm də iki ölkənin parlamentləri, yəni Rusiya Federasiyası Dövlət Duması və Azərbaycan Respublikası Milli Məclisinin qarşılıqlı fəaliyyətində özünü büruzə verir. Ölkələrimiz Parlamentlər İttifaqı, Avropa Şurası Parlament Asambleyası çərçivəsində çox fəal şəkildə bir-birini dəstəkləyir. Bəzi Qərb ölkələrinin, Qərb siyasətçilərinin ölkələrimizə qarşı mütəmadi olaraq hücum etdiklərini, həqiqətləri təhrif etməyə çalışdıqlarını nəzərə alsaq, yalnız bu cür sıx birlik qurmaqla həmin səylərin qarşısını ala bilərik.