Müsavat qurultaya ziddiyyətlərlə gedir Siyasət

Müsavat qurultaya ziddiyyətlərlə gedir

Tahir Kərimli: "Bu qurultaydan sonra da partiya daxili münaqişələrlə nəticələnək"
Cavanşir Abbaslı: "Bizim tərəfdarlarımız monopoliyaya çevrilmiş bir təşkilatda təmsil olunmaq istəmirlər"

Müsavat partiyasınnı qurultayı yaxınlaşdıqca partiyadaxili gərginliklər artır. Daha bir gərginlik isə gənclər təşkilatı ilə bağlı yarnamış qalmaqalla bağlıdır. Onu da bildirək ki, Müsavat Partiyası Divanının toplantısında da partiyanın Gənclər Təşkilatından (GT) çıxarılan 8 nəfər və təşkilatda yaranmış qalmaqalla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Müsavat GT-nin qərarı ilə 8 nəfər təşkilatdan kənarlaşdırılıb. Nəticədə GT sədrliyinə namizəd olmuş Rüfət Hacıbəyli və hazırkı sədr Əhliman Abbasın tərəfdarları arasında qalmaqal yaranıb.
Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sabiq üzvü Cavanşir Abbaslı təşkilatdan kənarlaşdırılmasına münasibət bildirərkən deyib ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbasın sədrlikdən kənarlaşdırılması ilə bağlı Divana müraciət ediləcək: "Gənclərlə bağlı qərar verilməsə, biz konkret addımlar atacağıq. Biz Əhliman Abbasın sədrlikdən kənarlaşdırılması ilə bağlı Divanın növbəti iclasına müraciət edəcəyik. Çünki partiya daxilində ən böyük saxtakarlığı o və onun tərəfdarları edib. Bizi sədri təhqir etdiyimizə görə təşkilatdan kənarlaşdırıblar, amma əllərində fakt yoxdur. Partiya rəhbərliyi bizi yenidən təşkilata qəbul etməlidir. Əks halda, müsbət addımlar atılsa belə, biz bunu qəbul etməyəcəyik". O, eyni zamanda qeyd edib ki, partiya rəhbərliyi qovulan gənclərlə bağlı qərar verməsə, partiya daxilində alternativ Gənclər Təşkilatı yaradılacaq: "Bizim buna kifayət qədər gücümüz var. Artıq bu barədə rayon təşkilatlarındakı gənclərdən də məktublar gəlir. Hətta, partiya rəhbərliyi bu təşkilatı tanımasa belə, biz fəaliyyətimizi davam etdirəcəyik".
Cavanşir Abbaslı həmçinin partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlını partiya daxilində baş verənlərə laqeyd yanaşmaqda ittiham edib: "Bizim tərəfdarlarımız monopoliyaya çevrilmiş bir təşkilatda təmsil olunmaq istəmirlər və qəti şəkildə həmin təşkilatdan istefalar olacaq. Divanın qərarından asılı olaraq, addımlar atacağıq".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə bildirib ki, GT-də baş verənlərlə bağlı indiyə kimi hər hansı müraciət daxil olmayıb.
Adının açıqlanmasını istəməyən, Müsavat Partiyasına yaxın mənbə partiyanın gənclər təşkilatında yaranan gərginliyi şərh edərkən deyib ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı gənclər təşkilatı üzərində monopoliyasını qurmağa çalışır. Onun sözlərinə görə, Arif Hacılı bir dəstəni müdafiə edir və həmin dəstə də onun gələcək başqanlığını müdafiə etməlidir: "Arif Hacılının vaxtilə müdafiə etdiyi Müsavat Partiyası gənclər təşkilatının keçmiş sədri Tural Abbaslı indi partiya Divanının üzvüdür və Arif Hacılı ilə başqanlıq yarışında yarışmaq istəyir və bu səbəbdən də bu cür ciddi bölünmələr gedir".
Mənbə qeyd edib ki, bunlar həm alternativ gənclər təşkilatı yaradırlar, həm də Tural Abbaslının başqanlıq uğrunda mübarizə kampaniyasını aparırlar: "Bütün bunların hamısı başqanlıq uğrunda mübarizədən və partiyanın gəncləşdirilməsi zərurətindən irəli gəlir. Gənclər partiyanın sükanını ələ keçirmək istəyirlər". O, əlavə edib ki, bu yaxınlarda jurnalist Xədicə İsmayılovanın yaydığı bildirilən kompromatlar da partiya daxilində böyük qalmaqala səbəb oldu: "Bu faktordan bir-birinə qarşı, o cümlədən Arif Hacılı və İsa Qəmbərə qarşı istifadə edirlər. Yəni partiyada ildırım sürətilə kompromat müharibəsi yayılır və rayon təşkilatlarını da bürüməkdədir".
