İrana gedən yol.... Dünya

İrana gedən yol....

"İrana gedən yol Ermənistanı ABŞ sanksiyalarına məruz qoyacaq". Bu sözləri "Baku Netvörk" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
"Bildiyiniz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırıb. Belə ki, İrəvana Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi və s. üçün ümumilikdə 732 milyon avro dəstək göstəriləcək. Hesab edirəm ki, İrəvan hər zaman olduğu kimi bu dəfə də məqsəddən yayınacaq və 15 il bundan öncə hazırlanan planı - Ermənistanın şimalından İran sərhədinə yolun çəkilməsini nəzərdə tutan layihəni reallaşdırmağa və onun üzərindən qazanc əldə etməyə cəhd edəcək".
Politoloq qeyd edib ki, Paşinyanın bu təşəbbüsü Ermənistanın ABŞ tərəfindən cəzalanmasına səbəb olacaq:
"Bildiyiniz kimi, bir sıra Avropa ölkələri Vaşinqtonun İranın maraqlarına qarşı sanksiyalara qoşulmaq istəmir. Hətta bir sıra beynəlxalq ekspertlər AB-nin bu layihəsini ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı getmək kimi dəyərləndirirlər. Bu mənada siyasi intriqaya meyilli olan yeni İrəvan hökumətinin Vaşinqton və Brüssel arasında münaqişəni alovlandırmaq niyyəti ona baha başa gələ bilər. Belə ki, İrana avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi Ermənistanın ABŞ sanksiyalarına məruz qalması ilə nəticələnəcək".
Politoloq sözügedən layihədən sonra Ermənistanda üçtərəfli formatlarla bağlı ideyaların yaranmasına da toxunub:
"AB-nin layihəsindən sonra İrəvanda İran-Ermənistan-Gürcüstan "geosiyasi ox"unun formalaşması barədə danışırlar. Bu mənada Paşinyanın Gürcüstanın baş naziri ilə qeyri-rəsmi görüşü heç də təsadüfi deyildi. Təbii ki, Paşinyanın Gürcüstan səfərində bu istiqamətdə müzakirələrin getdiyinə şübhə yoxdur. Hətta hazırda İran istiqamətində də əlaqələrin intensivləşdirilməsi gözlənilir. Belə ki, Paşinyanın İrana səfərinin təşkil edilməsi istisna edilmir. Ancaq Paşinyan hər iki halda uğursuzluğa düçar olacaq. Çünki belə bir format ümumiyyətlə Tiflis üçün maraqlı deyil. Gürcüstan Paşinyanın bu təklifinə yalnız Ermənistan Rusiya tabeçiliyindən çıxdıqdan sonra müsbət yanaşa bilər. Təbii ki, bu da indiki halda mümkün deyil".
Qeyd edək ki, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Vəsait 2030-cu ilə qədər Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək. Layihə çərçivəsində ən az vəsaitin Ermənistana verilməsi nəzərdə tutulur. Belə ki, İrəvana 732 milyon avro ayrılıb ki, bu vəsaitin də 450 milyonu Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi üçün istifadə olunacaq.