“Poroşenkonun rəqibləri güclüdür” Dünya

“Poroşenkonun rəqibləri güclüdür”

"Ukraynanın hazırki prezidenti Petro Poroşenko ikinci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini Kiyevdə təşkil etdiyi tədbirdə açıqlayıb. Nəzəri cəhətdən Poroşenko ikinci dəfə prezident seçilmək şansını itirməyib, ancaq bu şans yüksək deyil, rəqibləri güclüdür". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Petro Poroşenko verdiyi vədlərin əksəriyyətini yerinə yetirmə bilmədi: "Ancaq bunun obyektiv səbəbləri var. Qarşısında Rusiya kimi dövlət var və ona hər vəchlə mane olurdu. Buna baxmayaraq, Poroşenkon prezident olduğu müddətdə dağılan ordunu və təhlükəsizlik sistemini bərpa etdi, ordunu silahlandıra bildi. Ancaq iqtisadiyyatda və sosial sahədə dönüş yarada bilmədi. Təsadüfi deyil ki, bugünkü mərasimdə əvvəllər onu dəstəkləyən tanınmış ictimai və siyasi xadimlərin çoxu, o cümlədən keçmiş prezidentlər Kuçma və Kravçuk zalda yox idi, onlar prezidentliyə əsas namizəd Yuliya Timoşenkonun bir neçə gün əvvəlki tədbirinə qatılmışdılar. Yəqin onlar qalib kimi artıq Yuliya Timoşenkonu görürlər. Elə bilirlər ki, populist Timoşenko hakimiyyətə gəlsə əlləri bala batacaq".