Putin Qərbə meydan oxuyur Dünya

Putin Qərbə meydan oxuyur

Rusiya prezidenti Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək

Cavid

Başda prezident Putin olmaqla, Rusiya rəsmilərinin Krıma səfərləri Ukrayna rəhbərliyinin narazılığına səbəb olub. Rəsmi Kiyev Rusiya tərəfindən işğal edilən Ukrayna ərazisinə Moskva rəsmilərinin icazəsiz səfərlərinə etiraz edib. Rusiya rəsmiləri isə Krım səfərlərini burada yaşyan əhalinin sosial şəraitinin yaxşılaşdırılması və rəsmi Moskva tərəfindən yardımların çatdırılması ilə əlaqələndirib.
Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədri Aleksey Puşkov da bəyan edib ki, yaxın günlərdə Krım sakinləri ilə görüşəcək.
"Keçmiş Ukrayna vətəndaşlarını bu ölkənin şərqindəki vəziyyət maraqlandırıb. Rusiyanı Ukrayna ilə müharibədən bircə addım ayırır. Buna görə də ölkəmiz ehtiyatla hərəkət etməlidir. ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişəni uzun müddətə uzatmaq məqsədi güdürlər" - A.Puşkov belə deyib.
Rusiya prezidenti Vladimir Putin isə bu ilin mart ayında keçirilən referendumdan sonra Ukraynadan qoparılan Sevastopol şəhərinə gəlib.
"RİA-Novosti" xəbər agentliyinin verdiyi məlumata görə, Putin burada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirəcək.
Müşavirənin Rusiya Federasiyası Qara dəniz donanmasının qərargahında keçiriləcəyi bildirilir. Putinin müşavirədə Krımın müdafiəsi ilə bağlı Qərbə önəmli mesajlar verəcəyi gözlənilir.
Rusiya prezidentinin Krıma yarımadasına işgüzar səfəri bu gün başa çatacaq. Ukrayna xarici işlər nazirinin müavini Danil Lubkivski Rusiya rəhbərliyinin Krıma səfərinin qəbuledilməz olduğunu bildirib.
Ukraynada isə separatçılara qarşı hərbi əməliyyatlar davam etməkdədir. Dünən Ukrayna hərbçiləri Rusiyadan silah və muzdluların çatdırılmasının qarşısını alıb.
Unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, antiterror gücləri Donetsk şəhəri ətrafında terrorçulara qarşı hücumlarını davam etdirib. A.Lısenko şəhərin mühasirəsini daraltmağa və terrorçuların bu vaxta kimi istifadə etdiyi yolları kəsməyə müvəffəq olduqlarını deyib.
A.Lısenko Şaxtyorsk rayonun müdafiə edən terrorçuların silah və ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirib.
Ukrayna Milli Qvardiyasının bölmələri isə Luqansk yaxınlığındakı Qorskoye yaşayış məntəqəsini terrorçulardan azad edib. Bu haqda Ukrayna Milli Qvardiyasının mətbuat xidməti xəbər yayıb.
Şəhər administrasiyası binasının üzərinə Ukrayna bayrağı qaldırılıb. Ukrayna hərbçiləri şəhərin ətrafında blokpostlar qurub. Yaşayış məntəqəsi azad edilərkən şəxsi heyət arasında itki baş verməyib.
Dünən yayılan məlumatlarda o da bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən, qondarma "Donetsk Xalq Respublikası"nın "müdafiə naziri" İqor Strelkov ağır yaralanıb.
Unian.net saytının verdiyi məlumata görə, bu barədə terrorçuların saytı olan "Novorossiya" agentliyi bildirib.
Onun hazırda harada olduğu və vəziyyətinin necə olması barədə əlavə məlumat verilmir. Qeyd edək ki, İ.Strelkov özünü "Donetsk Xalq Respublikası"nın "ali baş komandanı" elan etmişdi. Onun ilk "qərarı" isə Rusiyadan hərbi yardım barədə müraciəti olub.
Bu arada bəzi rus politoloqlar rəsmi Moskvanın üçüncü dünya müharibəsinə başlaya biləcəyi iddiası ilə çıxış ediblər. Lakin əksər ekspertlərin rəyinə görə, belə cəfəng fikirlər xaricə yox, daxilə yönəlib. Vladimir Putinin politoloq ordusu Rusiya Federasiyası vətəndaşlarını inandırmağa çalışır ki, Rusiya superdövlətdir və Vladimir Putin "3-cü dünya müharibəsinə başlayacaq qədər cəsur dövlət başçısıdır".
Politoloqlar bu fikri öz vətəndaşlarına sırımaqla, Putinin daxildə reytinqini artırmağa və ölkədə sanksiyaların nəticələrindən yarana biləcək narazılıqların qarşısını almağa, eləcə də Kremlin Ukrayna siyasətinin geniş kütlə tərəfindən himayə edilməsinə nail olmağa səy göstərirlər. Həqiqət isə ondan ibarətdir ki, Rusiya qlobal yox, regional gücdür. Bu güc yalnız keçmiş SSRİ məkanı ilə məhdudlaşır. Və regional güc olaraq keçmiş SSRİ məkanında, məsələn Ukraynada, cənubi Qafqazda, Orta Asiyada qılınc oynada bilər və bu ölkələrə təzyiq göstərmək imkanındadır. Ancaq Rusiya Qərbi qorxudacaq qədər güclü deyil. Çünki qlobal miqyasda Rusiyanın imkanları məhduddur.