“İranda şiə məzhəbinə inananların azalması 40 illik şəriət hakimiyyətinin nəticəsidir” Dünya

“İranda şiə məzhəbinə inananların azalması 40 illik şəriət hakimiyyətinin nəticəsidir”

İranda toplum davranışlarını təhlil və ölçmə qrupunun (GAMAAN) bu yaxınlarda keçirdiyi sorğuya əsasən, İran toplumunda dini inanclar, xüsusilə şiəliyə inam ciddi şəkildə zəifləyib. “Amerikanın Səsi”nə danışan siyasi şərhçi Cəlal Rövşənin fikrincə, bu, 40 illik şəriət hakimiyyətinin təbii nəticəsidir. Sorğuda iştirak edən təqribən 50 min iranlının 90 faizi ölkə daxilindən sorğuya qatılıb. Bunlardan yalnız 32 faizi özünü şiə tanıyıb. İslam Respublikasının rəsmi qurumları isə şiə məzhəbinə inanan əhalinin 90 faizin üzərində olduğunu önə çəkir.
Cəlal Rövşən deyir ki, “şəriətlə idarə olunan və xüsusilə uzun bir müddət idarə olunan bir toplumda təbiidir ki, insanlar öz dini və məzhəbi inanclarından uzaqlaşsınlar və ya hakim olan məzhəbin hakimiyyətindən çıxmaq istəsinlər. İran da açıq-aşkar bir şəriət sistemidir. İslam-şiə şəriətinin əsasında qurulmuş və 40 ildir bu şəkildə idarə olunan bir sistemdən bəhs edirik.”
Rövşən əlavə edir, “bu sistemdə də ölkənin necə idarə olduğu, insanların işləri, aşları, təməl haqq və özgürlükləri mövzusunda necə vəziyyətdə olduqları hərkəsə aşkardır.” Siyasi şərhçi İranda internet üzərində sorğu keçirməyin çətinliklərinə diqqət çəkərək GAAMAN-ın önəmli bir layihəyə imza atdığını ifadə edir. O, eyni zamanda sorğuda şəxsi inanc məsələsinin şəriət hakimiyyətinə inam məsələsindən konkret şəkildə ayırd edilmədiyini önə çəkir.
“Araşdırmada iki önəmli məsələni bir-birinə qarışdırıblar. Bir, insanların şəxsi olaraq, mənəvi olaraq, dinə və məzhəbə mənfi ya müsbət baxışı. İkinci məsələ, bunu dövlət və hakimiyyət səviyyəsində araşdırmaq. Bunlar fərqli mövzulardır. Bir-birinə qarışmaması lazimdir. Bir insan dindar ola bilər, eyni zamanda laik də ola bilər. Yəni hər hansı bir dinin və məzhəbin hakimiyyətə qarışmasını istəməyə bilər,”- Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti söyləyir.
Sorğuya iştirak edənlərin 68 faizi qanunvericiliyin dini hökmlərə görə formalaşmasına qarşı olduqlarını, 15 faiz isə bunu dəstəklədiklərini bildiriblər. Cəlal Rövşən 68 faizin ciddi bir rəqəm olduğunu vurğulayır: “Bu özü ciddi bir rəqəmdir. Mənim üçün açıqcası bu anketin ən önəmli nöqtəsi də elə budur. Bunu düşənərək ki, 1979 ilində İran toplumu İslam Respublikasına bəli deyib. Yəni sandıqdan (31 mart 1979 referendumu) 99 faiz çıxdı. Buna görə, bu 68 faiz rəqəmi 40 il sonra bizə çox şeyləri anladır.”
Siyasi şərhçi əlavə edir ki, “burada bir də şiəliklə persliyin, yəni fars milliyyətçiliyi və Arya irqi ideyasının çox yaxın əlaqəsini görürük. Bunları bir-birinə toxuyublar. Bizim önümüzə Aryaçılıq məsələsini qoyduqları zaman, onun yanında şiəçilik məsələsini də qoyurlar.”