Buradan aydın oldur ki, Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə qızışmaqda və getdikcə daha kəskin xarakter almaqdadır. Onu da bildirək ki, Müsavat başqanlığına daha bir müsavatçı - Müsavat başqanı İsa Qəmbərin müşaviri, həmçinin, Müsavat Məclisinin üzvü Səxavət Əlisoy da öz iddiasını ortaya qoyub və o, başqanlığa daha real, daha iddialı namizəd olan adıçəkilən partiyanın İcra Aparatının rəhbəri Arif Hacılıya qarşı da ilk gündən cəbhə açıb.
Səxavət Əlisoy Arif Hacılıya qarşı kampaniya təşkil etdiyi barədə deyilənləri yalan adlandırsa da, ancaq həmin şəxsi "əlahiddə müsavatçı" hesab etmədiyini bildirməklə, İcra Aparatının rəhbərinə qarşı olduğunu da gizlətməyib: "İsa Qəmbər namizəd olsa, mən yenə namizədliyimi verəcəyəm. Bu, o deməkdir ki, İsa Qəmbərə qarşı mübarizə aparıram? Nəinki Arif Hacılı da, Vurğun Əyyub da, Tural Abbaslı da, Qubad İbadoğlu da, rayon təşkilatının sıravi üzvü də namizədliyini verməkdə azaddır. Adamlar arasında bölücülük aparmağa ehtiyac yoxdur. Kimisə imamlaşdırmaq, müqəddəsləşdirmək, avtoritarizm yaratmaq lazım deyil. Niyə jurnalistlər ancaq Arif Hacılının adını əlahiddə hesab edirlər, mənim üçün maraqlı budur. Arif Hacılı əlahiddə bir müsavatçıdırmı, o namizəd olacaqsa hamı geri çəkilməlidirmi? Media niyə bu məsələni şişirdir?".
Müsavat başqanının müavini Mehman Cavadoğlu isə bildirib ki, İsa Qəmbərin başqanlıqdan getməsi kataklizmlərlə müşaiyət olunmayacaq: "İsa bəy başqanlıqdan gedərsə Müsavatdan gedənlər ola bilər, amma eyni zamanda gələnlər də olacaq. Siyasi təşkilat elədir ki, dağıla da bilər, yaxud əksinə olar, ordan qopmalar da olar, yeni gələnlər də. Amma nə olursa olsun Müsavat dağılan partiya deyil". Onun sözlərinə görə, qurultayda nizamnamədəki məşhur müddəa dəyişdirilə bilər: "Lakin belə bir dəyişiklik olsa belə, hər şey İsa Qəmbərin şəxsi iradəsindən asılı olacaq. Onun namizədliyini irəli sürməmək hüququ var. Nizamnamədəki müddəa təkcə başqanı deyil, digər rəhbər orqanları da seçəcək. Bu müddəa artıq neçə ildir qəbul olunub və partiyanın rayon təşkilatları rəhbərlərinə də aiddir. Müddəa qüvvəyə minəndən sonra iki dəfə ard-arda seçilmiş rayon təşkilat rəhbərləri yeniləri ilə əvəz olunub. Məhz həmin maddəyə uyğun olaraq bu dəyişikliklər olub. Bu maddə Müsavat başqanı və Nəzarət Təftiş Komissiyasının sədrinə də aiddir". Özünü başqanlıq iddialarının olmadığını deyən Mehman Cavadoğlu dəstək verəcəyi şəxsin də adını açıqlamayıb. Bildirib ki, hələ xeyli vaxt var, namizədlər açıqlansın, ondan sonra seçim ola bilər. Onun sözlərinə görə, seçki prosesi saatbasaat dəyişdiyi üçün də bunu indidən demək çətindir: "Ona görə də zamanı gələndə bunları da açıqlayacağıq". Mehman Cavadoğlu başqanlığa iddialı Tural Abbaslının "Müsavata yenilik lazımdır" açıqlamasına da münasibət bildirib: "Bu fikirlərlə razılaşmamaq olmur. Lakin bunun üçün mütləq gəncin başqan seçilməsinə ehtiyac yoxdur. Digər namizədlər də yeni nəfəs gətirə bilərlər. Müsavatın indiki başqanı İsa Qəmbər də həmişə partiyaya yeni nəfəsin gəlməsinə çalışıb".
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə "mən belə düşünürəm ki, Müsavat Partiyası qurultay keçirəndən sonra partiya rəhbərliyi arasında böyük qalmaqal yaranacaq",- deyə vurğulayıb. Tahir Kərimli qeyd edib ki, Müsavat Partiyasında onsuz da qurultaydan əvvəl artıq ziddiyyətli fikirlər yaranıb və bu heç şübhəsiz ki, bu qurultaydan sonra da partiya daxili münaqişələrlə nəticələnək: "Müsavat Partiyasında artıq çoxdan ziddiyyətli fikirlər yaranıb və qurultaydan sonra qalmaqallar kəskin şəkildə böyüyəcək və partiya rəhbərliyindən istefa verənlər də olacaq".

Əli