“Türkiyə göstərdi ki...” Siyasət

“Türkiyə göstərdi ki...”

İranın xarici işlər naziri: "Bölgə xalqları çevrilişlərin, insanların demokratik haqlarının əllərindən alınmasının əleyhinədir"

"Rəsmi Tehran və İran xalqı hər zaman Türkiyənin yanındadır. Çevrilişə ləyaqətlə müqavimət göstərən türk xalqını təbrik edirəm. Türk xalqı göstərdi ki, bölgə xalqları bu cür çevrilişlərin, insanların demokratik haqlarının əlindən alınmasının əleyhinədir".
"Milliyət"in verdiyi məlumata görə, bu sözləri Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə davam edəcək: "Elektrik, təbii qaz, enerji sahələrində əməkdaşlığa hazırıq. İran təbii qazının satışı və türk iş adamlarının investisiya yatırması gündəmimizdədir. Türkiyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Terrorizmlə mübarizə sahəsində də mövqeyimiz eynidir".
Zərif Türkiyə-Rusiya əməkdaşlığının bərpasından məmnun olduğunu da ifadə edib və bu əlaqələrin inkişafına töhfə verməyə hazır olduqlarını bildirib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İranın təhlükəsizliyinə təhdidin Türkiyənin təhlükəsizliyinə təhdid hesab etdiklərini bildirib.
O əlavə edib ki, Suriyada davamlı sülh sahəsində əməkdaşlıq gücləndiriləcək.