“Ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub” Siyasət

“Ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”

Sevinc Fətəliyeva: “Minimum əməkhaqqının 250 manata qədər artırılması bu faktı bir daha təsdiqləyir”

“Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir”. Bunu millət vəkili Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb, vətəndaşların rifahı yaxşılaşıb, əhalinin bütün seqmentləri üçün sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalı, sosial infrastruktur gücləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir". Millət vəkili deyib ki, iyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artılıması bu faktı bir daha təsdiqləyir: "Artıq sentyabrın 1-dən həmin sərəncam qüvvəyə minib. Ölkəmizin iqtisadi inkişafı insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. Bu il ərzində minimum əməkhaqqı iki dəfə artırılıb. Beləliklə də, cari ildə bu artım ümumilikdə 100 faizə yaxındır. Bütövlükdə, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır. Bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən böyük sosial paket həyata keçirilir. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Sevinc Fətəliyeva bildirib ki, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır: "Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Deputat deyib ki, dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi qərar da vətəndaşlarda böyük məmnunluq doğurdu. Bu faktlar bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə diqqətlə yanaşır. Sosial paket bütövlükdə 4 milyondan çox insanı əhatə edir. Bunun nəticəsində də əhalinin rifah halı daha da yaxşılaşır".