Əfqanıstan səfiri dövlətinin mövqeyini bir daha açıqladı Siyasət

Əfqanıstan səfiri dövlətinin mövqeyini bir daha açıqladı

"Qarabağ məsələsində Azərbaycanın yanındayıq"

"Azərbaycan tək Əfqanıstanda deyil, bütün bölgədə və dünyada sülhün bərqərar olmasında maraqlıdır".
Bu sözləri Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin NATO-da keçirilən görüşdə Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı qərar verildiyini açıqlaması gözəl xəbər olub: "Əfqan xalqı adından buna görə təşəkkür edirik".
Səfir qeyd edib ki, bu yaxınlarda Aşqabadda görüş keçirilib və görüşdə Əfqanıstanın Türkmənbaşı vasitəsilə Bakı limanına və Bakı-Tbilisi-Qarsa birləşdirilməsi qərara alınıb: "Əməkdaşlığa dair sənədlərdən biri iqtisadi sahə ilə bağlı olacaq. Bunun əsasında birgə işçi qrupu yaradılacaq və gələn ilin əvvəlində qrupun ilk iclasının keçirilməsi planlaşdırılır. Bizi buna şövq edən əsas məsələ iki ölkə prezidenti arasında olan yaxşı münasibətlərdir".
"Dağlıq Qarabağ faciəsinin ilk günlərindən əfqan xalqı Azərbaycanın yanında olub"-deyən səfir bildirib ki, Əfqanıstan bu təcavüzə qarşı BMT və digər platformalarda səsini ucaldıb: "Biz hökumət terroruna qarşıyıq və terrorun bütün təzahürlərini pisləyirik. Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ məsələsində islam ölkələri də Azərbaycana dəstəyini davam etdirəcək".