“Sarkisyan danışıqlarda pozuculuqla məşğuldur” Siyasət

“Sarkisyan danışıqlarda pozuculuqla məşğuldur”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə tərəflər arasında məsləhətləşmə məqsədi daşıyırdı. Bu fikri politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, aprel döyüşlərindən sonra Ermənistan qarşısında şərtlər qoyulmuşdu. Lakin bu ölkə danışıqları pozmaqda davam edir: "İndi beynəlxalq proseslərdə mühüm dəyişikliklər baş verməkdədir. Ermənistan da bunu başa düşür. Bu yaxınlarda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın "işğal edilmiş bəzi rayonları qaytaracağıq" deməsi təsadüfi deyildi".
Politoloq qeyd edib ki, Serj Sarkisyan hakimiyyətdən bərk yapışaraq danışıqlarda pozuculuqla məşğuldur. Onun sözlərinə görə, Sarkisyan bir müddətdir ki, keçən ilin yayında olduğu kimi Rusiyaya qarşı siyasi şantajla məşğuldur: "Hesab edirəm ki, siyasi proseslər dinamikdir, bu dinamik proseslərə dərhal reaksiya vermək lazımdır. Ona görə ermənilər başa düşür ki, bu vəziyyət uzun müddət belə qalmayacaq".