“Məqsədimiz qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır” Siyasət

“Məqsədimiz qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır”

Azərbaycan prezidenti: "Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün nikbin əsaslar vermir"

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusunda məqaləsi yerləşdirilib.
Məqalədə qeyd olunub ki, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qorumağa çalışır:
"Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. 2015-ci ildə qeyri-neft sənayesi 8.4 faiz artıb. Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşüb. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalmışdır, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir".
Yazıda vurğulanıb ki, indiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır: "2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olub. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq. Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDBməkanında isə yenidən birinci yerə layiq görüb. Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır".
Məqəladə Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasətinin enerji sahəsində də böyük işlər görülməsinə imkan yaratdığı önə çəkilib: "Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin icrasına başlanması tarixi hadisədir. "Cənub qaz dəhlizi" 4 layihədən ibarətdir. Birincisi, "Şahdəniz-2" fazasının işlənilməsidir. "Şahdəniz" yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə "Cənub qaz dəhlizi"ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAPlayihəsində isə əsas səhmdardır. "Cənub qaz dəhlizi"nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir".
Yazıda nəqliyyat infrastrukturunun inkişafının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğu qeyd olunub. "Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tiflis-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var. Eyni zamanda, Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Yeni Beynəlxalq Dəniz Ticarəti Limanı da tikilməkdədir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Nəqliyyat infrastrukturunda olduğu kimi, müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan "Azerspace-1" və "Azersky" peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulub. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün "elektron hökumət" quruculuğu istiqamətində işlər aparılır", - deyə məqalədə vurğulanıb.
Yazıda dövlət orqanlarının "ASAN xidmət" mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin etdiyi, hazırda respublika üzrə 9 "ASAN xidmət" mərkəzinin fəaliyyət göstərdiyi önə çəkilib. "Bu mərkəzlərdə dövlət orqanları tərəfindən 30 sahə üzrə 112, yardımçı funksional sahələr üzrə isə 140 xidmət göstərilir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrində əhaliyə xidmət göstərir. "ASAN xidmət"in fəaliyyətə başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlayıblar. Ölkəmizdə sosial infrastruktur layihələri də uğurla icra olunur. Son illərdə çoxlu sayda məktəb, uşaq bağçası və tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilib. Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayırırıq. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilib. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlib. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, Azərbaycan dünyada həm də multikulturalizmin mərkəzlərindən biri kimi tanınır və xalqımız bununla fəxr edir".