“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” Siyasət

“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır”

Ceyms Uorlik: "Bu məsələdə hansısa bir element yaxud da bir nizamlanma prinsipi üzərində ilişib qalmaq olmaz"

"İşğal olunmuş ərazilər kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır".
Bunu "Vedomosti"yə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib: "Bu məsələdə hansısa bir element yaxud da bir nizamlanma prinsipi üzərində ilişib qalmaq olmaz. Ərazilər qaytarılmalıdır, lakin digər amillər də var. Ona görə də biz həmişə kompleks nizamlanmadan danışırıq – siz yalnız bir aspekti götürüb deyə bilməzsiniz ki, bu, nizamlanmanın əsasıdır".
Diplomat sülh nizamlanmasının tam mahiyyəti ilə nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözlədiklərini deyib.
O qeyd edib ki, görüşün uğurlu alınması üçün həmsədrlər diskussiya hazırlamalıdır: "Son 12 ay ərzində 4 görüş keçirildi. Doğrudur, hələlik anlaşma əldə olunmasa da, bunun mümkünlüyünə inanıram. Danışıqlar yolu ilə nizamlanma mümkün olduğu üçün Vaşinqtonla Moskva bu prosesdə iştirak etməkdə davam edir. Biz anlaşmanın əldə edilə biləcəyi elə bir variant axtarırıq ki, orada bütün element və prinsiplər yer alsın".
Atəşkəsin tam yerinə yetirilməməsinin narahatlıq doğurduğunu deyən diplomat bununla belə sülh nizamlanmasının mümkün olduğunu vurğulayıb.