ABŞ səfiri Ermənistanı təcavüzkar adlandırmaqdan imtina etdi Siyasət

ABŞ səfiri Ermənistanı təcavüzkar adlandırmaqdan imtina etdi

Riçard Morninqstar: "Biz təhqirlə məşğul ola bilmərik, nə Ermənistanı, nə də Azərbaycanı təcavüzkar adlandıra bilmərik"
"Bu, vasitəçi kimi xidmət göstərməyi tamamilə mümkünsüz edir"

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar "Trend"ə müsahibə ABŞ və Azərbaycan arasında münasibətləri və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasına dəstək olmaq istəyir: "Hesab edirik ki, bu, çox vacibdir. Bizim demokratik, iqtisadi və təhlükəsizlik islahatları, Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə məsələlərində bir sıra ümumi maraqlarımız var. Hesab edirəm ki, enerji sahəsində də güclü ümumi marağımız var".
ABŞ səfiri bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın qeyri-enerji iqtisadiyyatının inkişafına kömək etmək istəyir: "Hesab edirik ki, Azərbaycanın gələcəyi davamlı demokratik və iqtisadi islahatlar, eləcə də demokratik ölkələrimizin güclü tərəfdaşlığı əsasında daha yaxşı qurulacaq. Biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, qeyd etdiyim digər məsələlər üzərində də işləməyimiz çox vacibdir. Nümunə kimi deyə bilərəm ki, biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini təşviq edirik. Düşünürük ki, biz bu məsələdə kömək edə bilərik və bunu qeyri-enerji iqtisadiyyatının inkişafı üçün əsas amil hesab edirik".
Strateji tərəfdən isə, Morninqstar, Vaşinqtonun Azərbaycanın öz hərbi qüvvələri ilə Əfqanıstandakı əməkdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb: "Eyni zamanda, 2014-cü ildən sonra - NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanacağı vaxtda Azərbaycanın köməyi məsələsi çox vacibdir və qeyri-hərbi yüklərin daşınması Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcək. Beləliklə, üzərində işləməli və işləməyə davam etməli olduğumuz bir çox məsələlər var. Hesab edirəm ki, bizim çox dərin tərəfdaşlığımız ola bilər".
ABŞ-ın Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyə münasibətinə gəlincə isə səfir bundan çox narahat olduqlarını deyib: "Həm Azərbaycan, həm də Ermənistana aydın şəkildə bildirmişik ki, təmas xəttində vəziyyətin gərginləşməsinin heç bir faydası yoxdur. Əslində, bu, sülh prosesini sarsıdır. Həmçinin bunun gözlənilməz nəticələri ola bilər ki, bu da daha böyük ədavətə gətirib çıxara bilər. Eyni zamanda, hazırda gərginliyin azalması bizi ruhlandırır. Son bir neçə həftə ərzində daha az insident baş verib, halbuki ondan öncəki həftələrdə insidentlərin sayı həddən artıq çox idi. Prezidentlərin noyabr ayında keçirilən görüşü də bizi ruhlandırdı. Hesab edirik ki, sözügedən görüş konstruktiv oldu. Ümid edirik ki, bu görüşlər davam edəcək. Münaqişəni həll etməyin ən yaxşı və yeganə yolu iki prezidentin danışıqlar masası arxasında oturması və münaqişənin həlli istiqamətində konkret addımlar atmasıdır. Bu, bütün azərbaycanlıların və ermənilərin maraqlarına cavab verəcək".
İndiyədək ATƏT-in Minsk qrupunun üzv ölkələrinin Ermənistanı təcavüzkar ölkə kimi tanımaması və bunun vasitəçilərin obyektivliyini şübhə altına salması faktına isə səfir belə münasibət bildirib: "Biz vasitəçilərik. Minsk qrupunun həmsədri kimi biz vasitəçilik edə, yardımçı ola bilərik və hər iki prezidentə münaqişənin həlli istiqamətində irəliləyiş üçün ideyalar verə bilərik. Lakin biz təhqirlə məşğul ola bilmərik. Biz nə Ermənistanı, nə də Azərbaycanı təcavüzkar adlandıra bilmərik, çünki bu, vasitəçi kimi xidmət göstərməyi tamamilə mümkünsüz edir. Bu, o demək deyil təmas xəttində vəziyyət gərginləşdiyi zaman biz tərəfləri bunu dayandırmağa çağırmırıq. İstənilən həmsədrin ölkələrdən hər hansı birini təcavüzkar adlandırmaq istəməsi sülh danışıqları üçün səmərəli olmaz".
ABŞ diplomatı "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tamamən ləğvi məsələsini isə Konqresin "öz işi" adlandırıb: "Bildiyiniz kimi, hər il ABŞ prezidenti tərəfindən 907-ci düzəlişin fəaliyyəti dayandırılır. Bu isə bizə Azərbaycana yardım üçün zəruri olanı etmək imkanı verir. Düzəlişin tamamilə ləğvinə gəldikdə isə, bu, Konqresin işidir. Amma bir daha vurğulamaq istərdim ki, 907-ci düzəliş on ildən çoxdur ki, hər il prezident tərəfindən dayandırılır".
ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsinın artırılması istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən səfir şirkətləri Azərbaycan haqqında öyrənməyə təşviq etdiklərini deyib: "Noyabr ayında bizim ticarət missiyamız burada olub. ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkələri Azərbaycan haqqında daha çox öyrənmək üçün bura gəliblər. "Bakutel" sərgisi keçirilərkən, bizim bir sıra telekommunikasiya, informasiya texnologiyaları şirkətlərimiz gəlib buradakı imkanlarla maraqlanıblar. Hesab edirəm ki, burada işləməyə çox maraqlı olan şirkətlər var. Eyni zamanda, Azərbaycanın investisiyalar üçün daha da əlverişli olması məqsədilə addımlar atması çox vacibdir".
O, hökumətlə kiçik və orta biznesin inkişafını asanlaşdıracaq islahatların və rəqabətin artırılması kimi məsələlər üzərində işlədiklərini də söyləyib: "Biz hökumətlə ÜTT-yə üzvlük məsələsi üzərində də işləyirik ki, bu da bizə yardımçı olmağa imkan verir".
Morninqstar qeyd edib ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu çox vacibdir: "Bu, mənim 1998-ci ildə Bakı-Tiflis-Ceyhan kəməri üzərində işləyərkən məşğul olduğum bir işdir. Hesab edirəm ki, ötən il çox mühüm addımlar atılıb - Avropaya qaz nəqli üçün kəmər seçilib. Hesab edirəm ki, Türkiyə ərazi ilə Trans-Anadolu kəməri (TANAP) və əlbəttə ki, Şah Dəniz qaz layihəsinin ikinci fazasına dair yekun qərarın qəbul edilməsi mühüm və əsas addımlardır. Bu, Azərbaycana məqsədlərinə çatmaqda çox kömək etdiyimiz bir sahədir. Azərbaycanda enerji sektorunun inkişafı ölkənin müstəqilliyini və suverenliyini qoruyur. Bu da, öncə qeyd etdiyim kimi, bizim siyasətimizin əsas hissəsidir".