Ağ Ev Hindistan əsgərlərini öldürənləri cəzalandırmağa çağırır Dünya

Ağ Ev Hindistan əsgərlərini öldürənləri cəzalandırmağa çağırır

Birləşmiş Ştatlar Pakistanı hindistanlı əsgərlərə hücuma görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb. Bu çağırış İslamabadla Dehli arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir. Fevralın 14-də mübahisəli Kəşmir regionunda törədilmiş hücumda 40-da artıq hindistanlı əsgər öldürülüb. Bu hücuma görə məsuliyyəti Pakistanda mənzillənən Xalis Məhəmməd (JeM) yaraqlı qrupu üzərinə götürüb. Hindistan Pakistana bu intiharçı hücuma cavab verəcəyi ilə hədələyib.
"Hindistan hökumətilə sıx kommunikasiya yaradırıq, təkcə başsağlığı deyil, Hindistanın terrorçuluqla mübarizəsində ona güclü dəstəyimizi də ifadə edirik", – Dövlət Departamentinin sözçüsü Robert Palladino fevralın 19-da jurnalistlərə deyib. "Pakistanı hücumun təhqiqatı ilə tam əməkdaşlıq etməyə, məsuliyyət daşıyanları cəzalandırmağa çağırırıq", – o, sözlərinə əlavə edib.
Hindistan da Pakistanı hücumun arxasında duranlara qarşı tədbir görməyə çağırıb. Pakistanın Baş naziri Imran Xan Dehlinin təqdim etdiyi istənilən dəlili araşdırmağı təklif etsə də, Hindistan bunu rədd edib.