“Hava limanları terrorçular üçün cazibəli yerlərdir” Dünya

“Hava limanları terrorçular üçün cazibəli yerlərdir”

Türkiyəli ekspert: "Bundan sonra o məkanların sadəcə içərisinin deyil, qapalı olmayan sahələrinin sıx şəkildə mühafizəsi də daxil edilməlidir"

Terror və təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis, "Milliyet" qəzetinin köşə yazarı və NTV telekanalının şərhçisi Nihat Əli Özcanın APA-ya müsahibəsini təqdim edirik.

- Hər terror aktından sonra bizə verdiyiniz açıqlamalarda terrorun davam edəcəyini təəssüflə bildirirsiniz. Atatürk havalimanındakı son aksiya ilə bağlı nə demək istərdiniz?
- Hava limanları həmişə terrorçular üçün cazibə doğuran və terror aksiyaları keçirmək üçün ən çox həvəsləndikləri yerlərdir. Çünki hava limanlarında həmişə insan çox olduğu üçün həyata keçirilmiş hər hansı aksiya dünya miqyasında əks-səda doğurur və terrorçuların öz hədəflərini reallaşdırmaları yolunda onları daha da ruhlandırır. Dünən axşamkı terror aktı bizə göstərdi ki, hava limanlarının təhlükəsizliyi məsələsində polis və təhlükəsizlik qüvvələri ilə terrorçuların düşüncələrindəki "aeroport təhlükəsizliyi" fərqli şeylərdir. Belə ki, təhlükəsizlik qüvvələri öz vəzifələrini daha çox aeroportun içində həyata keçirməkdə görürlərsə, dünənki hadisə göstərdi ki, terrorçular üçün nəzarət cihazlarını keçmədən də aksiya həyata keçirmək onların baxımından öz məqsədlərinə çatmış sayılır. Dünənki hadisə aeroportun içində yox, bayırda başlayaraq daha sonra içəridə davam etdirilib. Ona görə də bundan sonra "aeroport təhlükəsizliyi" məfhumuna o məkanların sadəcə içərisinin deyil, qapalı olmayan sahələrinin sıx şəkildə mühafizəsi də daxil edilməlidir. Bu durumda hava limanlarında terrorizmə qarşı daha təsirli şəkildə mübarizə aparmaq mümkün olacaq.
- Bəzi əcnəbi agentliklər hadisədən dərhal sonra terroru İŞİD-in törətdiyini xəbər verdilər.
- Agentliklər yazsa da, yazmasa da, hadisənin bütün parametrləri onu DAEŞ-in törətdiyinə işarə edir. Bunu dünən gecədən bəri biz də şərhlərimizdə deyirik. Terror aksiyasında istifadə edilən bombalar, daha çox insan öldürmə hədəfi, canlı bombalardan istifadə və başqa dəlillər terroru DAEŞ-in həyata keçirdiyinə şübhə yeri qoymur. Aeroportun beynəlxalq uçuşlar bölümünün DAEŞ tərəfindən hədəf seçilməsi də o terror təşkilatının təkcə Türkiyədə deyil, dünya miqyasında da qorxu yaratmaq istədiyini göstərir.
- Terror aksiyasının "Aeroflot" hava yollarının sərnişin qeydiyyatı bölümünün önündə həyata keçirilməsi Rusiyaya verilən bir mesaj ola bilərmi? Çünki Suriyada "İslam Dövləti" terroruna qarşı ən təsirli havahücumlarını Rusiya Hərbi Hava Qüvvələri həyata keçirməyə davam edir.
- Terror aksiyasının "Aeroflot" sərnişin qeydiyyat bölümünün önündə həyata keçirilməsinin Rusiyaya verilmiş bir mesaj olduğunu düşünmürəm. Nəzarət cihazlarından atəş açaraq aeroportun açıq sahələrinə girəndən sonra "Aeroflot"un qeydiyyat bölümünə yönəlmələri təsadüfdür. Terrorçuların oradakı məqsədi kimləri öldürmək yox, daha çox adam öldürmək olub. Bir neçə ay əvvəl Brüssel aeroportundakı həyata keçirilmiş terror aksiyasını da nəzərə alsaq, dünya ölkələrinin hava limanları terrora qarşı təhlükəsizlik tədbirlərinin gözdən keçirməsinin vaxtının gəldiyini deməliyəm.