“Azərbaycanda yatırımların davamlı olmasını istəyirdik” Siyasət

“Azərbaycanda yatırımların davamlı olmasını istəyirdik”

TPAO-nun baş direktoru: "Lakin Berat Albayrakın təlimatı ilə Azərbaycana yox, Türkiyəyə yatırımları artırdıq"

"Türkiye Petrolleri A.O." (TPAO) ölkə xaricində reallaşdırdığı layihələrin maliyyələşdirilməsini azaldıb, ölkə daxilində isə daha da aktivləşib".
Bunu TPAO-nun baş direktoru Besim Şişman "Anadolu" agentliyinə bildirib.
Besim Şişman bildirib ki, TPAO Azərbaycanda həyata keçirdiyi layihələrə irihəcmli yatırımlar edib: "Bu yatırımların davamlı olmasını istəyirdik. Lakin Türkiyənin enerji və təbii sərvətləri naziri Berat Albayrak bizə bildirdi ki, Türkiyə daxilində yatırımların həcmini artırmalıyıq və dövlət bunun üçün bizə zəruri dəstəyi verəcək. Bu təlimatdan sonra biz daxili bazarda daha da aktivləşməyi qərara aldıq. Biz "Shell" şirkəti ilə 2017-ci ildə Qara dənizdə daha bir yatağı istismara verməyi planlaşdırırıq. 2017-ci ildə planımız baş tutmazsa, 2018-ci ilədək gözləyə bilərik".
Baş direktor əlavə edib ki, TPAO qarşıdakı illər ərzində daxili bazarda 13 mln. barrel neft istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, TPAO Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri"nin 7 səhmdarından biridir. Türkiyə şirkəti layihədə 19%-lik paya malikdir. Bundan başqa, TPAO Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində 6,8%-ə, Bakı-Tbilisi-Ceyhan layihəsinin 6,53%-ə, "Şahdəniz" layihəsində 19%-ə malikdir.