Ruhanidən səfəröncəsi açıqlama Siyasət

Ruhanidən səfəröncəsi açıqlama

"İran üçün Azərbaycanla münasibətlər çox önəmlidir"

"Qonşu ölkələrlə əlaqələrin inkişafı İranın xarici siyasətinin əsasını təşkil edir və qonşu ölkələr arasında Azərbaycanla əlaqələr bizim üçün çox önəmldir". "Trend"in İran televiziyasın rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Tehran hava limanında Bakıya səfərindən öncə jurnalistlərə deyib.
H.Ruhani bildirib ki, iki ölkəni bir-birinə ortaq mədəniyyət, sivilizasiya və din bağlayır: "Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün geniş potensial var və iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdırılması hər iki xalqın xeyrinədir. İki ölkənin enerji, Xəzərin hüquqi statusu, ekologiya, balıqçılıq, müştərək sərhədlər, turizm və ticarət sahələrində mənafeyini xalqların xeyrinə dəyişə bilmək üçün çalışacağıq".
O, əavə edib ki, iki ölkə regionda baş verən proseslərlə bağlı əməkdaşlıq üçün də geniş potensiala malikdir: "Qafqaz İran üçün şimala və şərqə uzanan bir körpüdür və İran da Qafqaz üçün körpü ola bilər. Səfər zamanı regiondakı problemlər, o cümlədən terrorizmlə mübarizə kimi məsələlər müzakirə olunacaq".
İslam Respublikasının Prezidenti bildirib ki, səfəri zamanı İran və Azərbaycan arasında neftin qiyməti məsələsi ilə bağlı müzakirələr də aparılacaq.