“Balaca dövlət olmur, nə olur olsun, həmişə öz maraqlarını ortaya qoymalıdır” Siyasət

“Balaca dövlət olmur, nə olur olsun, həmişə öz maraqlarını ortaya qoymalıdır”

Akif Nağı: "Çünki maraqlarını ortaya qoyanla hökmən hesablaşırlar"


"Qarabağ Azadlıq Təşkilatının üzvləri olaraq cəbhə bölgəsində olduq, heç kimə mane olmadan xidmətimizi təklif etdik. Dedik ki, biz nə edə bilərik?! Əgər hərbi əməliyyatlar başlayacaqsa, arxa cəbhədə hansı işin qulpundan yapışa, ön cəbhəyə keçib nə edə bilərik?! Səfərimiz bu borcdan irəli gəldi. İstər mülki əhali, istərsə də hərbçilər özlərini yalnız hiss etməməlidirlər. İstədik ki, onlar dəstəyimizi hiss etsinlər. Əhali demək olar ki, küçələrdə idi. Bununla insanlar bir-birlərinə dayaq olurlar. Öz yerlərini tərk etmək heç kimin ağlının ucundan da keçmir. Kişilər orada qalmağı özlərinə şərəf bilirlər. Bu əhval-ruhiyyəni gördük. Müəyyən çərçivələr daxilində bu cür səfərlərə ehtiyac var. Məsləhətdir ki, qeyri-hökumət təşkilatları, veteranlar, ziyalılar bu səfərlərə getsinlər. Məndə olan məlumata görə, artıq hərbi yönümlü təşkilatlar müvafiq razılıq əsasında insanlarla görüşmək üçün cəbhə bölgələrinə yola düşüblər". Bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cəbhə bölgəsinə səfəri ilə bağlı danışarkənd eyib. O. bildirib ki, dünyada heç bir ölkə proseslərdən təcrid olunmayıb, Azərbaycan da hamıdan təcrid olunub özbaşına, öz istədiyi addımları ata bilməz: "Yəni, bu cür addımlar atmaq istəyəndə dünyanın superdövləti hesab olunan ABŞ, yaxud regional güc Rusiya müəyyən bir koalisiya yaratmağa cəhd göstərir, ən azı beynəlxalq təşkilatların sanksiyasını almağa çalışır. Çünki başqa dövlətlərin də maraqlarını, mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan da təbii ki, gənc, yenidən öz müstəqilliyini elan etmiş bir dövlət kimi dünyada gedən prosesləri, maraqları, münasibətləri nəzərə almalıdır. Amma eyni zamanda öz maraqlarını heç nəyə qurban verməməlidir. Yəni, bizim həmişə dediyimiz məsələ budur. Balaca dövlət olmur, nə olur olsun, həmişə öz mövcudluğunu, öz maraqlarını ortaya qoymalıdır. Çünki maraqlarını ortaya qoyanla hökmən hesablaşırlar. Ona görə də hesab edirəm ki, Azərbaycanın bu addımı öz maraqları baxımından çıxış etmək, öz maraqlarını ortaya qoymaq baxımından dəyərləndirilməlidir. Azərbaycan öz maraqlarına uyğun olaraq addım atdı. Kimlərsə razılıq, icazə vermişdi kimi söhbətləri ümumiyyətlə etmək istəmirəm. Sadəcə olaraq müəyyən dövlətlərlə müəyyən məsələlər müzakirə olunmuşdu deyə bilərik. Amma bütövlükdə baş verən hadisələr Azərbaycanın maraqlarına cavab verən bir hadisədir. Yəni, Ermənistan özünü belə təqdim edirdi ki, çox ciddi müdafiə sistemi yaradıb, heç kim, xüsusilə də, Azərbaycan bu müdafiə sistemini yara bilməz. Amma Azərbaycan sübut etdi ki, təkbaşına, öz gücünə, öz qüvvətinə arxalanaraq Ermənistanın Rusiyanın köməyi ilə yaratdığı ciddi müdafiə xəttini yarıb keçdi. Bütün müharibələrdə ən vacib məsələ birinci müdafiə xəttini keçməkdir. Ermənilər 20 ildən çoxdur ki, müdafiə xəttini tərifləyə-tərifləyə yaradıblar, hərbi istehkamlar, səngər-bunker sistemini alınmaz bir xətt kimi təqdim ediblər. Azərbaycan çox asanlıqla bütün cəbhəboyu – Goranboy, Tərtər-Ağdərə, Ağdam və Füzuli istiqamətində çox asanlıqla həmin xətti yarıb keçdi. Buna hər dövlətin gücü çatmır. Hər iki tərəfdə bir neçə kilometr irəlilədi. Bu, çox böyük bir göstəricidir. Azərbaycan bununla bütün dünyaya öz gücünü göstərdi. Ona görə də aprelin 1-dən başlayan proseslər Azərbaycanın maraqlarına uyğun və qüvvəsini nümayiş etdirən bir hadisə oldu".