“Hər kəs ümid edirdi ki, münaqişənin həllində yenilik olacaq” Siyasət

“Hər kəs ümid edirdi ki, münaqişənin həllində yenilik olacaq”

"2017-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gözləntilərin çox olmasına baxmayaraq hər hansı bir ciddi hadisə baş vermədi. Xüsusilə də 2016-cı il aprel döyüşlərindən sonra hər kəs ümid edirdi ki, münaqişənin həllində yenilik olacaq". Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib: "Amma çox təəssüf ki, bu baş vermədi. Bəzən görürsən ki, danışıqları müsbət hadisə kimi dəyərləndirirlər. Lakin biz hesab edirik ki, bunu müsbət hadisə kimi dəyərləndirməyə dəyməz. Çünki Ermənistan yenə də öz fikrində qalmaqdadır. Rəsmi Bakı bildirmişdi ki, mənasız, pessimist danışıqlara gedilməyəcək. Təəssüflər olsun ki, danışıqlar davam etdirildi. Bu danışıqlar Ermənistana əlavə bir görüntü yaradır ki, guya proseslər davam etdirilir". A.Nağı əlavə edib ki, 2017-ci ildə ən önəmli məsələ Azərbaycan ordusunun daha da güclənməsi ilə bağlı oldu: "Həm silah-sursat, həm də şəxsi heyətə hazırlıq cəhətdən, eləcə də Türkiyə ilə birgə keçirilən hərbi təlimlər bütün bunlara nümunə göstərilə bilər. Bu mənada hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi yalnız hərbi yolla həll olunacaqdır. Azərbaycan ordusunun 2017-ci ildə nümayiş etdirilən gücü bizə onu deməyə əsas verir ki, 2018-ci ildə də Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcək".