“Dərviş” Parısı partladır və ya Fransa müharibə vəziyyətində... Dünya

“Dərviş” Parısı partladır və ya Fransa müharibə vəziyyətində...

Avropanı terror xofu bürüyüb, Olland terrorçulara qarşı əməliyyata 90 min polis və əsgər cəlb edib

Britaniya kəşfiyyatı: "Suriya terrorçuları Qərbə qarşı genişmiqyaslı terror aktları hazırlayırlar"

Fransanın "Charlie Hebdo" satirik jurnalının redaksiyasında 12 nəfərin ölümü ilə nəticələnən terror aksiyasının törədilməsindən sonra bütün ölkəni, hətta bütövlükdə Avropanı terror xofu bürüyüb. Bir tərəfdən ölkənin bütün güc strukturları iki terrorçunu yaxalamaq üçün səfərbər olunur, o biri yandan Fransanın ayrı-ayrı bölgələrindən yeni terror fəaliyyətləri barədə məlumatlar gəlir.
Dünən Parisin şərqində yaranan qarşıdurmada iki nəfər girov götürülüb, bir neçə nəfər isə yaralanıb. Bu barədə Fransa daxili işlər naziri Bernard Kazeneuve açıqlama verib. Nazirin sözlərinə görə, Parisin şərqindəki Dammartin-en-Goële bölgəsində artıq polis əməliyyata başlayıb.
Şahidlərin sözlərinə görə, sözügedən bölgədə iki silahlı adı çəkilməyən şirkətin binasına hücum edib. Şirkətin işçilərindən bir nəfər girov götürülüb, bir neçə nəfər isə yaralanıb.
Hadisənin yaşandığı bölgədə xüsusi polis qruplarının və helikopterlər hazırlıq vəziyyətinə gətirilib.
"Le Parisien" qəzeti isə xəbər verib ki, Ena və Uaza departamentlərinin cənubunda "Charlie Hebdo" jurnalının redaksiyasına hücumda şübhəli bilinənlərin saxlanması zamanı baş veən atışmada iki nəfər ölüb, 20 nəfər yaralanıb. Paris prokurorluğu isə ərazidə baş verən atışma zamanı iki nəfəri ölməsi barədə informasiyanı təkzib edib.
Parisin şərq hissəsində də "Kalaşnikov" avtomatı ilə silahlanmış naməlum şəxslə polis arasında atışma baş verib. "France Presse"in verdiyi xəbərə görə, həmin şəxs bir nəfəri girov götürüb. Polis onun yanvarın 8-də Monruj şəhərində bir qadın polisin ölümü ilə nəticələnmiş silahlı insident törədən şəxs olduğunu istisna etmir. "Reuters" hadisə zamanı 1 nəfərin yaralandığı haqda xəbər yayıb.
Dünən gün ərzində Fransa polisi terrorçuların yaxalanması istiqamətində əməliyyat keçirib. Fransa daxili işlər naziri əməliyyatı xüsusi təyinatlı polis dəstəsinin və jandarmeriyanın antiterror bölmələrinin həyata keçirdiyini deyib. B.Kaznev qeyd edib ki, təhlükəsizlik qüvvələrinin ümumi səfərbərliyi elan edilib. Fransa polisi içində "Charlie Hebdo" jurnalına hücumda şübhəli sayılan şəxslərin olduğu ehtimal edilən bir avtomobili izləyib. Avtomobildən polislərə atəş açıldığı və şübhəlilərin əlində ən az bir girovun olduğu bildirilib. Terrorçulara qarçı əməliyyata 90 min polis və əsgər cəlb edilib. Əməliyyat bölgəsində insanların küçələrə çıxması qadağan edilib.
Əməliyyatın gedişində təqib olunan Səid və Şərif Kuaşi qardaşları polislərlə telefonda danışıblar. Qardaşlar polisə "təslim olmayacağıq, şəhid olmaq istəyirik, ölməyə hazırıq" deyiblər.
Qeyd edək ki, şübhəlilərin tutulması əməliyyatı ilə bağlı məlumatlar da ziddiyyətli olub. Belə ki, bundan əvvəl terror aktına görə şübhəli hesab olunan Şərif və Səid Kuaşi qardaşlarının Parisin 50 kilometr cənubunda yerləşən Dammarten-an-Qoel departamentində CDT sənaye zonasında bir binada mühasirəyə alındığı xəbəri yayılmışdı.
Bu arada Böyük Britaniyanın Mİ5 əks-kəşfiyyat xidmətinin müdiri Endrü Parker bəyan edib ki, Suriya terrorçuları Qərbə qarşı genişmiqyaslı terror aktları hazırlayırlar.
Endrü Parkerin sözlərinə görə, Suriyada hazırda Böyük Britaniyanın ən azı 600 vətəndaşı vuruşur və onlar ölkənin təhlükəsizliyi üçün potensial təhlükə təşkil edirlər. "İslam Dövləti" (İŞİD) haqqında danışan Mİ5 rəsmisi qeyd edib ki, ekstremist qruplaşma orta əsr ideologiyasına tərəfdar olsa da, hədəflərinə çatmaq üçün müasir texnologiyalardan, xüsusilə sosial şəbəkələr və kommunikasiya vasitələrindən istifadə edir.
"The Guardian" qəzetinin yazdığına görə, Endrü Parker terror təhlükəsi ilə mübarizə üçün hökumətdən xüsusi xidmət orqanlarının səlahiyyətlərinin genişlənildirilməsi barədə xahiş edib. MI5 başçısı terror aktları ehtimalının artdığını, amma xüsusi xidmət orqanlarının terrorçuların danışıqlarını izləmək imkanlarına malik olmadığını bildirib.
Fransa prezidenti də ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etmir. Terrorçulara qarşı əməliyyata rəhbərlik edən F. Olland Fransanın sülhü möhkəmləndirmək istəyən bir ölkə olduğunu vurğulayıb: "Hücum edən şəxslər hələ tutulmayıb, əməliyyat davam edir. Hazırda əlimizdən gələn edirik, ölkəmizi qorumağa çalışırıq".
O bildirib ki, dekabr ayından indiyədək müxtəlif kəşfiyyat məlumatları əldə olunub. F. Ollanda Fransanın yeni hücumlarla üzləşəcəyini istisna etməyib: "Bu hücumlardan sonra müxtəlif bölgələrdə nümayişlər olacaq. Buralarda təhlükəsizlik təmin olunmalıdır və xalqımız terrora qarşı mövqeyini ortaya qoymalıdır. Təkcə Parisdə deyil, kəndlərdə belə nümayişlər keçirilir. Hər kəs terrora qarşı bir olmalıdır. Fransa güclü dövlətdir, biz öz vətəndaşlarımızı qoruyacağıq".
"Frans Press"in verdiyi məlumata görə, ölkənin baş naziri Manuel Vals deyib ki, Fransada mövcud terror təhdidi ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülə bilər. Onun sözlərinə əsasən, Fransa terrorizmə qarşı müharibə vəziyyətindədir: "Biz dinə və sivilizasiyaya qarşı müharibə aparmırıq".