Rauf Arifoğlu Müsavatdan rəsmən getdi Siyasət

Rauf Arifoğlu Müsavatdan rəsmən getdi

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasını tərk edib. Bu barədə məlumatı Müsavat başqanı Arif Hacılı özünün "Facebook" səhifəsində yayıb: "Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib".
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, gedəni saxlamaq olmaz: "Biz kimsəni itirməmişik. Bizi itirənin kimin tərəfinə keçdiyi aydındır".
Müsavat Partiyasının başqan müavini Elman Fəttah da mövzu ilə bağlı danışıb. O bildirib: "Rauf Arifoğlu öz ərizəsində də qeyd etdiyi kimi, son 9 ildə enerjisini tamamilə media biznesinə, yəni "Yeni Musavat"a həsr edib. Özünün qeyd etdiyi kimi qəzetçilik fəaliyyəti, bunu inkişaf etdirmək məqsədilə Müsavat üzvlüyü daima söz-söhbətə səbəb olurdu. Bu baxımdan partiyadan istefasını rəsmiləşdirməsi, özü üçün də, partiya, ictimaiyyət üçün də gözlənilən idi. Göründüyü kimi, Rauf Arifoğlu istefasını səmimi və aydın şəkildə açıqlayıb. İndidən sonrakı fəaliyyətində də ona uğurlar arzu edirəm".
Qeyd edək ki, Rauf Arifoğlu özünün rəhbərlik etdiyi media qurumunda istefa ərizəsini 21 iyul tarixində yayıb. Lakin o partiyaya istefa ərizəsi ilə müraciətini 15 iyul tarixində etdiyini bildirib.