Türkiyəni sarsıtmaq, onu öz yolundan döndərmək mümkün deyil Dünya
Ötən həftə, oktyabrın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ müdafiə müəssisəsinə qarşı terror aktı baş verib. Deputatlar və siyasi şərhçilər “Sözügedən terror aktında məqsəd nə olub?”, “Niyə bu terror hadisəsi törədilib?” sualları ətrafında fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
“Türkiyəni sarsıtmaq mümkün deyil”
Milli Məclisin deputatı Aydın Mirzəzadə Ankarada baş verən terror hadisəsinin hər kəsi dərindən sarsıtdığını deyərək əlavə edib ki, bu hadisə müəyyən siyasi məqsədlərə yönəlmiş təxribat idi. O, bu hadisənin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Rusiya səfəri ərəfəsində baş verməsinin heç də təsadüf olmadığını bildirib: “Bu təxribata çoxdan hazırlıq gedirdi. Ancaq onlar üçün münasib bir vaxtın seçilməsi qarşıda dayanırdı. Hadisədə məqsəd hay-küy yaratmaq, həmçinin bacardıqları qədər çox insana zərər vermək idi. Hadisənin törədən 2 terrorçu onsuz da məhv ediləcəklərini, təxribatlarının sonadək baş tutmayacağını bilirdilər. 20 nəfər yaralandı, 5 nəfər dinc insan həlak oldu. Türkiyənin dünyanın bütün güc mərkəzləri ilə eyni münasibət saxlaması müəyyən qüvvələrin marağında deyildi. Bununla onlar Türkiyəni müstəqil siyasətindən çəkinməyə, milli maraqlarına zidd addım atmağa məcbur etmək istəyirlər. Amma ilk reaksiya və Türkiyə Prezidentinin səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtması göstərir ki, Türkiyəni sarsıtmaq, onu öz yolundan döndərmək mümkün deyil”.
Deputat həmçinin qeyd edib ki, bütün bunlar qardaş ölkə kimi bizim də qələbimizi ağrıdır: “Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəp Tayyib Ərdoğana ilk başsağlığı verənlərdən biri olması hadisənin Azərbaycanda da böyük əks-səda doğurduğunu, eləcə də bizim hər zaman bütün imkanlarımızla Türkiyənin yanında olduğumuzu göstərir”.
“Onlar bir məsələni yaddan çıxarırlar ki...”
Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Ankarada törədilən bu terror aktının məqsədinin qardaş Türkiyənin milli müdafiə sənayesinə zərbə vurmaq olduğunu deyib.
E.Eltürk terror aktının baş verəcəyi ilə bağlı ehtimalların daha əvvəl olduğunu və hətta müəyyən filmlərdə də bunun səhnələşdirildiyini vuğulayaraq əlavə edib ki, bir neçə il əvvəl “Təşkilat” filmində də bu ehtimallar ssenariyə salınıb: “Filmdə göstərilən əsas hədəf Türkiyənin milli müdafiə sənaye sistemi və onu inkişaf etdirən mühəndislərdir. Sadə bir məntiq var: terror təşkilatını yaradan qüvvələr Türkiyənin başını qatmaq və ümumi hədəflərdən yayındırmaq üçün istifadə edirlər. Son 30 ildə terror təşkilatlarını idarə edənlər Türkiyəni zəiflətməyə və öz təsir dairlərində saxlamağa çalışırlar. Onlar bir məsələni yaddan çıxarırlar ki, Türkiyə regional gücdən, beynəlxalq gücə çevrilmə yolunda önəmli məsafə qət edib”.
O vurğulayıb ki, beynəlxalq münasibətlər sistemində Türkiyə güclü tərəf kimi çıxış edir deyə bu faktorlar həmin qüvvələri narahat edir: “Onlar Türkiyənin inkişafını əngəlləməyə çalışırlar. Amma Türkiyəni öz yolundan çəkindirmək və strateji xəttindən uzaqlaşdırmaq qeyri-mümkündür. Əvvəlki dönəm arxada qalıb. Türkiyə öz milli maraqlarının qorunması istiqamətində yürüdülən siyasətdən bir addım da geri çəkilməyəcək. Yəni, Türkiyə qarşısına hədəf qoyub və ona da nail olacaq. Xüsusilə, Türkiyə öz milli müdafiə sənayesinin inkişafına nail olmağa çalışır və bu yolda da ciddi irəliləyişlər var. Terror aktı zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfalar diləyirəm. Beynəlxalq ictimaiyyətdən, insan hüquqları təşkilatlarından terrorun qətiyyətlə lənətlənməsini, pislənilməsini gözləyirik”.
