“Hərbi rejimin azğınlığından bezmiş insanlar küçələrə axışıblar” Siyasət

“Hərbi rejimin azğınlığından bezmiş insanlar küçələrə axışıblar”

Tofiq Abbasov: "Bako Saakyanın hakmiyyətdən getməsini istəyirlər"

Qarabağ separatçılarının "demokratikliyini" dünyaya tanıtmağa cəhd edən sərkisyanlar, köçəryanlar və saakyanlar artıq bişirdikləri dadsız yeməyi özləri yeməyə məcburdurlar. Bu sözləri Qarabağda baş verən son prosesləri şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq Qarabağda baş verən hadisələrin faktiki olaraq Ermənistandakı proseslərin təkrarı olduğunu düşünür: "Əgər Ermənistanda mərkəzi idaretmə bölünübsə, demək, bu, onun himayəsində olan separatçılarda da öz əksini tapacaq. Görünən odur ki, artıq hərbi rejimin azğınlığından bezmiş insanlar küçələrə axışıblar və Bako Saakyanın hakmiyyətdən getməsini istəyirlər. Saakyan, onun ətrafı və Ermənistandan hərbi rejimə dəstək verən siyasi və hərbi dairələr Qarabağda baş verən biabırçılığın bilavasitə iştirakçılardır. Çünki Qarabağ separatçılarının "demokratikliyini" dünyaya tanıtmağa cəhd edən sərkisyanlar, köçəryanlar və saakyanlar artıq bişirdikləri dadsız yeməyi özləri yeməyə məcburdurlar. Ermənistanın nümayəndələri dəfələrlə dünya salonlarında guya Qarabağın azadlığa çıxmasından, oradakı demokratik həyat tərzindən dəm vururdular. İndi isə Qarabağdakı aksiyalar zamanı xüsusi təyinatlıların insanlara güc tətbiq etdiyi, onları döydüyü, əsarətdə saxladığı üzə çıxdı. Baş verənlər onların yaydıqları bütün ağ yalanları çılpaqlığı ilə ifşa etdi".
Politoloq qeyd edib ki, Qarabağ hərbi rejiminin və Saakyana Ermənistandan dəstək verən siyasi qüvvələrin əsas niyyəti Azərbaycan ermənilərini əsarətdə saxlamaq, onlardan yararlanmaq, onları qarət etmək və səslərini batırmaqdır: "O üzdən hərbi rejimdən artıq bir şey gözləməyə dəyməz. Ermənistanda başlanan hadisələrin Qarabağda da təkrarlanması erməni dövlətçiliyinin dərin böhran içərisində çabalamasından, onların həyat tərzinin yolverilməz dərəcədə dəhşətli olmasından xəbər verir. Bunun səbəbi isə zamanın çağırışlarını düzgün qavramadan qondarma bir dövlət qurmaları idi. Odur ki, istər Ermənistan, istərsə də onun Qarabağda qanunsuz dünyaya gəlmiş hərbi xuntası öz məntiqli sonluğuna doğru addımlayır".
Qeyd edək ki, Qarabağda iyunun 1-dən etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər. Hələlik İrəvan baş verənlərlə bağlı mövqe ortaya qoymayıb.