“Nardaranda baş verən hadisələr Azərbaycandakı tolerant mühitiə qarşı çevrilib” Hadisə

“Nardaranda baş verən hadisələr Azərbaycandakı tolerant mühitiə qarşı çevrilib”

Şahin İsmayılov: "Ölkəmizdə olan tolerantlıq mühiti dünyanın bir çox ölkələrinə nümunə göstərilir"

Nardaranda keçirilən əməliyyatlardan sonra artıq qəsəbədəki inzibati binalarda Azərbaycanın üçrəngli bayrağı dalğalandırılır. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülüb. Qəsəbənin ev və küçələrində divarlarda qara boyalı yazılar silinir, divarlar ağ boya ilə təmizlənir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də Nardaran qəsəbəsinə gələrək, İcra Hakimiyyəti qurumları tərəfindən qəsəbədə aparılan işlərə nəzarət edir. Qəsəbə və qəsəbə ətrafında Çevik Polis Alayı tərəfindən nəzarət davam etdirilir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov da qəsəbədə olub.
Məsələyə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib ki, İslam dini çox böyük dindir və bir çox millətlər, xalqlar, bu dini mənimsəyiblər. Onun sözlərinə görə, həmin xalqlardan biri də Azərbaycan xalqıdır: "İslamın həqiqi dini-ideoloji fəlsəfəsinin qəbul edildiyi ölkələrdə yerli xalqın özünün milli-mənəvi dəyərlərindən doğan fəlsəfə də ora əlavə edilib. Beləliklə də vahid dini-fəlsəfə, dini-ideologiya olan İslam ayrı-ayrı milli platformalarda yeni çalarlar, yeni keyfiyyətlər əldə edib. Kərbəla hadisəsi bizim tarixi-milli şüurumuz tərəfindən şərh edilməyib. Bu faciə bizim qonşumuz olan başqa bir xalqın maraqlarına cavab verdiyi üçün onlar tərəfindən şərh edilərək məzhəbə çevrilib və mənimsənilib. Həmin xalq bunu öz milli-mənəvi maraqlarını qorumaq üçün edib. Kərbəla hadisəsi tarixi bir faktdır və keçmişdə qalıb. Ona görə də müasir dövrdə milli şüurun, vətəndaşlıq şüurunun öndə olması vacibdir. Azərbaycanda yaşayan hər bir vətəndaşın dini və məzhəbi kimliyindən asılı olmayaraq, dövlət qarşısında konstitusion vəzifəsi, borcu var. Azərbaycanda din-etiqad azadlığı var. Lakin bu azadlığın sərhədi vətəndaşın öhdəçilik sərhədi ilə toqquşmalı deyil. Dini dünyagörüşümüz dövlətin qanunları ilə toqquşursa, buna heç bir halda bəraət qazandırmaq olmaz. Fikrimcə, ölkədə milli şüuru yüksəltmək lazımdır ki, təriqət və məzhəb şüurundan uzaq olaq".
Millət vəkili Şahin İsmayılov isə bildirib ki, son vaxtlar Nardaranda baş verən hadisələr Azərbaycandakı tolerant mühitiə qarşı çevrilib. Onun sözlərinə görə, bu əməliyyatlarla Azərbaycan dövləti öz vətəndaşının yanında olduğunu göstərdi: "Ölkəmizdə olan tolerantlıq mühiti dünyanın bir çox ölkələrinə nümunə göstərilir. Azərbaycanda çox gözəl dini mühit var, dövlət-din münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyev hər zaman müxtəlif dini tədbirlərdə, mərasimlərdə iştirak edir. Ölkə əhalisinin böyük bir hissəsi müsəlmandır, lakin buna baxmayaraq, biz də müxtəlif konfessiyalar da var. Belə olan halda müxtəlif dinlərə xidmət edən insanlar üçün ölkəmizdə kifayət qədər şərait yaradılıb. Lakin Nardaranda baş verən hadisələr dövlətimizə qarşı yönəlmiş bir təhdid və terror əməlləri idi. Dövlətimiz buna vaxtında reaksiya göstərdi. Əfsuslar olsun ki, bu əməliyyat zamanı orada iki polisimiz şəhid oldu. Burada ən ciddi göstərici o oldu ki, dövlətin özəyini sarsıtmağa, ölkə daxilindəki sabitliyi pozmağa cəhd göstərən bu kimi olyaların qarşısı alınıb və bundan sonra da alınacaq". Ş.İsmayılov deyib ki, Azərbaycanın hər hansı bölgəsi digərindən fərqli və xüsusi imtiyazlara malik deyil: "Ölkəmiz konstitusiya, qanunlar çərçivəsində idarə olunur və Azərbaycanın hər bir bölgəsində konstitusiya eyni qüvvəyə malikdir. Eyni zamanda onu deyə bilərəm ki, Azərbaycanda daxili stabilliyin, məzhəblərarası münasibətlərin pozulmasında xarici qüvvələrin də marağı var. Amma bizim hüquq-mühafizə orqanları vaxtında reaksiya verdilər. Bundan sonra da belə hadisələr olarsa, əminəm ki, dövlətin müvafiq qurumları, hüquq-mühafizə orqanları bunun qarşısını alacaq. Hesab edirəm ki, Nardaranda həyata keçirilən əməliyyatlar bu kəndin əhalisininin də bir qrupu terrorçudan azad olunmasına çox böyük töhfə verdi".