“Dağlıq Qarabağ probleminin həllinin dondurulmasının əsas səbəbkarı Rusiyadır” Layihə

“Dağlıq Qarabağ probleminin həllinin dondurulmasının əsas səbəbkarı Rusiyadır”

Politoloq: “Keçmiş sovet respublikalarının hamısında eyni senari ilə işğal həyata keçirən Rusiya bütün tərəfləri qeyri-müəyyən vəziyyətdə saxlamaqda davam edir”

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Həmsədrlərin Azərbaycana səfəri zamanı erməni ordusunun cəbhə xəttində təxribata əl atması heç də təsadüfi məsələ deyil.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, təmas xəttində Azərbaycan ordusunun işğalçı ermənilər tərəfindən şəhid edilməsi, birbaşa Ermənistanda baş verən klanlar arası mübarizə fonunda baş verdi: “Qarabağ klanının təmas xəttində təxribatlara əl atacağını qeyd etmişdim. Paşinyana qarşı Robert Koçaryan ciddi mübarizəyə başlayır və orduda dayaqları gücüldür. Hazırda Nikol Paşinyan Qarabağdakı erməni ordusuna nəzarət edə bilmir. Buradakı işğlçı ordu Qarabağ klanının nəzarətindədir. Ona görə də biz Ermənistanda inkişaf edən siyasi böhran fonunda bu kimi təxribatların şahidi olacağıq. Bundan əlavə, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Və ötən gün Ermənistan xarici işlər naziri nəticə var kimi çıxış etmişdi. Göründüyü kimi Qarabağ klanı boş dayanmayıb və Paşinyana ciddi təzyiq edir. Təbii ki, Qarabağ klanının başında duran Koçaryan bu gücü Rusiyadan alır. Biz oturub erməni təxribatlarını gözləməməliyik. Mütləq şəkildə işğalşı ordunun müdafiə xətti yarılmalı, güclü zərbələr endirilməlidir. Yetər artıq, Moskvadan bu qədər çəkinmək. Ümumiyyətlə, Qarabağ münaqişəsinin danışıqlarla və diplomatik həlli yoxdur. Bu, proseslər ölkəmizin əleyhinədir”.

Ekspert Zeynal Əmrəliyevin də fikirlərini öyrəndik. O, qeyd etdi ki, bu təxribat bir daha sülhə olan inamı azaltdı: “Erməni cəmiyyətində, siyasi dairələrdə hazırda parçalanma hökm sürür. Bir qrup sülh danışıqlarının davam etməsini, hazırki status-kvonun saxlanmasını istəyir. Digərləri isə danışıqların pozulmasını arzu edir. Birinci qrupu baş nazir Nikol Paşinyan və komandası təmsil edir. İkinci qrupu isə "Qarabağ klanı". Birincilər İrəvənda, ikincilərin Xankəndində hakimiyyətdə olduğunu nəzərə alsaq vəziyyətin harada olduğunu görə bilərik. Bu təxribatçı hərəkət Ermənistanda son günlər yaşanan siyasi vəziyyətlə əlaqədardır. Təxribatın olacağı barədə Azərbaycan tərəfdən bir çox ekspertin proqnozu olmuşdu. "Qarabağ klanı" vəziyyəti qəlizləsdirmək və hərbi toqquşmanın baş verməsini arzu edir. Onların məqsədi aprel savaşına oxşar savaş yaratmaqdır. Çünki bilirlər ki, baş verəcək savaşda Azərbaycan ordusu erməni ordusunu yenidən məğlub edəcək. Bu isə onlara iki məqsəd üçün lazımdır. Birincisi, bu, Nikol Paşinyana qarşı Robert Köçəryanın əlini gücləndirəcək, İrəvanda asanlıqla etiraz dalğasının yarada bilər. İkinci bir məsələ isə, Xankəndidə İrəvanın təsirini azaltmaqdır. Çünki separatçı rejim İrəvanın hər işlərinə müdaxilə etməsini həzm edə bilmir. Bilirsiz ki, Qarabağ ərazisində cinayətkar əməllər həyata keçirilir. Əsas da narkotik ticarəti bu ərazidə geniş yayılıb. Təbii ki, Xankəndidəkilər bu pulu heç kimlə paylaşmaq isdəməz. Əslində mübarizə bir növ bunun üstündə gedir. Mayorumuzun şəhid edilməsi, yenə deyirəm, bu mübarizənin nəticəsidir. Məqsəd toqquşmanın baş verməsi və erməni ordusunun məğlub olmasıdır. Bunun da bütün günahını Paşinyanın üzərinə yıxacaqlar”.