“PKK-nın atdığı addımlar daha çox ABŞ-nin işinə yarayır”
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bu terror aktında iki faktorun özünü göstərdiyini bildirib: “Bunlardan birincisi odur ki, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının terrorun bitməsi ilə bağlı qarşı tərəf olaraq Abdullah Öcalanı və DEM Partiyasını görməsi Kandildəki PKK-nın ciddi narazılığına səbəb oldu. Oradan təcili açıqlama gəldi ki, biz, Öcalanı lider olaraq tanımırıq, o, faktiki olaraq Türkiyə hökumətinin əlində bir oyuncaqdır, Türkiyənin nəzarətindədir, o baxımdan onun bizim üzərimizdə hər hansısa bir hökmü yoxdur”.
A.Ələsgər qeyd edib ki, ardınca bu hadisənin baş verməsi ona işarət edir ki, PKK A.Öcalan üzərindən terrorun bitməsi ilə müzakirələr aparılmasında maraqlı deyil: “Bunu göstərir ki, əgər bu barədə müzakirə aparmaq istəyirsinizsə bizimlə aparın, amma Türkiyədə onlarla müzakirə yox, mübarizənin tərəfində olanlar və terrorçu ilə danışıqların əleyhinə olanların sayı da kifayət qədər çoxdur. İctimaiyyət də PKK-nın bitirilməsi tərəfindədir, nəinki, hansısa bir qanadı ilə danışıqların aparılması məsələsində. Yəni cəmiyyət də burada daha radikal şəkildə terrorun bitirilməsinin tərəfindədir”.
O, burada ikinci faktor kimi Türkiyə-ABŞ münasibətlərini qeyd edib: “Türkiyə Prezidenti Azərbaycan və digər dövlət başçıları ilə birlikdə Putinin dəvəti ilə Tatarıstanda BRICS toplantısına qatılıb. O baxımdan bunu həm də qəhrəman Kazanda baş verənin Kazandakı diplomatik münasibətlərə ABŞ-nin cavabı olaraq da qiymətləndirənlər az deyil. Çünki PKK hər kəsə məlum olduğu kimi Sovetlər tərəfindən qurulsa da hazırda ABŞ-nin oyuncağıdır, ABŞ-nin dediyi ilə oturub, durur. O baxımdan hesab edirəm ki, burada PKK-nın atdığı addımlar daha çox ABŞ-nin işinə yarayır və ABŞ-nin Türkiyəyə gözdağı mesajı kimi də qiymətləndirilə bilər”.
“PKK rəhbərliyi belə bir mesaj verməyə çalışır ki...”
Politoloq Oqtay Qasımov bu hadisəni çox ciddi bir terror hadisəsi adlandırıb və onun zamanlamasının da kifayət qədər maraqlı olduğunu diqqətə çatdırıb: “Belə ki, bir neçə gün öncə Türkiyədə Milliyyətçi Hərəkat Partiyası tərəfindən terrorçubaşı Abdullah Öcalana bir müraciət olundu. Ona təklif olundu ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək orada terror təşkilatını buraxdığı və silahı yerə qoyduğu ilə bağlı bəyanat versin”.
O.Qasımov bildirib ki, bu hadisə bir neçə səbəbdən törədilə bilər: “Bu səbəblərdən birincisi qeyd etdiyim kimi məhz PKK terror təşkilatının bu çağırışa və Türkiyədə terroru bitirməklə bağlı Türkiyə hakimiyyətinin irəli sürdüyü təklifləri sabotaj etməkdir. Çünki yayılan məlumatlara görə A.Öcalanla onun qohumu İmralda görüşüb. Son iki il yarımda bu, ilk belə görüşdür. A.Öcalanla Şimali İraqda Kandildə yerləşən terror təkilatının rəhbərliyi arasında bir çox məsələlərdə fikir ayrılığı var. Belə heab olunur ki, məhz bu hadisəni törətməklə İraqda yerləşən PKK rəhbərliyi belə bir mesaj verməyə çalışır ki, əsas güc onlardır və onların rəyi olmadan hansısa bir anlaşmaya getmək mümkün deyil”.
Politoloq bu terrora digər bir səbəb isə son dövrlər Yaxın və Orta Şərqdə baş verən hadisələr və Türkiyənin bu prosesdə tutduğu rol olduğunu deyib. O, qeyd edib ki, məhz bu terror hadisəsi ilə müəyyən güclər tərəfindən Türkiyəyə bəzi mesajlar verilə bilər: “Digər tərəfdən məhz TUSAŞ-ın hədəf alınması kifayət qədər ciddi mətləblərdən xəbər verir. Belə ki, bu qurum 50 ilə yaxındır fəaliyyət göstərir. Xüsusilə son illər hərbi sənaye kompleksi sahəsində, müdafiə sənayesində Türkiyənin qazandığı uğurlar və bu uğurlarda TUSAŞ-ın önəmli payının olması da onun hədəfə alınmasına əsas səbəb olan məsələlərdən biridir. Belə ki, TUSAŞ son bir neçə ildə çox ciddi layihələr həyata keçirir. Bu layihələrin həyata keçirilməsi TUSAŞ-ı hədəfə gətirən səbəblərdən biri ola bilər”.
