Ankara Qarabağ münaqişəsini ölü nöqtədən tərpətmək istəyir
Cavid
"Nezavisimaya qazeta" nəşri Türkiyə-Rusiya qarşıdurması fonunda Ankaranın Qarabağda müharibəyə başlaması haqda informasiyaları şərh edib.
Nəşr yazır ki, Rusiyanın iqtisadi sanksiyalarına, həmçinin, "erməni məsələsində" İrəvanı dəstəkləməsinə qarşı Türkiyə ciddi addımlar ata bilər.
"Davudoğlunun Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Türkiyənin əlindən gələni edəcəyi haqda bəyanatından dərhal sonra məlumat yayıldı ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə-Ermənistan sərhədində 7 minlik əsgər yeridib", - deyə nəşr qeyd edib.
Hərbi ekspert Viktor Litovkin nəşrə açıqlamasında bildirib ki, bu, yanlış informasiya ola bilər: "Mən əmin deyiləm ki, ordu həqiqətən də hazırlanır. Lakin bu faktdır ki, Türkiyə ilə Ermənistan sərhədi erməni ordusu ilə yanaşı, həmçinin, rus əsgərləri tərəfindən də qorunur. Orada bizim hərbi bazamız var. Bu baxımdan, Rusiyadan ora qoşunların göndərilməsi xəbəri qəribə görünür. Onsuz da Ermənistandakı artilleriyamız Türkiyəyə doğru tuşlanıb".
Ekspert qeyd edib ki, müharibə olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana dəstək verəcək: "Hətta KTMT bundan imtina etsə belə, Rusiya mütləq öz yardımını edəcək. Çünki müqavilə var. Bunu Azərbaycanda anlayırlar. Digər tərəfdən, Türkiyə Qarabağda müharibəyə başlayarsa, NATO-nu da bu müharibəyə qoşmuş olacaq. Şimal Alyansının indi buna nə qədər hazır olduğunu demək çətindir".
Bu arada "İnterfaks" agentliyi bildirib ki, Rusiya "Türk axını" qaz kəməri və "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi üzrə Türkiyə ilə danışıqları dayandırıb.
"Sanksiyaların altına Rusiya qazının çatdırılması düşmür və bu, müqaviləyə uyğun olaraq həyata keçiriləcək", - agentliyin həmsöhbəti deyib.
Qeyd edək ki, dekabrın 1-də Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə barəsində iqtisadi sanksiyaları konkretləşdirən qətnaməni imzalayıb. Qətnamədə 2016-cı ili 1 yanvar tarixindən Türkiyədən idxalına qadağa qoyulan kənd təsərrüfatı məhsulları, xammal və ərzaqların siyahısı təsdiq edilib. Lakin sənəddə "Türk axını" qaz kəməri və "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi üzrə layihələr xatırlanmayıb.
Amma dekabrın 1-də Dövlət Dumasının energetika komitəsinin üzvü Yuri Lipatov bildirib ki, 2016-cı il federal büdcəsində "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisinə vəsaitin ayrılması nəzərdə tutulmayıb.
Türkiyə və Rusiya "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi haqqında müqaviləni 2010-cu ildə imzalayıb. Müqavilə 1200 meqavatt gücündə dörd enerji blokunun qurulmasını nəzərdə tutur. Rusiya layihəsi üzrə tikiləcək stansiya Türkiyədə istehlak edilən elektrik enerjisinin 17 faizini ödəməli idi. Stansiyanın birinci blokunun 2020-ci ildə istismara verilməsi planlaşdırılmışdı. Layihənin ümumi qiyməti 22 milyard dollar qiymətləndirilir. Rusiya layihəyə artıq 3 milyard dollar sərmayə qoyub.
Ukraynadan yan keçən "Türk axını" qaz kəməri layihəsi barədə razılaşma isə Rusiya prezidenti
Vladimir Putinin Ankaraya 2014-cü ilin dekabrında etdiyi səfərində əldə olunmuşdu.