Politoloq Mirsamir Məmmədov isə söhbətimizdə qeyd etdi ki, ermənilərin bu təxribatının həmsədrlərin bölgəyə səfərinə təsadüf etməsi işğalçının Qərb tərəfindən dəstəkləndiyinin əyani sübutudur: “Ermənilər bilir ki, bölgəyə həmsədrlər gəliblər və onlar atəşkəs rejiminə bir günlük də olsa riayət edə bilərdilər. Lakin atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfinin şəhid verməsi, artıq işğalçının heç bir beynəlxalq təşkilat və onun qəbul etdiyi sənədlərə əhəmiyyə vermədiyini əsaslandırdı. Ermənistan onsuz da işğalçılıq siyasətindən əl çəkməyib, həmsədrlərin bölgəyə səfərləri ərəfəsində o qədər belə təxribatlara əl atılıb ki, atəşkəs pozulub, işğal olunan torpaqlarımız yandırılır, mülki əhalimiz atəşə tutulur. Hətta ATƏT-in özü sərhəd bölgəsində ehtiyatla monitorinqlər aparır”.

Politoloq vurğuladı ki, bu hadisə Paşinyana qarşı təxribat da ola bilər: “Paşinyan orduya nəzarət edə bilmir. Çünki ordu Qarabağ ərazisindədir. Paşinyan isə “Qarabağ klanı” ilə mübarizə aparır. Çox güman ki, Koçaryanın Qarabağdakı tərəfdarları Paşinyana qarşı belə plan qurublar. Bundan başqa ötən gün təmas xəttində ölən erməni gənclərinin anaları Paşinyana qarşı çıxış ediblər. Koçaryan və onun Qarabağdakı tərəfdarları yaxşı bilirlər ki, Azərbaycan şəhidinin qisasını alacaq. Kocaryanın Paşinyana qarşı planının mərkəzində sərhəddə ölən ermənilərin analarının baş nazirin üstünə qaldırmaqdır. Paşinyan ölən əsgər anaların qəzəbindən qorxur. Ermənistan hər itki verəndə, orduda çaxnaşma yaranır, əsgərlər qorxudan ordu sıralarını tərk edirlkər. Gənclər orduya çağırışdan imtina edirlər, analar övladlarını gizlədirlər, hər il yüzlərlə erməni gənc ölkədən gedir. Ona görə də Paşinyana qarşı işlədilən ən qorxulu silah sərhəddə erməni gənclərinin itkisinin olmasıdır”.

Digər bir politoloq Vasif Əfəndi bizə bildirdi ki, sərhəddə baş verən məlum olay əvvəlcədən planlaşdırılıb. Onun fikrincə, belə təxribatlarla işğalçı ölkə özünü “güc”lü və beynəlxalq hüquq normalarına riayət etməkdən boyun qaçırdığını və Rusiyaya arxalandığını göstərir: “Qarabağın işğaldan azad olunması üçün indiyə qədər etdiyimiz bütün səylər nəticəsizdir. Əldə olunan yeganə nəticə bu işğalın beynəlxalq səviyyədə tanınmasıdır. Bu da problemin gələcəkdə bizim xeyirimizə həll olunması üçün bir əsasdır. Beynəlxalq qurumların vasitəçiliyi ilə keçirilən danışıqlarda hər hansı bir razılıq əldə olunan kimi, Rusiya dərhal Ermənistan rəhbərini Moskvaya dəvət edib qulaqburması verir: “Bununla da danışıqlar daha bir neçə il uzadılır. Çoxillik təcrübə onu göstəriri ki, problemin həllinin dondurulmasının əsas səbəbkarı Rusiyadır. Keçmiş sovet respublikalarının hamısında eyni senari ilə işğal həyata keçirən Rusiya bütün tərəfləri qeyri-müəyyən vəziyyətdə saxlamaqda davam edir. Bütün bunları təhlil etdikdən sonra aydın olur ki, Rusiya ilə danışıqlarda onların xeyirinə bütün güzəştlərə getsən, hətta qoşunlarını ölkənə buraxsan belə torpaqlar işğaldan azad edilməyəcək. Problemin ədalətli həllini yalnız bir istiqamətdə görürəm. Azərbaycan dayanmadan demokratikləşərək bir Avropa ölkəsinə çevirilməlidir. İqtisadi yüksəliş, yüksək pensiya, sosial məsələlərə xüsusi diqqət, pulsuz təhsil və səhiyyəmiz nəinki Qarabağ ermənilərini hətta Ermənistanı ağıla gətirəcək. O zaman ermənilər yenidən tərkibimizə qayıtmaq üçün qapımızı döyəcəklər”.

Bəs onda atəşkəsi pozmaq əmri hardan və kimdən – İrəvandan, yoxsa Xankəndidən verilib?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan üçün bu sualın cavabının elə bir əhəmiyyəti yoxdur: "Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədəki kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar. Köçəryan tərəfdarları həmin planı hərəkətəmi gətiriblər?

Atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoydular. Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsi təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar: “Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər”. Söhbət humanitar və təhlükəsizlik tədbilərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləriylə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir. “Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir” – bu bəyanatın son cümləsidir".

Siyasi ekspert hesab edir ki, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir. Bütün hallarda həbrçimizin şəhid olmasına görə qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur”.

Cavid