“Erməni şərhçilər bunu obyektiv mənzərə hesab edir” Dünya

“Erməni şərhçilər bunu obyektiv mənzərə hesab edir”

“Ermənistandakı aksiyanın kürləviləşməməsi o deməkdir ki, keçmiş prezidentlər Robert Köçəryan, Serj Sarkisyan və erməni Apostol Kilsəsinin rəhbərlik etdiyi hərəkat nəinki yeni iştirakçılar cəlb edə bilməyib, həm də iştirakçıların sayında azalma qeydə alınıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O, diqqətə çatdırıb ki, erməni şərhçilər bunu obyektiv mənzərə hesab edir, çünki iki həftəlik aktivləşmə dövründə bu müxalifət hərəkatı Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı konkret alternativ təklif etməyib: “Onlar ictimaiyyətə sübut edə bilmədilər ki, Nikol Paşinyan hökumətinin demarkasiya ilə bağlı həyata keçirdiyi siyasət yanlışdır.
Müxalifət səhvlərə yol verdi. Paşinyan açıq şəkildə bəyan edir ki, Alma-Ata bəyannaməsi və 1976-cı il xəritəsi sərhədlərin müəyyənləşdirilməsi üçün əsasdır, biz müxalifətdən fərqli və fantastik fikirlər eşitmişik. Bu gün baş nazirliyə namizəd elan edilən Baqrat Qalstanyan revanşist olduğunu və Ermənistan sərhədinin erməni əsgərinin dayana biləcəyi yer olduğunu bildirib.
Bu absurd bəyanatdır; qeyri-qanunidir və müharibə məntiqini nəzərdə tutur. Yəni müxalifət demarkasiya üçün heç bir xəritə və ya hüquqi əsas qəbul etmir, atəşkəs xəttini əsas kimi qəbul etməyi təklif edir. Bu o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədi müharibə yolu ilə həll olunmalıdır.
İddiaya görə, 1926 və 1988-ci illərin xəritələri ilə sərhədlərin müəyyənləşdirilməsi təklifləri də səsləndirilib. Lakin, məsələn, 1988-ci il xəritəsi sertifikatlaşdırılmayıb və heç bir hüquqi əsası yoxdur. 1976-cı ilin xəritəsi 1926-cı ilin xəritəsi əsasında hazırlanıb”.