“Azərbaycanda mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması dünyaya bəllidir” Siyasət

“Azərbaycanda mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması dünyaya bəllidir”

Elçin Əhmədov: "Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılır"



"Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də, ölkəmiz coğrafi baxımdan Avropa və Asiya arasında yerləşir. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb". Bu fikirləri siyasi elmlər doktoru, professor Elçin Əhmədov səsləndirib. Onun sözlərinə görə, əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşayıblar: "Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırıb ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Təəssüflər olsun ki, müasir dövrdə biz daha çox bu barədə danışmalı olur və bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyin şahidi olur və bunu xalqların dinc şəraitdə bu cür təhlükələrlə qarşılaşdığını görürük. Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir. Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılır. Məhz, 2008-ci ildə də "Bakı prosesi" ölkəmizin təşəbbüsü ilə başlamış və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər "Bakı prosesi"nə daxildir". Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə səylərini davam etdirir və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradıb və ölkəmiz dostluq, sülh, tərəfdaşlıq, eləcə də mədəni müxtəliflik məsələlərinə töhfələrini verməkdə davam edir. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb: "Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. 2011-ci, 2013-cü, 2015, eləcə də 2017-ci ildə 4 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları yüksək səviyyədə təşkil olunub və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılıb. Ölkəmiz III Qlobal Açıq Cəmiyyətlər Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak edib. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını alıb. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Bununla yanaşı, son illərdə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır".