“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nın yeni layihəsi Hadisə

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nın yeni layihəsi

"SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası" İctimai Birliyi "Ailə qayğısından məhrum olma riski altında olan uşaqlar arasında maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin icrasına start verib. İctimai Birlikdən bildiriblər ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılır.
Layihə çərçivəsində "İşsiz himayədarların fərdi kiçik sahibkarlıq və ya özünü məşğulluq fəaliyyətinə başlamaları üçün səriştələrin və biliklərinin artırılması" mövzusunda avqustun 29-dan keçirilən təlim sentyabrın 3-dək davam edəcək. Təlimləri sahibkarlıq və biznes planın yazılması üzrə ekspert Elxan Məmmədov keçirir. Məqsəd fərdi kiçik sahibkarlıqla məşğul olmaq istəyən himayədarların bu sahədə məşğulluq imkanlarının əldə olunması üçün məlumatlılığın, bilik və bacarıqların, səriştələrin artırılması istiqamətində maarifləndirilməsidir.
Təlimlərin yekunu olaraq 20 işsiz himayədarın məşğulluq potensialları araşdırılacaq və onlarla peşəyönümlü məsləhətləşmələr aparılacaq. Məşğulluq və özünü məşğulluq imkanlarının əldə olunması üçün məlumatlar veriləcək, bilik və bacarıqlar, səriştələr artırılacaq. On işsiz himayədarın əmək bazarında münasib işlərlə təmin olunması üçün müvafiq qurumlara və xidmət təşkilatlarına, 5 işsiz himayədar isə peşə və yaxud ixtisasartırma kurslarına yönləndiriləcək. 15 işsiz himayədar isə fərdi kiçik sahibkarlıq və ya özünü məşğulluq fəaliyyətinə başlamaları üçün təlimatlandırılacaq.
"SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası" İctimai Birliyi əsası 1949-cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş "SOS Children‘s Villages International" humanitar təşkilatının bir üzvüdür. "SOS Children‘s Villages International" təşkilatı valideyn himayəsindən və qayğısından məhrum uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq, daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.