“Onun kimi bir futbolçu olmaq çətindi” İdman

“Onun kimi bir futbolçu olmaq çətindi”

Topaz Premyer Liqasının VI turunda "Neftçi"nin qonağı olan "Sumqayıt" meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb. Qarşılaşmanın ən fəallarından olan "kimyaçılar"ın hücumçusu Vaqif Cavadov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Əzmkar qələbəni nəyə borclusunuz?
- Çox maraqlı oyun oldu. Məncə, hər iki komanda turnir cədvəlində istənilən yerdə deyildi. Bu üzdən həm biz, həm də "Neftçi" meydana qalib gəlmək üçün çıxmışdı. Biz bunu daha çox istədik və Allahın köməyi ilə qələbə qazandıq. Öz komandan haqda onu deyə bilərəm ki, "vuruşduq, bir olduq və mükafatını aldıq. Rəqib haqda danışmaq istəmirəm.
- Milli komandanın baş məşqçisi Robert Prosineçkinin oyunu izləməsi sizə əlavə stimul verirdimi?
- Mənə yalnız komandam, ailəm və özüm stimul verirəm. Çünki meydana çıxanda həmişə komandamın qalib gəlməsi, yaxşı oynaması üçün "vuruşmuşam".
- Millidən dəvət gözləyirsinizmi?
- Bu suallar mənə həmişə verilir. Uzun illər canla-başla millinin formasını geyinmişəm. Nə zaman yığmaya köməyim lazım olsa, əlimdən gələni etməyə hazıram.
- "Neftçi"nin hazırkı durumu qələbənizdə pay sahibi oldumu?
- Mən belə deməzdim. "Neftçi" həmişə "Neftçi"di. Sadəcə, "Sumqayıt" bu gün güclüdü və bunu da sübut elədi.
- Bundan öncəki turda "Qəbələ"yə məğlub olmuşdunuz. Həmin görüşlə bağlı nə deyə bilərsiniz?
- Bu barədə çox danışıldı. Hakimlikdən yenə danışsaq, boş-boşuna söz demiş olarıq. Xallarımızı qaytaran olmayacaq.
- "Qəbələ" ilə görüşdəki hakim səhvindən sonra bu matça psixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?
- Əlbəttə ki, məğlubiyyətin hər zaman təsiri olur. Amma baş məşqçi başda olmaqla bizim elə bir kollektivimiz var ki, tez toparlanmağı bacardıq. Bunun nəticəsini də "Neftçi" ilə matçda göstərdik.
- "Sumqayıt"ın kifayət qədər gənc oyunçuları var. Onların gələcək perspektivinə güvənmək olarmı?
- Gənc də olsan, təcrübəli də olsan, oyun praktikası az olan, meydanda az görünən futbolçunun formaya düşməsi çətin məsələdi. Gənclər üçün yeganə minus təcrübəsizlikdi. Amma bu da oynadıqca, təcrübə topladıqca düzəlir.
- Əminiz İsgəndər Cavadovun 60 illiyi qeyd olunacaq. Ona nə hədiyyəsi verəcəksiniz?
- Əmimi təbrik edirəm. O, bir əfsanədi, Azərbaycan futbolunun tarixidi. Onun kimi bir futbolçu olmaq çətindi. Amma yenə də əmim səviyyəsində bir oyunçu olmağı hər kəs istəyər. O ki qaldı hədiyyəyə, hər şey var. Əmimə sadəcə, can sağlığı arzulayıram.
- Sosial şəbəkələrdə sizinlə çox zarafatlaşırlar. Bunu necə qəbul edirsiniz?
- İnandırım sizi, onlara heç baxmıram. Edənlərin Allah canını sağ eləsin.
- Neçə vaxtdı mətbuatdan qaçırsınız. Deyəsən incimisiniz?
- Xeyr, incikliyim yoxdu. Sadəcə, çox vaxt yersiz tənqidlər olur. Mən həmişə tənqidi sevmişəm. Amma haqsızını yox.