Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45

Elşən Manafov: “Məqsəd məhz Ermənistanı Rusiyanın təhdid dairəsindən çıxartmaqdır”
Ermənistanla Rusiya arasında gərginlik yenidən gündəmdədir. Xankəndi-Laçın yolunda azərbaycanlı ictimai fəalların bir aydan artıqdır keçirdikləri aksiya rəsmi İrəvanın Moskvaya qarşı ittihamlarını artırmaqla yanaşı, hakimiyyəti təşvişə salıb. Rəsmi İrəvan hesab edir ki, Xankəndi-Laçın yolundakı aksiyanın qarşısını Rusiya sülhməramlı kontingenti almalıdır, amma Moskva bunda maraqlı olmadığından Ermənistan da ondan üz çevirib.
Əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı ittiham etdi, daha sonra Baş nazir Nikol Paşinyan Moskvaya qarşı çıxdı. İrəvan küçələrində Kremlə qarşı aksiyalar da təşkil olundu. Hətta Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirildi. Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən aksiyaçıların məqsəd Rusiya hərbi bazasını mühasirəyə almaq idi. Aksiyaçılar Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə şüarlar səsləndiriblər.
Onu da qeyd edək ki, Paşinyan hökumətin iclasında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın yolunda vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb.
Paşinyanın daha bir fikri Moskvaya medyan oxumaq kimi qəbul etmək olar: “Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman Kreml BMT sülhməramlı kontingentinin mandatını almaq barədə BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent yerləşdirilməlidir”.
O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana kömək etmədiyini deyib, sülhməramlıların fəaliyyətindən narazılığını ifadə edib.
Bu azmış kimi Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.
KTMT-nin sözçüsü Vladimir Zaynetdinov isə bildirib ki, qurumun Katibliyi Ermənistanda "Sarsılmaz Qardaşlıq-2023" təlimlərinin ləğvi ilə bağlı hələlik İrəvandan rəsmi bildiriş almayıb.
"Bu il bu təlimin Ermənistanda keçirilməsi əvvəlcədən təsdiqlənib. KTMT katibliyi təşkilatın müəyyən etdiyi prosedura uyğun olaraq bu təlimlərin ləğvi ilə bağlı Ermənistan tərəfdən rəsmi bildirişlər almayıb. Biz Ermənistandakı mövcud vəziyyətə anlayışla yanaşırıq. Bu isə KTMT-nin nəzərdə tutulan sülhməramlı təlimlərinin tam keçirilməsinə imkan verməyə bilər", - Zaynetdinov jurnalistlərə bildirib.
O, qeyd edib ki, KTMT-nin katibliyi və birgə qərargahı təşkilatın nizamnamə orqanları tərəfindən təsdiq edilmiş qoşunların döyüş hazırlığı planlarının tam həcmdə yerinə yetirilməsini təmin etmək üçün bütün səyləri göstərir.
Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun bu ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Onun sözlərinə görə, müttəfiq hesab olunan Rusiyanın susqunluğu Ermənistanın təhlükəsizliyinə zəmanət vermir.
Lakin bütün bunlara baxmayaq, Nikol Paşinyan İrəvanın Rusiyanın təklikləri çərçivəsində Azərbaycanla sülh müqaviləsi ilə bağlı sənədi imzalamağa hazır olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə deyib ki, Paşinyanın mövqeyi Rusiya və KTMT-ni təxribata sürükləmək, Azərbaycanla ehtimal olunan perspektiv hərbi qarşıdurmaya cəlb etməyə hesablanıb: “Ermənistan artıq iki ilə yaxındır ki, üçtərəfli bəyanatın şərtlərindən irəli gələn öhdəliklərə əməl etmir. Bu isə rəsmi Bakının açıqlamalarında müharibə ritorikasının artmasına səbəb olub. Paşinyan başa düşür ki, onun ikili mövqeyi əvvəl-axır yenidən tərəflər arasında hərbi qarşıdurmanı qaçınılmaz edəcək. Ona görə özünü sığortalamaq, KTMT-dən hərbi əməliyyatların başlanacağı təqdirdə təminat almaq istəyir”.
E.Manafov onu da qeyd edib ki, Rusiyanın Ukraynada faktiki olaraq NATO ilə apardığı müharibə onun Cəbubi Qafqaz maraqlarına uyğun siyasət sərgiləməyən Ermənistana qarşı ciddi tədbir görmək imkanını məhdudlaşdırıb. Paşinyan müxalifətdə olarkən Ermənistanın KTMT, habelə AİB-dən çıxmasının zəruriliyi ilə bağlı bəyanatlar verib. Əslində ona hakimiyyətə gəlməyə məhz həmin layihəni gerçəkləşdirmək üçün Qərbdəki havadarları dəstək olub.
Politoloqun fikrincə, Cənibi Qafqaz regionunda sülhə və sabitliyə daim ciddi təhdid törədən, onu terror ilə hədələyən tərəf məhz Ermənistan, Erməni kilsəsi və erməni millətçiliyinin girovuna çevrilmiş xalq isə məhz binəva ermənilər olmuşlar: “Ermənistanın millətçi dairələrinin "Böyuk Ermənistan" kimi sərsəm ideyaları region uğrunda geosiyasi mübarizə aparan imperialist dairələrin maraqlarına cavab verdiyindən bəlli dairələr regional maraqlarının realizə olunması üçün zaman-zaman erməni millətçiliyindən yararlanmağa çalışıb. Rusiyanın Ermənistandakı hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin etmək zərurətindən burada yerləşdirilməyib. Rusiya ilk növbədə özünün regional maraqlarını qorumaq, regionun Qərbin nüfuz dairəsinə düşməməsi üçün burada öz hərbi qüvvələrini yerləşdirib. Gürcüstanın ardınca Ermənistanın da Qərbin təsir dairəsinə duşməsi ehtimalı Rusiyanı narahat etdiyindən rəsmi Moskva Ermənistanda öz hərbi bazasını yerləşdirib. Bu baza regionda Qərblə əməkdaşlığa meylli siyasi elitalar üçün ciddi xəbərdardır. Eyni zamanda regionda qüvvələr nisbətin dəyişdirmək üçün müəyyən cəhdlərdə bulunacaq xarici qüvvələr üçün də bir çəkindirici ciddi mesajdır”.
