“Hər bir ərəb dövlətinin Qətərdən umacağı var” Siyasət

“Hər bir ərəb dövlətinin Qətərdən umacağı var”

Səudiyyə Ərəbistan, Misir, BƏƏ, Bəhreyn, Yəmən kimi dövlətlər Qətərlə diplomatik əlaqələri dayandırıb. Buna səbəb kimi isə Qətərin terrorçuları dəstəkləməsi və öz ərazisində Müsəlman qardaşları hərəkatının üzvlərinə sığınacaq verməsi göstərilir.
Bu məsələ ilə bağlı açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Qətərin özünəməxsus siyasəti var. Misirdən "Müsəlman Qardaşları" hərəkatının üzvləri qovulduqdan sonra onun əsas ideoloqları Qətərə gəldi. Qətər onlara vətəndaşlıq və sığınacaq verdi: "Misir elə başa düşür ki, Qətər ona qarşı iş görür. "Müsəlman qardaşları" təşkilatının əlavə 2 ərəb ölkəsində strukturları var, onlar da buna görə narahatdırlar". Politoloq vurğulayıb ki, digər Səudiyyə Ərəbistanı Qətərin milli valyutasını özününkünə qarşı rəqib görür: "Bu iki dövlət gəlir baxımından oxşardırlar, lakin Səudiyyənin külli miqdarda əlavə xərcləri – hərbi xərcləri var. Qətər ÜDM-ə görə nəinki ərəb dövlətlərinin hamısından irəlidədir, dünyada öncüllərdəndir".
M. Əhmədoğlu qeyd edib ki, həmçinin Qətər ümumərəb dövlətləri prosesinə qoşulmur: "Qətər anti-İran aksiyalara meylli deyil. O İranın müttəfiqi deyil, ola da bilməz, bu mümkün deyil. Lakin Qətər hesab edir ki, niyə İranın əleyhinə getməlidir?"
Politoloq əlavə edib ki, hər bir ərəb dövlətinin Qətərdən umacağı var, bu gözləntilərin ödənilməməsi sonda narahatlığa gətirib çıxara bilər: "Hesab edirəm ki, vəziyyət gərginləşə bilər. Qətərin cəmi 1 milyon vətəndaşı var və o hədsiz dərəcədə varlıdır. Ərəb dövlətləri tamam fərqli addım ata bilər. Mən terrorçuluğun qızışdırılmasında Qətərin elə də böyük rol oynadığını düşünmürəm".