PKK-nın mövqeləri bombalanır Dünya

PKK-nın mövqeləri bombalanır

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı əməliyyatları davam edir

Cavid

Diyarbəkir hərbi bazasından çox sayda qırıcı təyyarələr havaya qalxaraq Şimali İraqa doğru hərəkət edən təyyarələr Hakkarinin Şemdinli bölgəsinin qarşı tərəfindən olan Şimali İraqın Hakurk bölgəsindəki istehkamları bombalayıb. PKK-nın ən strateji mövqeyi hesab olunan Hakurk bazası türk təyyarələri tərəfindən darmadağın edilib. İlkin məlumata görə, PKK-nın idarəçiliyində əsas yerləri tutan 500 terrorçu məhv edilib. Həmçinin yüzlərlə PKK-lı da öldürülüb.
Bu arada qurudan da hücumların həyata keçirilməsi məsələsinin müzakirə olunduğu deyilir. Havadan hücumların ardından 22 bölgədə PKK-nın Türkiyədəki qollarına qarşı əməliyyatlar keçirilib və demək olar ki, bütün şəbəkə zərərsizləşdirilib. Şimali İraqda PKK hədəflərinin bombalanmasından sonra xüsusi təyinatlı "Bordo berelilər"in sərhədi keçərək 30 kilometrə qədər irəlilədiyi və əvvəlcədən müəyyənləşdirilən hədəfləri məhv etdiyi haqda məlumatlar yayılıb. "Xəncər" adlanan əməliyyat zamanı xüsusi təyinatlılar bombalanma zamanı az zərər görmüş hədəfləri tamamilə məhv edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Alisteyr Baskey Türkiyənin son günlər PKK-ya qarşı keçirdiyi antiterror əməliyyatlarını və hava hücumlarını dəstəkləyib. Baskey bildirib ki, ABŞ Türkiyənin İŞİD və PKK-nın terror hücumlarına qarşı özünü müdafiə etməsinə hörmət edir: "NATO-dakı müttəfiqimiz olan Türkiyənin İŞİD və PKK-nın terrorçu hucumlarına qarşı özünü müdafiə haqqına hörmətlə yanaşırıq. ABŞ-ın terror təşkilatları siyahısında olan PKK terrorçu fəaliyyətindən əl çəkərək Türkiyə ilə dialoqa başlamalıdır".
Baskey onu da bildirib ki, gərginliyin azalması və barış üçün tərəflər çözüm mərhələsinə sadiq qalmalıdır: "Zorakılıq təhlükəsizlik və inkişaf baxımından Türkiyə vətəndaşlarının xeyrinə deyil. ABŞ Dövlət Departamenti də Türkiyənin PKK-ya qarşı əməliyyatlarına dəstək verib. Departmentin müşavir köməkçisi Brett Mak Qark PKK-nın hücumlarına qarşı Türkiyənin özünümüdafiə haqqına hörmət etdiklərini bildirib. Mak Qark PKK-nın Türkiyəyə qarşı terror hücumlarını şiddətlə qınadıqlarını deyib. Həmçinin bildirib ki, PKK-ya qarşı məlum əməliyyatlarla ABŞ-la Türkiyənin İŞİD-ə qarşı birgə əməliyyatları arasında heç bir əlaqə yoxdur. Və bununla bağlı son günlər çıxan xəbərlər həqiqiqəti əks etdirmir: "İŞİD-ə qarşı bütün tərəfdaşlarımız, həmçinin Türkiyə ilə əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik". Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Liderlər terrorçu İslam Dövləti (İŞİD) təşkilatından gələn təhlükələrlə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli koordinasiyanın daha da gücləndirilməsi məsələsini müzakirə ediblər. Prezidentlər qeyd ediblər ki, terrorun və ekstremizmin yayılmasının qarşısının alınmasında uğur əldə etmək üçün bütün maraqlı dövlətlərin beynəlxalq hüquqi əsaslarla səylərini konsolidasiya etməsi vacibdir. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Putin və Ərdoğan həmçinin Yaxın Şərq, əsasən də Suriya və İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törədilib. Nəticədə 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. İstintaqın məlumatına görə, terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz törədib. Türkiyə hakimiyyəti partlayışın İŞİD tərəfindən təşkil edildiyini açıqlayıb. Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirib. Eyni zamanda Türkiyə hökuməti İŞİD-in mövqelərinə hava zərbələri endirmək üçün Adanadakı İncirlik hərbi bazasını ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına verib.