Politoloqun fikrincə, Paşinyanın bu kimi manevrləri öz hakimiyyətinin vaxtını uzatmağa xidmət edir.
“Hazırda Paşinyan Rusiya və Ukrayna müharibəsinin Ermənistanın xeyrinə hər hansı geosiyasi zəmin yaradacağını düşünür. Bu şəxs müxalifətdə olarkən dəfələrlə ölkəsinin KTMT və Avrasiya İttifaqını tərk etməsinə çağırıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, Nikol Paşinyan ABŞ-a daha yaxınlığı ilə seçilən Soros Fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gəlib. Bildiyimiz kimi, bu fond post-sovet ölkələrində rəngli inqilabların müəllifidir. Bu baxımdan Paşinyan Qərbin geosiyasi maraqlarına uyğun siyasi manevrlər edir və ölkəsini sifarişlər əsasında yönəldir. Beynəlxalq Valyuta Fondu, ABŞ-ın fondları və digər beynəlxalq təşkilatlar Ermənistanın indiki hakimiyyətinə təsir imkanları kifayyət qədərdir. Amma Paşinyan onu da yaxşı başa düşür ki, Rusiyanın regiona və Ermənistana təsir imkanları genişdir. Bu ölkə Rusiyadan siyasi, iqtisadi və hərbi cəhətdən çox asılıdır. Belə olan halda Paşinyan tam sərbəst hərəkət edə bilmir”.
E.Manafov qeyd edib ki, Paşinyan rol aldığı və geosiyasi səciyyə daşıyan məlum ssenaridə də məqsəd məhz Ermənistanı Rusiyanın təhdid dairəsindən çıxartmaq və karbohidrogen ehtiyatları ilə zəngin su hövzəsinə Qərbdəki bəlli dairələrin sahiblənmək istəklərini realizə etməkdir. Paşinyan bunu heç gizlətmir də, zira o hələ Ermənistan parlamentində müxalifəti təmsil edən siyasətçi olaraq Rusiyanın Ermənistanı təhdid etdiyini, buna son vermək üçün isə Rusiyanın patronajlığı altında olan KTMT-dən, habelə AİB-dən kənarlaşmanın həyati vacibliyi ilə bağlı bəyənatlarla çıxış edirdi: “Onun bu açıqlamaları isə Kreml ilə münasibətlərdə gərginləşməyə səbəb olmaqla yanaşı, dolayısı yolla olsa da 44 günluk müharibədə bizim xeyrimizə işlədi. Moskva Azərbaycanın işgal altında olan torpaqları hərbi yolla azad etmək hüqunun olduğunu bəyan etdi və əslində muttəfiqi olan Ermənistanı Azərbaycanla müharibədə təkbətək qoymaqla onun labüd məğlubiyyətinə səbəb oldu. Ermənistanın Rusiya tərəfindən təhdid edilməsi ilə bağlı açıqlamalarında isə Paşinyan haqlıdır, hərçənd Rusiya Ermənistanımı təhdid edir, yoxsa Paşinyanı, dolayısı yolla ilə olsa Soros və onun kimilərini? Bəllidir ki, bu təhdidlər bölgədə qüvvələr nisbətini dəyişmək istəyən məlum qlobal maliyyə mərkəzlərinə, daha konkret desək isə Rotşildlərə qarşıdır”.
Politoloq həmçinin Fransa-Ermənistan münasibətlərinə tarixi kontekstdən yanaşmaq lazım olduğunu da vurğulayıb.
“Fransada mövcud olan erməni lobbisi siyasi rəhbərlik və müxtəlif siyasi dairələr üzərində geniş təsir imkanlarına malikdir. Paşinyanın Fransadan müəyyən geosiyasi və maliyyə dəstək almağa çalışması Ermənistanın maraqları baxımından anlaşılandır. Ancaq təhlükəsizliyə zəmanət məsələsinə gəlincə isə Fransanın Cənubi Qafqazda Rusiya və ABŞ-la müqayisədə geosiyasi və geostrateji təsir imkanları məhduddur”.
Sonda Elşən Manafov bildirib ki, Paşinyan bir müddət Qərbin dəstəyi ilə hakimiyyətdə qalacaq.
“Rusiyanın Ermənistanda indiyə qədər sınaqdan keçirdiyi siyasi ünsürlər, xüsusilə Qarabağ klanın iki əsas təmsilçisi hesab olunan Koçaryan və Sarkisyan erməni ictimaiyyətində öz nüfuzlarını və etimadlarını itiriblər. Bu müəyyən mənada Paşinyanın xeyrinədir. Moskva indi Ruben Vardanyan kartını işə salmağa başlayıb. Lakin Vardanyan kartının müsbət nəticə verəcəyi də sual altındadır. Belə olan təqdirdə Rusiya Paşinyanın mövcudluğunu qəbul etməyə məcbur olacaq. Ermənistanda anti-Rusiya nümayişlər isə bilavasitə Paşinyan hakimiyyəti tərəfindən provokasiya edilir”.
Cavid