“Dünya qlobal müharibənin astanasındadır” Dünya

“Dünya qlobal müharibənin astanasındadır”

"Dünyada artıq fraqmental şəkildə böyük müharibə başlayıb". Bu sözləri politoloq Tofiq Abbasov dünyada baş verən seperatizm meyillərinin daha böyük müharibələrin yaranması ehtimalı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, ümumiyyətlə, son illər dünyada qaynar nöqtələrin, münaqişəli zonaların sayı artmaqdadır:"Bunların yaranmasına əsas səbəb beynəlxalq hüquq sistemində boşluqların olmasıdır. Məsələn, Azərbaycan uzun illərdir Qarabağ problemi ilə bağlı bütün dünyanı ayıltmağa çalışır. Dünyada sistemli şəkildə tədbirlər aparır, ölkəyə gələn bütün nümayəndələri - siyasətçiləri, dövlət rəsmilərini, diplomatları bu məsələnin həlli ilə bağlı prinsipial mövqelərini ortaya qoymağa çağırır. Bu problemin vaxtında həllinə nail olunmasa, daha böyük fəlakətlərin yaşana biləcəyini bildirir. Dünya diplomatiyası ilə məşğul olan ölkələrin, təşkilatların qəribə və anlaşılmaz təmkin, soyuqqanlılıq nümayiş etdirmələri artıq daha böyük problemlərin yaşanmasına şərait yaradıb. Dünyada son zamanlar baş verən bu hadisələr daha başqa faciələrin başlanğıcı ola bilər. Əgər dünyanın bir nizamı varsa, ölkələr buna qeyd-şərtsiz əməl etməlidir".
Politoloq qeyd edib ki, hazırda dünyada 100-dən artıq münaqişəli bölgələr var:
"Dünya artıq qlobal müharibələrin astanasındadır. Bir halda ki, dünyada qanunvericilik, qanunlar işləmir, beynəlxalq və hüquqi aktların qüvvəsi yoxdur, orada güc strukturu özünü göstərməlidir. Ölkələrin tərkibində olan muxtar vilayətlərin müstəqillik istəyinin baş qaldırması yeni münaqişəli zonaların artacağından xəbər verir. Referendum keçirilən ölkələr arasında İraqın şimalında müharibənin alovlanması daha çox ehtimal olunur. Çünki kürdlərin müstəqillik elan etmək istədiyi bölgə çox əhəmiyyətlidir. İkincisi isə həmin bölgənin yaxınlığında da bir neçə münaqəşəli yerlər (İraq, Suriya, İsrail-Fələstin məsələsi) var. Bölgələrdə yaranan xaosdan istifadə edən qüvvələr də az deyil. Qaynar münaqişə bölgələrinin olması bəzi fövqəlgüclərin silah ticarətini genişləndirməsinə səbəb olur. Baş verən hadisələr daha çox böyük, güclü qüvvələrin fitnəkarlığı ilə əlaqəlidir. Ona görə də güc mərkəzləri hər zaman münaqişəli vəziyyətlərə soyuqqanlı yanaşır. Onlar vaxtında baş verən hadisələrin qarşısını almaq əvəzinə, vəziyyəti daha da qızışdırmağa çalışırlar. Bunu Dağlıq Qarabağ problemi zamanı da müşahidə etmişik".
Politoloq vurğulayıb ki, hazırda dünyada olan vəziyyəti qlobal müharibə şəraiti kimi də qiymətləndirmək yerinə düşər:
"Şimali Koreyadan başlayaraq, Aralıq dənizinə qədər olan bölgələrin hamısında münaqişə zonalarının sayı getdikcə artmaqdadır. Avrasiya materikində böyük bir məkan, böyük bir ərazi demək olar ki, separatizmə qərq olub. Ancaq bu vəziyyət heç kəsdə narahatlıq yaratmır".
Qeyd edək ki, Kataloniya və İraq Kürd Muxtariyyətindəki müstəqillik referendumlarından sonra dünyanın bir sıra ölkələrində xalqların öz müqəddaratını təyinetmə məsələsi yenidən gündəmə gəlib.