“Dövlətin çətin vaxtında ona xəyanət edən, vicdansızcasına davranan sahibkarlar cəzalandırılmalıdır” Siyasət

“Dövlətin çətin vaxtında ona xəyanət edən, vicdansızcasına davranan sahibkarlar cəzalandırılmalıdır”

Fəzail İbrahimli: "Bu insanlar əslində dövlətə xəyanətdə ittiham olunmalıdırlar"

Bu çətin vaxtda dövlətə, prezidentə xəyanət edən, ölkədə iqtisadi sabotaj yaradan şəxslər cəzalandırılmalıdır. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli bir neçə gün əvvəl prezident İlham Əliyevin müşavirədə bürokratlara, korrupsionerlərə, monopolistlərə ünvanladığı ismarıclara münasibət bildərərkən deyib.
Millət vəkilinin fikrincə, dövlətin çətin vaxtında ona xəyanət edən, vicdansızcasına davranan sahibkarlar cəzalandırılmalıdır: "Vaxtilə nimdaş bir kostyumla iş qurmağa başlayan adamlar indi maqnata çevriliblər. Axı onları dövlət gətirib bu səviyyəyə çıxarıb, varlandırıb. Onlar da dövlətin ağır günündə ona arxadan zərbə vurmamalıdırlar. Amma çörək məsələsində gördünüz nə baş verdi? O dəqiqə təxribata başladılar. Həmin adamlar üzə çıxarılmalıdırlar. Belələrinə fürsət verilməməlidir. Dəyirmançı səviyyəsində olan adamlar bu gün un monopoliyası yaradıb onu idarə edirlər. Fikir verin, bu xəyanətkarlar fürsət düşən kimi iki istiqamətdə hücuma keçdilər. Avropada insanlar arıqlamağa çalışırlar, bunlar isə əvvəlcə çörəyi "arıqlatdılar", daha sonra da qiymətini qaldırdılar. "Arıqlamış" çörəyin qiymətini qaldırdılar. İnsan bunları görəndə bəzən dəhşətə gəlir.
Manat devalvasiyaya uğrayıb, üzən valyutaya çevrilib. Manat üzmək üçün suya tullanmalıdır. Amma manat paltarını dəyişib suya tullanmamış bu işbazlar artıq qiyməti qaldırdılar. Axı bu necə olur? Sən məgər yeni qiymətlə nəsə alıb ölkəyə gətirmisən? Axı hələ neçə ton taxılın var. Onları da köhnə qiymətə almısan. Çörək gözlərini tutsun, kor eləsin, axı sən prezidentə və dövlətə xəyanət edirsən. Bu, təxribatdır. Bu insanlar əslində dövlətə xəyanətdə ittiham olunmalıdırlar!"