“Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir” Siyasət

“Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir”

"Prezident İlham Əliyevin Belarusa növbəti rəsmi səfəri xəbər verir ki, Azərbaycan və Belarus arasında prezidentlər səviyyəsində səfərlərin baş tutması, görüşlərin keçirilməsi əməkdaşlığın inkişaf etdirilməsi bir tendensiya halına çevrilib. Belarus-Azərbaycan əlaqələrinin səciyyəvi xarakterini şərtləndirən məqam da əlaqələrin dinamik inkişaf etdirilməsi məsələsinin prezidentlər səviyyəsində nəzarətdə saxlanılmasından ibarətdir".
Bu fikirləri politoloq Ehtiram Aşırlı deyib. O bildirib ki, bu səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari, mədəni, diplomatik, hərbi sahədə yeni razılaşmaların əldə edilməsi gözləniləndir: "Ələlxüsus da iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni hərbi razılaşmaların əldə olması ehtimalı yüksəkdir. Həmçinin prezident İlham Əliyevin Belarusa səfərinin KTMT zirvəsindən sonra reallaşdırması da ayrı bir məna kəsb edir. Düşünürəm ki, dövlət başçımızın bu səfəri Astana zirvəsində Azərbaycanın maraqlarını müdafiə edən Lukaşenkoya təşəkkür və dəstək mahiyyətindədir. Prezident İlham Əliyev belə bir səfəri reallaşdırmaqla Belarusun KTMT-nın baş katib vəzifəsinə gətirilməsinin tərəfdarı olduğunu bildirmiş olur".
E. Aşırlı söyləyib ki, həqiqətən də Belarus və Azərbaycan Respublikaları demək olar ki, bütün sahələrdə-siyasi, iqtisadi, mədəni, enerji, hərbi-qarşılıqlı səmərəli əməkdaşlıq qura biliblər: "Tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni-yeni trendlərinin axtarışındadırlar. İstər ənənəvi, istərsə də, yeni əməkdaşlıq sahələrində qarşılıqlı səmərəliliyə nail olmaq üçün tərəflər konstruktiv təşəbbüslərlə çıxış edirlər. Təbii ki, bu da Belarus-Azərbaycan münasibətlərində ümumilikdə pozitiv tendensiyanın saxlanılmasını şərtləndirir. Xüsusilə son zamanlar iki ölkə arasında hərbi sahədə əməkdaşlıq tendensiyaları genişləndirilməkdədir".
Politoloq vurğulayıb ki, Belarusdan "Polonez" əməliyyat taktiki raket kompleksinin alınması iki ölkə arasındakı hərbi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir: "Təbii ki, hazırkı dövrdə Belarus-Azərbaycan əlaqələri öz dinamik inkişafında Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı bünövrəyə söykənir. Məhz Ulu Öndər Heydər Əliyev yeni müstəqil olmuş respublikalar arasında qarşılıqlı etibar və qarşılıqlı yardım mühitinin formalaşmasında həlledici addımlar atıb. Məhz belə siyasi iradənin nəticəsidir ki, bu gün Belarus-Azərbaycan münasibətləri özünün formalaşması mərhələsini çoxdan keçib".
Azərbaycanın öz müstəqilliyinin elə ilk illərindəncə dünya dövlətləri ilə, həmçinin, postsovet ölkələri ilə hərtərəfli əlaqələrin qurulmasını xarici siyasi və iqtisadi fəaliyyətinin ana xətti kimi müəyyənləşdirdiyini deyən E. Aşırlı qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticəsində həllini günümüzə qədər tapmayan münaqişəyə cəlb olunmuş Azərbaycan üçün xarici siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir:
"Bu baxımdan, Ümummilli lider Heydər Əliyevin birbaşa nəzarəti altında hazırlanmış Azərbaycan Respublikasının xarici siyasətinin prinsipləri içərisində dünya dövlətləri ilə konstruktiv, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulması məsələsi öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayır. Məhz belə prinsipə söykənərək xarici siyasi fəaliyyətin reallaşdırılmasına başlandıqdan sonra Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən dünya dövlətlərinin sayı dinamik artıb. Xüsusilə, Azərbaycan beynəlxalq əməkdaşlıqda iştirakı zamanı çox vektorlu hədəflərə çatmağı diqqət mərkəzində saxlayır. Müvafiq olaraq, həmçinin, postsovet ölkələri ilə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olan və bu istiqamətdə bir çox hallarda təşəbbüskar rolunda çıxış edən Azərbaycan dövləti əməkdaşlığın siyasi-iqtisadi məsələlərdən tutmuş, təhlükəsizlik məsələlərinədək kompleks istiqamətlər üçün səmərəli olmasına çalışır. Postsovet ölkələri arasında Belarus ilə Azərbaycan özünün xüsusi xarakteri, ən əsası isə, davamlı inkişafa meylli olması ilə seçilirlər. Prezident İlham Əliyev də hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir".