Ukrayna parlamentində partlayış Dünya

Ukrayna parlamentində partlayış

Ukraynanın Ali Radasının binası qarşısında qarşıdurmalarda 100 nəfər zərər çəkib.
Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, Ali Radanı müdafiə edən hərbi qulluqçuların arasında həlak olanlar var: "Məndə artıq informasiya var ki, həlak olanlar var. Milli Qvardiyanın gəncləri həlak oldular".
Jurnalistlər mitinqçilərin polislərə doğru 2 qumbara atdığını bildirirlər. Kiyevin milis rəisi Aleksandr Tereşşuk hadisə zamanı 100-ə yaxın asayiş keşikçisinin yaralandığını açıqlayıb. Yaralılardan 3-nün durumu ağırdır.
Daxili işlər naziri Arsen Avakov isə 30-a yaxın hüquq pozucusunun saxlanıldığını və həbslərin davam edəcəyini söyləyib.
"Unian" agentliyi iki hərbi qulluqçunun öldürüldüyünü xəbər verib. Məlumata görə, Ali Radanı mühafizə edən hərbi qulluqçulara qumbara atan şəxs də tutulub.
Qeyd edək ki, Ukraynanın Ali Radası bu gün Konstitusiyaya dəyişikliklərin daxil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda səsverməyə çıxarıb. Dəyişikliklərə etiraz edənlər Ali Radanın qarşısında etiraz aksiyası keçiriblər.