Azərbaycan nüvə araşdırmalarına başlayır Siyasət

Azərbaycan nüvə araşdırmalarına başlayır

Dövlət başçısı "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin yaradıldıması haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin nizamnaməsini və strukturunu prezidentilə razılaşdıraraq təsdiq etməlidir.
Nazirlər Kabineti həmçinin cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, QSC-nin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməli, QSC-nin fəaliyyətini təmin etmək məqsədi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək əmlakın siyahısını müəyyən edərək verilməsini, habelə Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etməlidir.
Nazirlər Kabinetinə prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidir, Fövqəladə Hallar Nazirliyi Cəmiyyətin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirməlidir, Milli Elmlər Akademiyası isə Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsini təmin etməlidir.