Eştonun azərbaycanlı hüquq müdafiəçisi ilə görüşü Tehranı qəzəbləndirdi Siyasət

Eştonun azərbaycanlı hüquq müdafiəçisi ilə görüşü Tehranı qəzəbləndirdi

İran XİN: "Bu əməl İranla Avropa Birliyi münasibətlərinin yaxşılaşdırılmasına yardım etməyəcək"

Tehrana səfər edən Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və il yarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşməsi İran rəsmilərinin etirazına səbəb olub.
"Media forum" saytının məlumatına görə, Eşton Nərgiz Məhəmmədi və Gövhər Eşqi ilə martın 9-da Avstriyanın Tehrandakı səfirliyində görüşüb. Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə Eşton İranda qadınların durumu və insan hüquqlarının pozulması halları ilə maraqlanıb.
Görüşün Avstriya səfirliyində necə təşkil edildiyi bilinmir.
Eştonun qadın hüquq müdafiəçiləri ilə görüşündən sonra İran rəsmiləri bu hərəkəti kəskin pisləyiblər. İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Məsud Cəzayiri martın 10-da jurnalistlərə açıqlamasında görüşə etirazını bildirib: "Eştonun bu kimi şəxslərlə görüşü onun beynəlxalq diplomatiya qaydalarını pozması deməkdir. Bu həm də onların bizim daxili işlərimizə növbəti müdaxiləsinə bir zəmindir. Bunun qarşısı alınmalıdır. Yaxşısı budur ki, Eşton gedib Avropa Birliyindəki qadınların problemləri ilə məşğul olsun".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm isə jurnalistlərə açıqlamasında deyib ki, bu görüş rəsmi Tehranla koordinasiya edilməyib: "Eştonun bu hərəkəti xalqımızın Qərbə olan şübhəsini daha da artıracaq. Bu əməl İranla Avropa Birliyi münasibətlərinin yaxşılaşdırılmasına yardım etməyəcək".
Bir sıra iranlı deputatlar, o sıradan Ruhullah Hüseyniyan, İsmayıl Kövsəri məsələyə münasibət bildirərək Eştonun güneyli hüquq müdafiəçiləri ilə görüşünü pisləyiblər.