İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıyır - YENİLƏNİB Dünya

İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıyır - YENİLƏNİB

Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 28 mayda Fələstin dövlətini tanıyacığını açıqlayıb. İrlandiya Baş naziri Simon Harris də Fələstini dövlət olaraq tanıdıqlarını bəyan edib.

***

10:47

Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib.

APA AP-yə istinadən xəbər verir ki, bu barədə Norveç Baş naziri Yonas Qar Störe bildirib.

“On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: iki dövlət, sülh və əmin-amanlıq içində yan-yana yaşamaq”, - Baş nazir deyib.

Baş nazir həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir.

O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb: “Həmin gün bizimlə həmfikir bir sıra Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq”.

Qeyd edək ki, aprelin sonunda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fələstinin mayın sonuna qədər bir neçə Aİ ölkəsi tərəfindən tanınacağını bildirmişdi. Hazırda Avropa dövlətləri arasında Fələstinin müstəqilliyi Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tərəfindən tanınır.

Ümumilikdə Fələstini BMT-nin 193 ölkəsindən 143-ü müstəqil dövlət kimi tanıyır.