ƏƏSMN-də ABŞ-ın ölkəmizdəki səfiri ilə görüş keçirilib Hadisə

ƏƏSMN-də ABŞ-ın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib. Azərbaycan Prezidentinin ölkənin dinamik və hərtərəfli inkişafını stimullaşdıran siyasətinin uğurlu nəticələrini diqqətə çatdıran nazir hər bir ölkə vətəndaşının layiqli həyat və əmək şəraiti, sosial müdafiə sistemi ilə təmin olunmasının aparılan siyasətdə mühüm yer tutduğunu vurğulayıb: "Ötən dövrdə ölkəmiz BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya"sına, qadınlarla, uşaqlarla bağlı konvensiyalarına, BƏT-in əmək və məşğulluq sahəsində 57 Konvensiyasına, Avropa Sosial Xartiyasına, Avropa Şurasının Sosial Birlik üzrə Strategiyasına və s. sənədlərə qoşulub. Ümumilikdə Azərbaycan əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya, miqrasiya və digər sahələrdə sivil və demokratik dəyərləri təbliğ edən bütün beynəlxalq sənədləri ratifikasiya edib. Milli hüquqlar sistemi beynəlxalq normalar əsasında daim təkmiləşdirilir. Ölkədə cəmiyyətin hər bir üzvü üçün hər hansı ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə, sosial rifah xidmətlərindən yararlanma sahəsində bərabər imkanlar mövcuddur".
S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib: "Əhalisinin sayı 9,7 milyona yaxınlaşan ölkədə 2,3 milyondan çox insanın dövlət tərəfindən birbaşa sosial təminatı həyata keçirilir. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Məqsədyönlü dövlət proqramları ölkədə iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsinin məşğulluğuna imkan yaradıb. Uğurla aparılan iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi əmək bazarında sabitliyin qarşıdakı dövrdə də davam edəcəyinə əsas yaradıb". Nazir həmçinin əməyin ödənilməsində müsbət dinamikanın təmin edildiyini, orta aylıq əmək haqqının son 12 ildə 5,6 dəfədən çox, bu ilin 11 ayında 4,6 faiz artdığını bildirib.
Gənclərin məşğulluğu, sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının yaradılması sahəsində görülən işləri diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə sisteminin müasir və innovativ, şəffaf iş mexanizmləri əsasında qurulması üçün aparılan islahatlar barədə də məlumat verib: "Ötən il Azərbaycanda tətbiqinə başlanılan əmək müqavilələri üzrə elektron informasiya sistemi dünyada uğurlu təcrübələrdən biri kimi qarşılanıb. Elektron qeydiyyat sistemi əmək bazarına obyektiv və birbaşa nəzarətin həyata keçirilməsinə imkan verməklə, ən başlıcası, işçi hüquqlarının səmərəli müdafiəsi üçün mühüm vasitədir. Cəmiyyətdə bu sistemə böyük marağın nəticəsidir ki, təkcə bu ilin 11 ayında vətəndaşlar həmin sistemdən 1 milyon 829 min dəfəyə qədər faydalanıb. Yeri gəlmişkən, əmək müqavilələri üzrə elektron informasiya sistemində qeydiyyatda olanların 150 nəfəri ABŞ vətəndaşlarıdır".
S.Müslümov nazirliyin tabeliyində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət göstərdiyini, mərkəz tərəfindən təkcə cari ilin ötən dövründə 57 nəfər insan alveri qurbanının və insan alverinin qurbanına çevrilmək riski olan 19 nəfər şəxsin maddi, tibbi, hüquqi, psixoloji və s. yardımlarla təmin edildiyini diqqətə çatdırıb. Nazir insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq, aparılan işlər, bu mövzu ilə bağlı ictimai məlumatlandırma tədbirləri barədə də məlumat verib. Azərbaycanda uşaq əməyi ilə bağlı milli qanunvericiliyin də beynəlxalq prinsiplər əsasında təkmilləşdirildiyini vurğulayan S.Müslümov ölkənin Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin əmək, həmçinin onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasının qadağan edildiyini bildirib. O, aidiyyəti hökumət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq şəraitində aparılan işlərin müsbət nəticəsi kimi respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimuma endiyini qeyd edib.
R.Sekuta həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası yönündə ölkəmizdə məqsədyönlü işlərin aparıldığını, xüsusən Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətinin əhəmiyyətini, həmin mərkəzdə olaraq orada aparılan işlərlə yaxından maraqlanmaq istədiyini bildirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-ci ilin dekabrında istifadəyə verilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin həmin gənclərin peşə və ümumən sosial reabilitasiyasında mühüm rol oynadığını qeyd edın nazir mərkəzdə indiyədək artıq 640-dək sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğunu, onların mərkəzdə müxtəlif peşələrə yiyələnməklə bərabər, yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin edildiklərini diqqətə çatdırıb.
R.Sekuta Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilməsini, son illərdə respublikada əmək və sosial təminat sistemində aparılan islahatları yüksək dəyərləndirib. Səfir gələcəkdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın qurulması, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün onun tərəfindən səylər göstəriləcəyini vurğulayıb. Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.