O.Qasımov terrora başqa səbəbin Türkiyənin yürütdüyü müstəqil xarici siyasətə qardaş ölkənin bir çox ənənəvi tərəfdaşları tərəfindən duyulan narahatlıq olduğunu dilə gətirib: “Xüsusilə də hadisənin Türkiyə Prezidentinin BRICS toplantısında iştirak etdiyi zaman baş verməsi də bu səbəblərdən biri ola bilər. Yəni bu məsələlər üzərindən Türkiyəyə bir mesaj verilməyə çalışılır. Bütün bunlara baxmayarq 40 ildən artıqdır terrorla davamlı və effektiv mübarizə aparan Türkiyəni öz yolundan döndürmək mümkün olmayacaq və hesab edirəm ki, bu terror hadisəsinin təşkilatçıları, sifarişçiləri müəyyənləşdiriləcək və öz cəzalarını alacaqlar”.
“Türkiyə dövlətinə mesaj ünvanlayırlar”
Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, təkzibedilməz bir həqiqət var, o da bundan ibarətdir ki, bütün dünyada beynəlxalq terror təşkilatlarının fəaliyyətində siyasi motiv birinci yerdə dayanır: “Terror aktı baş verdisə deməli, orada mütləq siyasi motiv var. Eyni yanaşmanı biz oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə müəssisəsində PKK terror təşkilatının törətdiyi terror cinayətinə münasibətdə də söyləyə bilərik”.
Deputat bildirib ki, ilk növbədə PKK terror təşkilatı Türkiyə hakimiyyətinə, Rəcəp Tayyib Ərdoğan hökumətinə siyasi mesaj ünvanlayır: “Onların davranışları əlaqələndirilmiş, koordinasiya edilmiş davranışdır. Həm də onlar Abdullah Öcalanın konkret şərtlər daxilində azad olunması kimi reallıqları da özləri üçün əsas götürürlər. Hesab edirəm ki, A.Öcalan ətrafında son müzakirə olunan proseslər fonunda da bu məsələyə yanaşırlar. Eyni zamanda, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ölməsindən sonra yaranmış yeni reallıq fonunda Türkiyə dövlətinə mesaj ünvanlayırlar. Özlərinin zəifləmədiklərini, var olduqlarını isbatlamaq istəyirlər”.
O qeyd edib ki, bununla da onlar Türkiyə hakimiyyətinə təzyiq göstərmək istəyirlər: “Bunun qarşılığında Türkiyə dövləti və onun silahlı qüvvələri İraqda və Suriyada terror təşkilatlarına qarşı artıq hava zərbələri endiriblər. Onların məntəqələri məhv edilir. Hesab edirəm ki, bu terror təşkilatları özləri üçün nəticə çıxarmalıdırlar”.
Deputat əlavə edib ki, hər halda onların heç biri Əl-Qaidədən güclü deyil: “Artıq terror təşkilatları siyahısında Əl-Qaidənin adına rast gəlmək çətin bir məsələyə çevrilib. Bu təşkilatın özü artıq fiaskoya uğramaqdadır. Həmçinin Yaxın Şərqdə İŞİD kifayət qədər güclü terror təşkilatı idi, meydan sulayırdı. İndi artıq onun da adına rast gəlmək olmur. Yəni onlar da siyasi səhnəni tərk etmək məcburiyətində qalıblar və hesab edirəm ki, oxşar aqibət uzaq olmayan tarixdə PKK-nı və PKK ilə bağlı olan siyasi dairələri də gözləyir. Həmçinin FETÖ terror təşkilatını da eyni aqibət gözləyəcəyini proqnozlaşdırmaq olar”.
“Hadisəni törədənlər cəzalandırılmalıdır”
Professor Rüfət Quliyev hansısa bir məqsədlə, maraqla fərq etməz, istənilən halda terror addımlarının hamısını pislədiyini vurğulayıb. O bildirib ki,indiki sivil ölkələrdə, yaşayışda hansısa problemləri terrorla həll etmək ağla batan deyil: “Bu, qeyri-məntiqlidir, faciədir. Ona görə ki, terror vaxtı mülki insanlar, uşaqlar həlak olur. Onların heç bir günahı yoxdur. Ona görə də dövlət, xüsusi orqanlar tərəfindən öncə terrorun qarşısı almalı, ondan sonra və hadisəni tapıb cəzalandırmalıdırlar. Terror halları yolverilməzdir”.